203
15:25, Bu gün

"Satıcılar baxdılar, bəyəndilər, razılaşdılar, amma icarəsi..." - “Eurohome”un direktoru

Xəbər verdiyimiz kimi, “Keşlə bazarı” Dərnəgüldə yerləşən “Eurohome” tikinti materialları bazarına köçürüləcək. Hazırda ərazidə yeni bazarın inşası üçün işlər görülür.
 
Teleqraf.com-un əməkdaşı bazarın tikildiyi ərazidə olub.
 
Ərazidə aparılmaqda olan işlərə nəzarət edən “Eurohome” tikinti materialları bazarının direktoru Nizami Əsgərov işin qısa müddətdə başa çatması üçün əllərindən gələni etdiklərini deyir: “Bu ayın sonuna bazarın təmirinin yekunlaşdırılması planlaşdırılır. Bazar tam hazır olandan sonra “Keşlə bazarı”nda nə varsa, bura yerləşdiriləcək. Satıcılar hər gün gəlib işin gedişi ilə maraqlanırlar. Alıcıların bazara rahat gəlməsi üçün şərait yaradılacaq. Bazarın ətrafını gediş-gəliş üçün uyğunlaşdırmağa çalışırıq. Əhatəni təmizləyirik, gördüyünüz kimi, dəmirlər çıxarılır”.
 
Nizami Əsgərov yeni bazarda icarə qiymətinin necə olacağıyla bağlı hələlik dəqiq məlumatın olmadığını deyir: “Bazarın nüməyəndəliyi ilə danışacağıq, hələ qiymətlər dəqiq deyil. Bölüşdürmə aparılacaq, gələsi adamların siyahısı tərtib olunacaq. Təmizlik işlərindən sonra nə qədər balıqçı, nə qədər ət, meyvə-tərəvəz satıcısı gələcək, buna əsaslanıb yerləşdirmə aparacağıq. Əsasən balıq, ət, meyvə-tərəvəz satışı olacaq. Hələ nəzərdə tutulan işlər tamamlanmayıb. Parklanma yeri də təşkil olunacaq. Müəyyən icarədarlarımızı başqa yerlərlə əvəz edirik ki, parklanma üçün yer və şərait olsun. Bir neçə yerdə “Keşlə bazarı”nın olduğu yeri göstərən lövhələr hazırlanır. Təmirdən sonra bu kimi işləri həll edəcəyik”.
 
Tikintidə çalışan digər bir şəxs səliqəli bazar tikilməsinə çalışdıqlarını deyir: “Satıcılar gəlib baxdılar, bəyəndilər. Geniş, təmiz bazar olacaq. Bura işlək ərazidir. "Keşlə bazar"ı ilə yaxın məsafədədir. "Keşlə bazarı"nın satıcılarına bir neçə yer təklif olunub. Ən çox buranı bəyəniblər”.
 
Satıcıların fikirlərini öyrənmək üçün “Keşlə bazarı”na yollandıq. Əksəriyyət “Eurohome”a köçməyə razı olduqlarını bildirsə də, vaxtın bir az da uzadılmasını istədiklərini söylədilər.
 
Tərəvəz satışıyla məşğul olan Amil Qurbanov yanvarın 25-dən bazarın söküntüsünə başlanılacağını dedi: “Məlumat verilib ki, Dərnəgüldəki “Eurohome”a köçürüləcəyik. Narazılığımız yoxdur, sağ olsunlar, nəzərə aldılar, vaxt verdilər, nisyələrimizi yığdıq. Bu ayın icarə haqqını da almadılar. İndi gözləyirik ki, bazar tam hazır olsun. Hamı getmək istəyir. Hələlik hamı əvvəl olduğu yerdədir”.
 
Digər satıcı Şövkət Bayramova hesab edir ki, mart ayına qədər vaxt verilsə, yaxşı olar: “Malımız satılıb qurtarmayıb, camaat narahatdır. Bazar alıcı üzünə həsrətdir. Mallar çürüyür, xarab olur. Köçürüləcəyimiz yer hələ hazır deyil. Ora müştəri yığana qədər mallar korlana bilər. Biz də istəyirik şəhərimiz gözəl olsun. Vaxtın Novruz bayramına qədər uzadılması yaxşı olardı".
 
Uzun illərdir "Keşlə bazarı"nda satıcılıq edən Bəsti Ağayeva da verilən müddətin artırılmasını arzulayır: "Sağ olsunlar, fevralın 1-nə qədər vaxt verdilər, bir az satış etdik. İndi yeni bazar tikilib hazırlanır. Çox yaxşı tikirlər, səliqəli, böyük bazar olacaq. Sadəcə vaxta görə narazıyıq. Artıq heç kim başqa yer axtarmır. Bilirik ki, yerimiz var. Kim gedəcək, kim qalacaq, bilmirəm, ancaq hamı ora yerləşə bilər, böyük yerdir. Bura ilə bir az məsafəsi var, amma yeri yaxşıdır. Avtobuslar bazarın yanından keçir. Deyilənə görə, hər tərəfi mağazalar olacaq”.
 
Qeyd edək ki, "Keşlə bazarı" Heydər Əliyev və Ziya Bünyadov prospektlərində nəqliyyat vasitələrinin sıxlığının azaldılması və hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə söküləcək. Bazarda sahibkarlıq fəaliyyəti ilə məşğul olan vətəndaşların çoxsaylı müraciətləri nəzərə alınaraq, söküntü işlərinin başlanılması bu ilin fevral ayının 1-nə qədər təxirə salınıb.
Link kopyalandı!
Son xəbərlər