- "Bozbash Pictures" necə yarandı?
- Həmin dövrdə İlkin Həsəni "ATV Maqazin"in aparıcısı idi. Mən də musiqiləri, filmləri dublyaj edirdim. İlkinə dedim ki, gəl sənə bığ, saqqal qoyaq, guya sən mənim xalam oğlusan, rayondan gəlmisən, belə komedik bir şey çəkək.
- Yəni "Bozbash Pictures" sizin ideyanız olub?
- İlkinlə mənim birgə ideyamızdır, amma təklifi mən irəli sürmüşəm. Dedim, İlkin, elə edəcəyik ki, səni heç kim tanımayacaq. O vaxt ölkənin ən yaxşı qrim ustası vardı, Maqsud. O gəldi, bığ, saqqal qoydu. "Şəminin" o yaşıl kostyumu mənim qardaşımın 1993-cü ildəki nişan kostyumudur. O vaxt "Çal-çağır" verilişi var idi, deputatlar gəlib qalstuklarını qoyurdular. Oradan da bir qalstuk götürdük. "Şəminin" "Sportivni" şalvarını İlkin evdən gətirmişdi. Biz “Bozbaş Pictures”i ATV-nin ad günü üçün çəkmişdik. Daha sonra çox sevildi və başladıq xüsusi buraxılışlar etməyə. Elşən Orucov (“Fəlakət”) mənim köməkçim olub, onu da dəvət etdik. Rəhmətlik Azər Baxşəliyev “Çəkirəm haa”nın rejissoru idi. Veriliş bağlanandan sonra onu da “Ağsaqqal” kimi dəvət etdik. Nicat Rəhimov (“Şirin”) Rüfət Axundovun xalası oğludur. Rüfət dedi ki, mənim çox istedadlı xalam oğlu var, Yaşar Nuriyevin bacısı oğludur. Ən sonda isə İlkin Misgərli (“Qılman”) bizə qoşulub.
- Hazırda istedadlı aktyorlar yetişir? Mühitdən razısız?
- Bəli, razıyam. Həqiqətən, çox istedadlı aktyorlarımız yetişir. Amma istərdim sizə, ümumiyyətlə, gənclərdən, cəmiyyətdən danışım. Gənclər çox pozulub. Biz müəllimimizi uzaqdan görəndə qaçıb gizlənirdik ki, bizi həyətdə görməsin. Müəllimi bir valideyn, böyük kimi görürdük. Təkcə müəllimi yox, küçədə bir yaşlı insan, böyük görəndə qaçıb əlindəki ağır yükü alırdıq. Bu təkcə mənə yox, mənim yaş qrupumda olan hər kəsə aiddir. İndiki gənclər tam başqa bir mühitdə böyüyür. Bunun da səbəbi sosial şəbəkələrdir. Biri var ki, insan sosial şəbəkədə istedadını nümayiş etdirə, biri də var özünü göstərə. İstedad başqa şeydir, özünü göstərmək başqa. Bizim insanlar isə o özünü göstərənləri populyarlaşdırır. Bu da bizim xalqın bir hissəsinin İQ-sünün aşağı olmasından irəli gəlir. "Tik-Tok"da “Baboş”lara baxan gənc nəsil deyəcək ki, əgər bu məşhurdursa, mən də onlar kimi olub populyarlaşa bilərəm. Nəticədə gənclər çox pis örnək götürür. Bunların qarşısını almaq lazımdır.
- Ramil bəy, siz komediya ilə məşhurlaşmısız. Bəs ciddi bir obrazı canlandırmağı düşünmüsüz?
- Özüm həyatda çox ciddi bir insanam. Məni realda tanıyanlar deyirlər ki, bu insan o (Şöşü) ola bilməz. İnsanlar başa düşməlidir ki, obraz başqa şeydir, real həyat başqa. Əlbəttə, ciddi bir obrazı oynayaram. Bir ssenarim var, kimsəsiz uşaqlar üçün yazmışam. Siz onu oxusanız, ağlayarsız. Çox ağır bir ssenaridir. O filmi çəkməyi planlaşdırıram. Həmin işdə özüm rol almaq istəmərəm. Sadəcə bir dramatik səhnə var, onu özüm oynamaq istəyərdim. İnşallah, o filmi də həyata keçirəcəyəm.
- Nə vaxta planlayırsız o filmi?
- Bilirsiz ki, film büdcədən asılıdır. Hələ ki, sponsor axtarışı davam edir. Sizi inandırım ki, mən onu çəksəm, baxan ailələrdə münasibətlər çox dəyişəcək, hər kəs öz uşağının üzündən öpəcək.
- Siz uşaq yaşlarından valideynlərinizi itirmisiz. Bəlkə, bu ssenari həm də ona görə yaranıb?
- Xeyr, onunla bağlı deyil. Mən dramatik səhnələrə qarşı çox həssasam. Bəzən uşaqla, ailəylə bağlı adi hadisələrə belə baxanda göz yaşlarımı saxlaya bilmirəm. Bəlkə də, bu, mənim uşaqlıq yaram olduğu üçün belədir.
- Bəlkə, o ssenarinin qısa bir sinopsisini danışasınız?
- Filmdə populyar bir müğənni varlı oğlanı sevir. Bir gün bu qadın oğlana hamilə olduğunu deyir. Oğlan uşağı qəbul etmir və abort etdirməsini istəyir. Lakin qadın səhhəti yol vermədiyi üçün uşağı aldıra bilmir və məcburən dünyaya gətirir. Sonra onu gətirib kimsəsizlər evinin qarşısına qoyub gedir. O uşaq böyüyüb ana axtarışına çıxır. Bir neçə dəfə anasıyla qarşılaşır, kuryer kimi onun evinə gedir, amma onun anası olduğunu bilmir. Sonda bir-birlərinin kim olduğunu bilirlər, oğlan sevinə-sevinə anasının yanına qaçanda onu maşın vurur və o ölür. Burada mesaj odur ki, öz doğmalarınızın, övladlarınızın qədrini sağlığında bilin.
- 13 yaşında evdən qaçmısız… Həm də Kiyevə. Çox maraqlıdır, 13 yaşlı bir uşaq təkbaşına necə Kiyevə qədər gedə bilər?
- Evdən qaçanda Kiyevə qaçdığımı bilmirdim. Dəmiryolu vağzalına gəldim və gördüm ki, üç dənə qatar dayanıb. Ən rəngli və ən qəşənginə mindim. Elə bilirdim ki, bütün qatarlar bizim kənddəki evimizə gedir. Baxdım, heç kim yoxdur, gizlin girdim qatara. Tez qalxıb çanta qoyulan yerdə gizləndim. Elə oradaca yuxulayıb qalmışdım. Bir də gözümü açdım ki, qatar gedir və aşağıda sərnişinlər yeyib-içir. Çox həyəcanlı idim. Təzədən gizləndim. Sonra yenə yuxu tutdu. Gecə gördüm, kimsə ayağımdan tutub dartır. Sən demə, bələdçi imiş, görüb yuxarıdan ayaq sallanır, dartıb ki, görsün kimdir. Məni düşürüb soruşdu ki, burada nə işin var, haradan gəlmisən? Dedim ki, Bakıda minmişəm qatara. Məni apardı digər bələdçinin yanına, o da dedi, xəbərim yoxdur. Evdən qaçdığımı dedim. Qatar rəisinin yanına apardılar. Polis çağırmaq istəyirdilər. Sonra evdən niyə qaçdığımı dedim. Bələdçi dedi ki, heç kimə heç bir söz demə, səndən kim soruşsa, de ki, bacım oğlusan. Həmin o bələdçi ilə üç gün Kiyevə, üç gün də Bakıya yol gəldim. Gələndə AZTV-də şəkilim çıxmışdı: "Evdən çıxıb və bir daha qayıtmayıb".
- Evdən qaçma səbəbiniz nə idi bəs?
- Valideynlərim uşaq olanda dünyasını dəyişmişdi deyə, mənə bibim baxırdı. Evdən bir sənəd tapmışdım – bibimin məni övladlığa götürməsinə haqqında şəhadətnamə. İstəmirdim məni övladlığa götürsün. Ona görə qaçmışdım. Amma artıq övladlığa götürmüşdü.
- Hətta bibiniz sizə soyadını da vermişdi
- Bəli, mənim soyadım Hadıyev olub, sonra Babayev ediblər. Mənim iki doğma qardaşım var – Emin Hadıyev, ATV-nin rejissorudur və Elçin Hadıyev.
- Müəyyən bir kəsim sizi tənqid edir, deyirlər ki, sizin yumorunuz bayağıdır. Bu barədə nə deyə bilərsiz?
- Hər şey ideal ola bilməz. İnsanlar müxtəlifdir. Kimsə bayağı hesab edirsə, onun üçün elədir, tənqid edə bilər. Onun öz fikridir. Əsas olan kütlənin böyük hissəsidir. 10 nəfər bəyənir, bir nəfər bəyənmirsə, mən ona deyə bilmərəm ki, niyə bəyənmirsən. Biz “Bozbash Pictures”i illərdir çəkmirik, amma küçədə hər görəndə soruşurlar bu barədə. Adam var ki, deyir, sizin “Bozbash Pictures”lə böyümüşəm. 27 ildir televiziya sahəsində işləyirəm, müxtəlif verilişlərin aparıcısı olmuşam, neçə-neçə proyektin rəhbəri idim, lakin məni hamı “Şöşü” kimi tanıyır. Çünki o obraz çox sevildi.
- Ramil bəy, mənə həmişə maraqlı gələn şeylərdən biri də çəkiliş zamanı kadr arxasında baş verənlər olub. Hətta bəzən elə gəlir ki, kadr arxası bizim izlədiklərimizdən daha maraqlı olur. Çəkiliş vaxtı hansı yaddaqalan hadisələr olub?
- Əlbəttə, kadr arxası həmişə maraqlı olur. Bizdə çox maraqlı, gülməli hadisələr yaşanıb. Kadr arxası o qədər çətinliklərimiz olub ki. Dublyorluğu da həmişə özüm etmişəm. Bir dəfə çiyin sümüyüm sındı, amma çəkilişə davam etdim. Biz hava limanında bir çəkiliş edirdik. Şlaqbaumun üstündən tullananda yıxıldım, “körpücük” sümüyün ortadan qırıldı. O halda çəkilişə davam etdim. Sonra gördülər ki, vəziyyətim pisdir, qızdırmam var, məni apartdılar Travmatologiya institutuna. Orada dedilər ki, sümüyün ortadan qırılıb. Bəzən qarda ayaqlarımız suyun içində səhərdən axşamacan çəkiliş edirdik.
- Yeni hansı layihələriniz var?
- Biz Qarabağda “Bozbash Pictures” çəkməyi planlaşdırırdıq. Çünki hələ o vaxtdan xalqa söz vermişdik ki, Qarabağ azad olunsun, orada çəkəcəyik. İndi azad Qarabağı görmək qismət oldu. Sadəcə son filmimizdə bir az maddi zərərə düşdük deyə, “Bozbash Pictures”i dayandırdıq. Daha sonra hərə öz işi ilə məşğul olmağa başladı. Bilirsiniz ki, bu yaxınlarda “Ağsaqqal” obrazını canlandıran dostumuz Azəri itirdik. Elə neçə gündür bunun şokunu yaşayırıq.
- Yeri gəlmişkən, siz Azər Baxşəliyevlə yaxın dost olmusuz, istəyərdim onun da haqqında danışasız.
- Azər elə bir insan idi ki, öz problemini heç kimə bildirmirdi. İstəmirdi ki, kimsə pis olsun, ona əziyyət versin. Bəzən çəkilişlərdə hiss edirdik ki, qızdırması var və ya ağrıyır. Gəlirdim yanına, deyirdim, dərman gətirək. Deyirdi, yox, yaxşıyam, çəkilişə davam edək. Lap pis ağrıyanda belə kiməsə demirdi.
- Azər Baxşəliyevlə bağlı hansı maraqlı xatirələriniz olub?
- Bu barədə saatlarla danışsam, yenə bitməz. Məsələn, rayonlara çəkilişə gedəndə xeyli fanatlarımız gəlirdi. Səhnə bitəndə biz hamıyla şəkil çəkdirirdik. Şəkil çəkdirəndə bir-birimizi çimdikləyirdik ki, üz formamız əyri düşsün. Bu Azərin ideyası idi. Kim Azərlə yaxın düşdüsə, bilirdi ki, çimdikləyəcək. Axı insanı çimdikləyəndə üz-gözü əyilir, əcaib formalara düşür (gülür). Hətta bir dəfə Naxçıvandan çəkilişdən qayıdanda Azər səhvən bir vəzifəli şəxsi çimdikləmişdi. Birdən həmin şəxs diksinəndə biz bildik ki, Azər səhvən onu çimdikləyib. Nicat Rəhimovun (Şirinin) başına oyun açırdıq. Azər məni yoldan çıxarırdı, plan cızırdıq.