Bizi sosial şəbəkələrdən izləyin:
“Mənim babam Əzizbala Hacıyev Azərbaycanın ilk peşəkar fotoqrafı olub. Fotoqrafiya sənəti ilə hobbi kimi maraqlanmağa başlayıb. Amma özü milyonçu qohumu İsa Hacınskinin neft şirkətlərində çalışırdı. Bayılda onun foto atelyesi var idi. Fotostudiya üçün lazım olan bütün avadanlıqları babam Almaniyadan sifariş edib gətizdirirdi. Bu o zamanlar üçün yenilik idi. Fotostudiyada babam həm işləyir, həm də ailəsi ilə birlikdə yaşayırdı. Həmin atelyedə yaxınlarının, doğmalarının, ən əsası da ailəsinin fotolarını çəkirdi. Hətta bizdə indiyə qədər anamın, dayımın, nənəmin fotoları saxlanılır hansı ki, onları vaxtilə babam çəkib. Babam həmin atelyeni çox sevirdi. Sovet illərində hər şeyi, o cümlədən babamın atelyesini də əlimizdən aldılar”.
Bunu Moderator.az-a açıqlamasında Azərbaycanda peşəkar fotoqrafiyanın əsasını qoyan Əzizbala Hacıyevin nəvəsi Adilə Əfəndi deyib.
O daha sonra əlavə edib:
“Repressiya illərində babamı da Sibirə sürgün ediblər. Burda da erməni fitnəsi var idi. Bir erməni fotoqrafı var idi. Onun fotostudiyası da babamın studiyasının yaxınlığında yerləşirdi. Babam Hüseyn Cavidlə yaxın dost idi. Hətta Hüseyn Cavid çapdan çıxmış yeni əsərlərinin tam külliyatının bir nüsxəsini babama hədiyyə etmişdi. Babam İran səfirinin, Hüseyn Cavidin dostu olduğu üçün onu həbs etdilər. Onu İranla əlaqəsinə, qaçaqmalçılığa görə ittiham etmişdilər. Bütün əmlakı müsadirə olundu, studiyası isə dağıdıldı”.
Adilə Əfəndi deyir ki, fotoqraf olması sürgündə olarkən onun işinə yarayır:
“Sürgündə olanda fotoqrafiya sənəti onu xilas edir. O vaxtlar fotoqraf çox az idi. Zona naçalnikinə fotoqraf lazım olanda babam deyib ki, mən bacarıram. Sənədlər üçün məhbusların fotolarını çəkmək lazım idi. Babam sürgündə Hüseyn Cavidlə bir kamerada qalıb. O danışırdı ki, Hüseyn Cavidə kağız lazım idi, ağlına şeir gəlmişdi. Təəssüf ki, ona kağız verə bilmədim. Götürüb yatdığı balışın üstünə yazdı. Babam sürgündən əzab-əziyyətlər çəkmiş, həyatdan küsmüş bir insan kimi qayıdır və bir daha öz sevimli sənəti ilə məşğul ola bilmir”.
Adilə Əfəndi bildirib ki, babasının fotoqrafiya sənətini ailədə heç kim davam etdirməyib:
“Onun bu sənətini davam etdirən yoxdur. Amma rəssam çoxdur. Mənim xalam Bəyim Hacızadə də tanınmış rəssam olub. Mən də, bacım da rəssamıq. Bundan başqa mənim yazarlıq qabiliyyətim də var”.