- Ümumiyyətlə, Ermənistanın və onun havadarlarının hazırkı destruktiv mövqeyi fonunda Qərbi Azərbaycana dinc yolla qayıdışı real hesab edirsinizmi?
- Ermənistan rəhbərliyinin və erməni xalqının Qərbi Azərbaycan qaçqınlarının öz ata-baba ocaqlarına qayıdışını əngəlləyə biləcəklərini real hesab etmirəm. Əgər qarşı tərəf bizim evlərimizə, kəndlərimizə dinc yolla qayıdışımızı təmin etsələr, özlərinin regionda qalıb yaşamaq şanslarını da təmin etmiş olarlar. Ata-baba yurdumuza qayıdışımıza mane olacaq, bunun qarşısını ala biləcək bir güc yoxdur. Azərbaycanı alternativ yollar axtarmağa məcbur etməsinlər. Biz dinc yolla qayıtmaq istəyirik.
- Fransa, ABŞ kimi qüvvələr özlərinin regional siyasətləri ilə həm də Qərbi Azərbaycana qayıdışa mane olmağa çalışırlar. İcma bu istiqamətdə hansı işləri görür?
- Fransa, ABŞ kimi dövlətlər 30 il ərzində Azərbaycana və xalqına qarşı edə bildikləri qədər düşmənçilik etdilər. Nəticəsi nə oldu? Azərbaycan onların bütün cəhdlərinə rəğmən, öz gücü ilə suveren ərazilərini işğaldan azad etdi, üstəlik, bölgədə 200 illik erməni strategiyasını darmadağın elədi. Bu məsələdə bizə mane ola bilməyənlər bundan sonra da heç bir məsələdə mane ola bilməyəcəklər. Xüsusilə Qərbi Azərbaycana qayıdış məsələsində. Qərbi Azərbaycana qayıdış bizim bütün beynəlxalq sənədlərdə təsbit olunan təməl hüququmuzdur və bu qayıdış olacaq!
- Qərbi Azərbaycan ərazisindəki Azərbaycan mədəni irsinin erməni mədəni irsi kimi təqdim edilməsi, ümumilikdə, erməni cəmiyyətində bu və digər formada azərbaycanofob münasibətin formalaşması barədə nə deyə bilərsiniz?
- Ermənilər təkcə Qərbi Azərbaycan ərazisindəki Azərbaycan mədəni irsini adlarına çıxmaqla kifayətlənmirlər ki? Erməni soyadlarının tədqiqatçısı kimi deyə bilərəm ki, onların 70 faizi Azərbaycan-türk, 25 faizi isə xristian və qədim alban adlarından ibarətdir. İçərisində də 5-10 erməni sözü ola, ya olmaya. O ki qaldı Qərbi Azərbaycandakı abidələrimizin erməniləşdirilməsinə, bununla onlar keçici bir dövr üçün ancaq özlərini aldadırlar, çünki o abidələrin müxtəlif tarixi mənbələrdə həm təsvirləri, həm də Azərbaycan xalqına mənsubluğu haqqında kifayət qədər məlumatlar var. Erməni cəmiyyətində bu və digər formada azərbaycanofob münasibətin formalaşması məsələsinə gəldikdə isə onillər, yüzillər boyu onları belə tərbiyə ediblər və bu "tərbiyə" onları çıxılmaz dalana dirəyib, bu dalanda vurnuxub qalıblar, bu dalandan çıxa bilmirlər, özlərini divardan-divara vururlar.
- İşğal dönəmində Ermənistan tərəfi Şuşada Yuxarı Gövhər Ağa məscidinin ona məxsus olduğunu iddia edirdi. İndi oxşar hal İrəvandakı Göy məscidlə bağlıdır. Bu kontekstdə fikirlərinizi bilmək istərdik.
- Göy məscid İrəvan sərdarı Hüseynəli xan Qacar tərəfindən 1764-cü ildə istifadəyə verilib. İrəvan şəhərinin mərkəzi məscidi olub, hətta İrəvan və Naxçıvan xanlıqları ərazisindəki məscidlərə din xadimləri buradan təyin olunublar. Bu məscidlə, onun fəaliyyəti ilə bağlı əlimizdə külli miqdarda sənədlər var. İndi bu gün ermənilərin onu özününküləşdirə bilməyib, "fars məscidi" kimi qələmə verməsi gülüş doğurur. Çünki İrəvan şəhərində tarix boyu farslar yaşamayıblar. Buranın əhalisinin Azərbaycan türkləri olduğunu inkar etmək ermənilərin Nuh peyğəmbərin guya ermənicə danışmasını iddia etmələri qədər gülüncdür.
- Ümumiyyətlə, dünya mediası Qərbi Azərbaycana qayıdış məsələsinə laqeyd münasibət bəsləyir. Sizcə, bu münasibətin kökündə nə durur?
- Əlbəttə, bu münasibətin kökündə ilk növbədə Azərbaycanın bir çox dünya güclərinin istəyinə rəğmən, 30 il işğal altında olan torpaqlarını azad edib suverenliyini bərpa etməsi durur. Həmin dövlətlər Azərbaycanın regionda müstəqil siyasət yeridən güclü ölkə olmasını hələ də həzm edə bilmirlər.
- Bu yaxınlarda ABŞ-nin Bakıdakı səfirliyi Ermənistanda Azərbaycan xalqının mədəni irsinin qorunması ilə bağlı ölkəsinin mümkün addımlarına dair suallardan yayındı. Bu barədə də fikrinizi bilmək istəyərdik.
- Burada təəccüblü heç nə görmürəm, əksinə, ABŞ-nin Bakıdakı səfirliyi Ermənistanda Azərbaycan xalqının mədəni irsinin qorunması ilə bağlı mümkün addımlarına dair suallardan yayınmasa idi, bu, təəccüb doğurardı. ABŞ-nin Bakıdakı səfirliyi durub nə desin? Desin ki, Azərbaycana qarşı Ermənistanın işğalçılıq siyasətini pisləmək əvəzinə, 30 il dəstəkləyiblər, ya çıxıb desin ki, Ermənistanda Azərbaycan xalqının mədəni irsinin dağıdılması prosesi dünyanın gözü qarşısında baş versə də, onlar buna göz yumublar? Hətta Ermənistan bu vandallıqları, bəlkə də, onlardan aldıqları vəsait hesabına edib. Bunu etiraf edə bilmirlər axı! Ona görə də suallardan yayınırlar, buna məcburdurlar.
- Milli Məclisdə Qərbi Azərbaycanla bağlı komissiyanın formalaşmasına münasibətiniz necədir və onun fəaliyyət istiqamətləri nədən ibarət olacaq?
- Milli Məclis Qərbi Azərbaycana qayıdış məsələsinə həmişə həssas münasibət bəsləyib. Bu günə qədər parlamentdə bu məsələ ilə bağlı altı dəfə ictimai dinləmə keçirilib. Buna görə spikerə, deputatlara təşəkkür edirik. Parlamentdə Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupunun yaradılmasını son dərəcə yüksək qiymətləndiririk. Bu, bizə Qərbi Azərbaycana qayıdış məsələsini parlament diplomatiyası vasitəsilə beynəlxalq müstəviyə çıxarmaqda çox böyük köməklik göstərəcək. Bu istiqamətdə artıq ilk uğurlu addımlarımızı atmışıq.