Bizi sosial şəbəkələrdən izləyin:
Ukraynanın paytaxtı Kiyevin mərkəzinin dron hücumuna məruz qalması nəticəsində Azərbaycanın Laçın rayonundan olan Rəşad Tağıyevin yaşadığı bina ciddi zərər çəkib.
Moderator.az xəbər verir ki, "Report"un əməkdaşı həmyerlimizin dağılan evində və ofisində olub.
Diaspor fəalı Rəşad Tağıyev humanitar yardımların çatdırılması ilə məşğuldur. Yeni ildən əvvəl ailə həyatı quran soydaşımız səhər saatlarında evin dron zərbələrinə məruz qaldığını bildirib. Təsadüfən sağ qalsalar da, mənzilləri tamamilə dağılıb.
"Kiyevdə yaşadığım ev dronla bombalandı. Səhəri dron hücumları ilə açdıq. Birinci mərtəbədə yaşayıram. Daha doğrusu, yaşayırdım. Təsadüf nəticəsində xanımımla sağ qaldıq. Həyəcan siqnalı verilən kimi mənzilin dəhlizinə və vannaya sığındıq. Bitişik binada ofisimiz vardı. Humanitar fondumuzun ofisi də dağılıb. Xeyli yaralanan da oldu. Xanımımla möcüzə nəticəsində sağ qaldıq. Yaşadığımız bina bütövlükdə zərbədən çat verib, tamamilə yararsız haldadır", - azərbaycanlı gənc vurğulayıb.