2041
04 Jan 2025 | 13:50

"Azərbaycanın müstəqilliyinin ən parlaq göstəricisi Vətən müharibəsindəki qələbədir" - RƏY

"Azərbaycanın müstəqilliyinin ən parlaq göstəricisi Vətən müharibəsində əldə olunan qələbədir".
 
Bunu “Report”a açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyib.
 
Onun sözlərinə görə, Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə xalqa müraciətində əsas məqam regional və beynəlxalq təhlükəsizlik sisteminin çökdüyünü, bununla da savaşların ön plana çıxmasının vurğulanması idi:
 
“Bununla yanaşı, dövlət başçısı son dörd ildə Azərbaycanın öz milli maraqlarını uğurla təmin etməsini yeni era, mərhələ, dövr kimi xarakterizə edib”.
 
 
O bildirib ki, bir sıra ölkələrin digər dövlətlər üzərində hökmranlıq etməyə çalışdığı dövrdə Azərbaycanın tam müstəqil siyasət yürütməsi böyük uğurdur:
 
“Müstəqillik yalnız deklorativ aktlar, bəyannamələr, hansısa konstitusional sənədlərlə müəyyənləşmir. Biz yaxşı görürük ki, son otuz ildə dövlətlər digərlərini necə öz təsiri altına salırlar. İqtisadi və siyasi cəhətdən digərlərinin üzərində hökmranlıq quraraq onlara diqtə edirlər. Hətta beynəlxalq siyasətə yön verən dövlətlər belə “üçüncü ölkələr”də hakimiyyətləri formalaşdırır, xalqın iradəsini müəyyənləşdirir, üzərlərində qəbuledilməz eksperimentlər həyata keçirirlər. Vaxtilə Əfqanıstandan Panamaya qədər hərbi vasitələrlə siyasi çevrilişlərə əl atılırdısa, hazırda bu planlarını fərqli mexanizmlərlə reallaşdırmağa çalışırlar. O baxımdan, indiki dövrdə Azərbaycanın tam müstəqil siyasət yürütməsi böyük uğurdur”.
 
 
Z.Oruc Azərbaycanın Cənubi Qafqazda yaratdığı yeni geosiyasi reallığı daha da inkişaf etdirəcəyinə inandığını vurğulayıb:
 
“Biz nə region dövlətlərinin, nə də başqa ölkələrin forpostu deyilik. Bu gün Azərbaycan NATO və Rusiyanın yer aldığı qlobal savaşdan kənardadır. Yəni, Ermənistandan fərqli olaraq, Azərbaycan heç bir dövlətin ön cəbhəsi kimi çıxış etmir. Əminliklə deyə bilərik ki, Azərbaycan Cənubi Qafqazda yaratdığı yeni geosiyasi reallığı daha da inkişaf etdirəcək. Vətən müharibəsində əldə etdiyimiz böyük qələbə ATƏT-in Minsk qrupunun timsalında bölgədəki beynəlxalq monopoliyaları ortadan qaldırıb. Hesab edirəm ki, 2025-ci ildə də xalqımızın həyati mənafelərinin təmin edilməsi üçün atılacaq addımlar məhz Azərbaycanın yürütdüyü müstəqil siyasətə əsaslanacaq”.
 
Komitə sədri Azərbaycanın qazandığı uğurların gələcəkdə beynəlxalq münasibətlər sistemində Bakının yeni güc kimi iştirakına zəmin yaradacağını bildirib:
 
“Həqiqətən, son dörd ildə əldə olunan uğurlar Azərbaycanın gələcəkdə beynəlxalq münasibətlər sistemində yeni güc kimi iştirakına imkan verəcək. Prezident İlham Əliyevin xalqa müraciətində qeyd etdiyi kimi, Qarabağdan 300 kilometr uzaqlıqda yerləşən dörd kəndin və onların timsalında bütün itirilmiş torpaqların geri qaytarılması hesabına ölkəmiz qarşıdakı dövrdə də öz müstəqilliyini möhkəmləndirəcək. Eyni zamanda, beynəlxalq münasibətlərdə mühüm siyasi oyunçu və tərəf olaraq iştirak edəcək. Baxın, bizim üçün müstəqillik məhz bu deməkdir”.
Link kopyalandı!
Son xəbərlər