Prezident yeni səfirin etimadnaməsini qəbul etdi - YENİLƏNİB + FOTO
343
17:19, Bu gün

Prezident yeni səfirin etimadnaməsini qəbul etdi - YENİLƏNİB + FOTO

Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 10-da Litvanın yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Kestutis Vaşkeleviçusun etimadnaməsini qəbul edib.
 
Moderator.az xəbər verir ki, səfir etimadnaməsini dövlət başçısına təqdim etdi.
 
Prezident İlham Əliyev səfirlə söhbət etdi.
 
Dövlət başçısı 2022-ci ildə Litva Prezidentinin Azərbaycana, 2023-cü ildə isə özünün Litvaya rəsmi səfərlərini, ötən ilin sonunda Gitanas Nauseda ilə telefon danışığını, həmçinin bundan əvvəlki dövrlərdə Litvanın dövlət başçıları ilə təmaslarını məmnunluqla xatırladı, bunların ikitərəfli münasibətlərin inkişafında vacib rol oynadığını qeyd etdi.
 
Səfirə Azərbaycanda fəaliyyətində uğurlar arzulayan Prezident İlham Əliyev ümidvar olduğunu bildirdi ki, onun səfirliyi dövründə əlaqələrin daha da genişlənəcək, əməkdaşlığın möhkəmlənməsi üçün yeni imkanlar müəyyənləşdiriləcək.
 
Xoş sözlərə görə minnətdarlığını bildirən Kestutis Vaşkeleviçus Litva Respublikasının Prezidenti Gitanas Nausedanın səmimi salamlarını və xoş arzularını dövlətimizin başçısına çatdırdı.
 
Dövlət başçısı salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Prezident Gitanas Nausedaya çatdırmağı xahiş etdi.
 
Səfir qeyd etdi ki, Litva Prezidenti onunla söhbəti zamanı Azərbaycanın oynadığı rolun önəmini vurğulayıb, ölkəmizlə əlaqələrin daha da möhkəmlənməsi istəyində olduğunu deyib, eyni zamanda, təyyarə qəzası ilə bağlı başsağlığını ifadə edib. Kestutis Vaşkeleviçus vurğuladı ki, Azərbaycan bu qəza zamanı xeyli sayda insanın həyatını xilas edən övladları ilə haqlı olaraq fəxr etməyə layiqdir.
 
Əlaqələrin tarixində iki ölkənin və xalqların bir-birinin müstəqilliyini, azadlığını dəstəkləməsinin əhəmiyyətini qeyd edən səfir bunun rəmzi məna daşıdığını dedi. O, Azərbaycanın və Litvanın XX əsrin sonlarında müstəqil olmasından sonra ikitərəfli münasibətlərimizdə böyük inkişafa nail olunduğunu vurğuladı. Səfir qeyd etdi ki, Litva Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin genişlənməsinə dəstək verməyə hər zaman hazırdır.
 
O, Azərbaycanın Ukraynaya göstərdiyi humanitar dəstəyi yüksək qiymətləndirdiklərini dedi, Litvanın Cənubi Qafqazda davamlı sülhü və inkişafı dəstəklədiyini vurğuladı.
 
Bu il iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinin qeyd edildiyini deyən Kestutis Vaşkeleviçus səfirlik fəaliyyəti dövründə münasibətlərimizin tarixində nümayiş etdirilmiş dostluq və həmrəylik ruhunda çalışacağını bildirdi.
 
Söhbət zamanı iqtisadiyyat, kənd təsərrüfatı və bərpaolunan enerji sahələrində əməkdaşlıq məsələləri də müzakirə edildi.
 
15:17
 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 10-da Litva Respublikasının ölkədə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Kestutis Vaşkeleviçusun etimadnaməsini qəbul edib.
 
Moderator.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb
Link kopyalandı!
Son xəbərlər