Bizi sosial şəbəkələrdən izləyin:
Milli Məclisin deputatı, siyasi şərhçi Rasim Musabəyov Teleqraf.com-un suallarını cavablandırıb.
Moderator.az onunla müsahibəni təqdim edir:
- Yeni il Ermənistanın hərbi təxribatları ilə başladı. Bu halda Azərbaycanla Ermənistan arasında sülh, sərhədlərin dəqiqləşməsi, kommunikasiyaların açılması ilə bağlı hansı proqnozlar verilə bilər?
- Ötən gün Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziyalara müsahibəsində də bəyan etdi ki, artıq bu aydan etibarən Ermənistanla sərhədlərin delimitasiyasiyası ilə bağlı hər iki tərəfdən formalaşmış komissiyaların görüşü planlaşdırılır. Əsas məsələ sülh müqaviləsinin imzalanmasından ibarət deyil. Bu istiqamətdə danışıqlar gedir, qarşılıqlı olaraq təkliflər göndərilir. Həmçinin məsələ ilə bağlı müxtəlif fikirlər səslənir. Təmaslar az olsa da, qarşılıqlı olaraq yazışmalar fonunda proses gedir.
- Danışıqlarda əsas diqqət daha çox hansı istiqamətlərə fokuslanıb?
- Əsas iki istiqamət mövcuddur. Bu mövzularda əməli iş getməlidir. Bunlardan biri sərhədlərin delimitasiyası ilə bağlıdır. Azərbaycan Prezidenti artıq bununla bağlı ölkəmizin mövqeyini bəyan etdi. Çünki komissiyalar görüşüb, qrafikə uyğun olan məsələləri müzakirə etməlidir. Eyni zamanda kommunikasiyaların açılması, Zəngəzur dəhlizi ilə bağlı qərarlar verilməlidir. Artıq bunun vaxtı çatıb. Çünki bu ilin sonuna kimi Azərbaycan Zəngəzur dəhlizinin öz ərazisindən keçən hissəsinə aid dəmir və avtomobil yolunun tikintisini yekunlaşdıracaq.
- Kommunikasiyaların açılması ilə bağlı İrəvanın ortaya atdığı əsas məsələ nədən ibarətdir?
- Ermənistan hələ də başqa-başqa məsələlərdən danışır. Kağız üzərində “sülh kəsişməsi” və.s kimi absurd ideyalar ortaya atılır. Hələ də konkret qərar verilmir. Zəngəzurdan keçən dəhlizin yəni, 44 km-lik yolun bərpası ilə bağlı rəsmi İrəvan heç bir addım atmaq istəmir. Çünki bu qısa zamanda həll olunacaq bir iş deyil. Qərar verilməli, onun layihələndirilməsi, maliyyələşməsi həyata keçirilməlidir. Bu işə cəlb ediləcək tenderlər elan olunmalı, şirkətlər müəyyənləşməlidir. Kimlərin bu işi görəcəyi aydınlaşmalıdır. Elə də böyük bir həcmə malik olmayan iş üçün ən azı bir-iki il vaxt lazım olacaq. Azərbaycan bu işlə bağlı konkret qərarların verilməsini, işlərin icrasına başlanılmasını gözləyir.