Bizi sosial şəbəkələrdən izləyin:
İsrailin keçmiş müdafiə naziri Yoav Qalant, siyasətdən uzaqlaşdığını və ölkənin parlamenti olan Knesseti tərk etdiyini elan etdi.
Bu barədə Qalant öz sosial media hesabında açıqlama yayıb.
O bildirib ki, 45 illik hərbi və ictimai xidmət dövründə İsrail dövlətinin təhlükəsizliyinə və rifahına töhfə vermək üçün əlindən gələni edib. Lakin hökumətin ultra-ortodoksların (haredilərin) orduya çağırışdan azad olunması ilə bağlı qanunu qorumaq qərarı onun istefasının əsas səbəbi olub. Qalant bu qərarı qəbul edilməz adlandıraraq vurğulayıb ki, belə bir addım İsrailin müdafiə qüdrətini zəiflədə bilər.
“Hazırkı an İsrail dövlətinin gələcəyi üçün həlledici bir dövrdür. Belə vəziyyətlərdə dayanmaq və öz yolunu seçmək vacibdir. Təəssüf ki, hökumətin qərarları mənim prinsiplərim və ölkənin müdafiəsi ilə bağlı mövqeyimlə ziddiyyət təşkil edir”, - deyə Qalant bildirib.
Keçmiş nazir qeyd edib ki, Knesseti tərk etsə də, gələcəkdə ölkənin təhlükəsizliyi və rifahı üçün öz vətəndaşlıq borcunu yerinə yetirməkdə davam edəcək.
Qalant həmçinin qeyd edib ki, ultra-ortodokslar üçün ordu xidmətindən azad olunma qərarı təkcə müdafiə məsələsi deyil, həm də ölkədəki ictimai bərabərliyə zərbə vurur. Bu məsələdə kompromis olmadığını və İsrailin gələcəyinin bu cür qərarlarla təhlükəyə atıla bilməyəcəyini vurğulayıb.
Bu addım İsraildə siyasi gərginliyi artıraraq, müdafiə siyasəti və ictimai bərabərlik məsələlərində yeni müzakirələrə yol açıb. Yoav Qalantın istefası, onun müdafiə nazirliyindən uzaqlaşdırılması ilə bağlı olan mübahisələri yenidən gündəmə gətirə bilər. /Musavat.com/