Bizi sosial şəbəkələrdən izləyin:
"İran İslam Respublikasının 2024-cü ildə Fələstində, Livanda, son olaraq isə Suriyada uğradığı ağır məğlubiyyətlər və islam inqilabını ixrac etmə doktrinasının tamamilə çöküşü, təbii olaraq, ölkədə və hətta rejim daxilində bir sıra qorxuya səbəb olub".
Moderator.az bildirir ki, bu fikirləri Oxu.Az-a açıqlamasında Güney azərbaycanlı hüquqşünas, siyasi şərhçi Çingiz Göytürk deyib.
Onun sözlərinə görə, İran əhalisi boşuna xərclənən milyardların, qanı axıdılan onminlərlə insanın hesabatını tələb edəndə hakimiyyət, hər zaman olduğu kimi, bundan yayınmaq üçün xarici düşmən obrazı formalaşdıraraq, xəyanətə uğradığını irəli sürür, ucuz intiqam nərəsi çəkməyə başlayır:
"Əlbəttə ki, sistem içində, hakimiyyət nümayəndələrindən fərqli olaraq, məğlubiyyətin və bütövlükdə ölkənin düşdüyü ağır sosial, iqtisadi və siyasi durumun səbəbləri ilə bağlı fərqli düşüncə səsləndirənlər də var. Kimisi sistemin artıq legitimliyini itirdiyini və referenduma gedilməsinin vacibliyini vurğulayır, kimisi də Suriyadan sonra sıranın İrana gələcəyi qorxusu ilə Tehranın bölgədə islam inqilabının ixracı doktrinasını bir kənara buraxıb, artıq yeni və fərqli missiyaları öz üzərinə götürməsinin vacibliyini səsləndirir. Məsələn, Türkiyə, Azərbaycan və bütövlükdə türk dünyasının yüksəlişindən narahat olan güc mərkəzlərinin bölgə üzrə qulluqçusu missiyasını İranın öz üzərinə götürməsinin vacibliyi vurğulanır. Ancaq unutmaq lazım deyil ki, bütün bunlar bölgədə və İran daxilində hər hansı bir problemin həlli niyyəti ilə deyil, İrandakı mövcud rejimin ömrünün uzadılması məqsədilə ortaya atılır".
"Bu baxımdan, İranın tanınmış mollası Nuri Həmədaninin də ortaya atdığı "mollalara xalqın inamı itib" fikri məhz bu kateqoriyada dəyərləndirilməlidir. Çünki bu düşüncənin hər hansı bir real və həyata keçiriləcək bir tərəfi yoxdur. Molla Nuri Həmədani unutmasın ki, İran adlanan coğrafiyada yaşayan insanların problemlərinin qaynağı din, məzhəb və ya inanc deyil, fars şovinizmi nəzəriyyəsi əsasında qurulan dini-məzhəbçi sistemdir", - deyə müsahibimiz əlavə edib.