“Qısa vaxt ərzində bir neçə ailə üzvünün xəstələnməsi və onlarda rast gələn əlamətlər daha çox qrip və ya digər respirator virus infeksiyasının olmasını ehtimal etməyə əsas verir”.
Moderator.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi İnstaqram hesabında canlı yayımda nazirliyin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov açıqlayıb.
Onun sözlərinə görə, bu tip infeksiyalar arasında ən təhlükəlisi qrip sayılır və onun spesifik profilaktikası vaksinasiyadır:
“Hazırda ölkəmizdə Səhiyyə Nazirliyinin xətti ilə qripə qarşı kifayət qədər effektiv və təhlükəsiz olan peyvəndlər gətirilib və ambulator-poliklinik yardım göstərən tibb müəssisələrinə paylanılıb. Əhalinin sağlamlığının qorunması və kəskin respirator virus infeksiyalarına yoluxma hallarının qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi risk qrupuna aid olan vətəndaşları mövsümi qripə qarşı peyvənd olunmağa çağırır.
Qripə qarşı peyvənd olunmaq istəyən şəxslər yaşayış və ya iş yeri üzrə əhaliyə ambulator-poliklinik xidmət göstərən dövlət tibb müəssisələrinə müraciət edə bilərlər. Qeyd etmək istərdim ki, bu peyvənd həmçinin kiçik yaşlı uşaqlara, hamilə qadınlara, yaşlı insanlara vurula bilər. Vaxtında peyvənd almış şəxs qripə yoluxduqda xəstəliyi sipmtomsuz, bəzən yüngül keçirir. Nəticədə ağır gedişə çox az rast gəlinər, fəsadlaşma demək olar ki, baş vermir. Bundan başqa, infeksiyanın ailə daxilində yayılmasının qarşısının alınması və digər ailə üzvlərinin yoluxmasını minimallaşdırmaq üçün ilk xəstələnən şəxsdə müvafiq əlamətlər olduqda, o, ev şəraitində təcrid olunmalıdır. Həmin şəxsə qulluq yalnız bir ailə üzvü tərəfindən olmalı, xəstənin otağı tez-tez havalandırılmalı, qab-qacaq və işlətdiyi digər əşyalar ayrı olmalı və dezinfeksiya edilməlidir. Təcrübə göstərir ki, bu cür sadə yerinə yetirilə bilən vasitələrlə infeksiyanın ailədaxili yayılmasının qarşısını almaq mümkündür”.
Mütəxəssis-ekspert bildirib ki, xəstə uşaq valideyni tərəfindən vaxtında aşkarlansın və məktəb, bağçaya buraxılması doğru qərar deyil:
“Xüsusən də qapalı məkanlarda maskadan istifadə olunsun, həmçinin əl və respirator gigiyena qaydalarına ciddi riayət olunmalıdır. Yadda saxlamaq lazımdır ki, özümüzdə olan xroniki xəstəlikləri vaxtında müalicə etdirmək, sağlam həyat tərzi keçirmək, düzgün qidalanmaq, yəni qida ilə kifayət qədər vitamin və minerallar almaq, streslərdən mümkün qədər yayınmaqla immun sistemini kifayət qədər aktiv vəziyyətdə saxlamaq mümkündür. Bu halda hətta xəstələnsək belə, daha tez sağalar və xəstəliyin fəsadlarından özümüzü qoruya bilərik”.