Yeni il tətilindən sonra kriminal keçmişi ilə tanınan, adı "Forbes"in milyonçular siyahısında yer almış Oleq Andreyeviç Krapivin Bakı Ağır Cinayətlər Məhkəməsində hakim qarşısına çıxarılacaq.
Kriminal aləmdə "Oleq Bakinski" kimi tanınan Oleq Krapivinlə müttəhimlər kürsüsünü Kostin Antonovıç Kuçer bölüşəcək.
Cinayət dosyesi hakim Kamran Muxtarovun sədrliyi ilə araşdırılacaq. “Oleq Bakinski” və suç ortağı külli miqdarda dələduzluqda ittiham olunurlar.
"Oleq Bakinski" kriminal keçmişi olan milyonçu, həm də tanınan idmançıdır. 14 qat Azərbaycan çempionu olan "Oleq Bakinski" Daxili İşlər Nazirliyi (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (BMCMİ) əməkdaşları tərəfindən Bakıda həbs edilib.
1960-cı il sentyabrın 29-da Şamaxı rayonunun Şəhriyar qəsəbəsində anadan olub. 1966-cı ildə ailəsi ilə birlikdə Bakıya köçüb. İlk təhsilini Sabunçu qəsəbəsi 68 saylı orta məktəbdə alsa da, sonra təhsilini Bakıxanov qəsəbəsində yerləşən idman təmayüllü internat məktəbində davam etdirib. 2007-ci ildə Türkiyənin İstanbul şəhərində veteranlar arasında keçirilən yarışda sərbəst güləş üzrə dünya çempionu adını qazanıb.
Adı Bakı ilə bağlı olsa da, o, 1989-cu ildən Kiyev şəhərində yaşayıb. Lakin son illər Ukraynaya girişi qadağan edildiyinə görə, Bakıya köçmüşdü. Ukraynada tanınmış iş adamdır. Xüsusən Kiyevdə çoxsaylı ticarət mərkəzlərinin sahibidir. O, Ukraynada Azərbaycan diasporunun liderlərindən sayılırdı. Ukrayna Azərbaycanlıları Konqresinin Kiyev şəhər təşkilatının sədri olub.
"Forbes"in məlumatına görə, Ukraynanın 100 ən varlı adamı siyahısında 84 milyon dollar varidatla 98-ci yerdə olub. 30 ilə yaxın Ukraynada yaşadığı dövrdə, o Kiyevdə "Bakines" adlı güləş klubu yaradıb. Azərbaycanla sıx əlaqələrinə görə Şamaxıda güləş məktəbi açıb. Elə Şamaxıda onun şərəfinə güləş turniri də keçirilib.
Son illər Ukraynaya girişi qadağan edilmişdi və Bakıda yaşayırdı. "Oleq Bakinski" milliyətcə rus olsa da, özünü həmişə azərbaycanlı hesab edib. Müsahibələrində toyunu belə, Azərbaycan adət-ənənələrinə uyğun keçirdiyini açıqlayıb.
"Uşaqlığımın ən gözəl illəri həm də Sabunçu ilə bağlıdır. Böyüdüyüm məhəllənin küçələri, tinləri, insanları hələ də gözümün önündə canlanır. Güləşə olan marağım isə məni bu idman növü ilə daha peşəkar şəkildə məşğul olmağa vadar etdi. Buna görə də oxuduğum 68 nömrəli məktəbdə təhsilimi yarımçıq qoyub, "Razin"dəki idman təmayüllü internat məktəbinə getdim. Beləcə, həyatımın ayrılmaz hissəsi olan güləşçi karyeram başladı" deyə müsahibələrindən birində “Oleq Bakinski” qeyd etmişdi.
Özünün həbsindən 1 il əvvəl, 2023-cü ildə Bakıda Azərbaycan Daxili İşlər Nazirliyinin əməkdaşlarının keçirdiyi xüsusi əməliyyat nəticəsində cinayətkar dəstənin üzvləri – Rail Cəbrayılov, Üzeyir Ağazadə (Zarinski) və Mirağa Əliyev saxlanılmışdı.
Həmin əməliyyatdan sonra Ukrayna mediası saxlanılan cinayətkar dəstənin üzvlərinin "Oleq Bakinski"nin dəstəsi olduğunu yazmışdı.
“Oleq Bakinski”nin kifayət qədər kriminal keçmişi var.
O, 90-cı illərdə Kiyevdə fəaliyyət göstərən “Avdışa” və “Juravli” mütəşəkkil cinayətkar qruplaşmaları ilə bağlı olduğu bildirilir.
Məsələn, onunla bağlı qalmaqallardan biri 2019-cu ildə tanınmış hüquq müdafiəçisi Eduard Bağırovun döyülməsi ilə bağlıdır. Bağırovu kafeyə görüşə dəvət edən Krapivin bir neçə tərəfdarı ilə birlikdə hüquq müdafiəçisini döyür, pasportunu alır və bir neçə saat saxlayır. Həmçinin onu, arvadını və övladlarını öldürməklə hədələyir.
2022-ci ilin əvvəllərində “Oleq Bakinski” Kiyevdə “Leksus LX 570” markalı avtomobilə atəş açır. Kriminal avtoritet “Leksus”un sürücüsünə xəbərdarlıq edərək, pul tələb etdiyi bildirilmişdi.
“Oleq Bakinski”nin adı çoxsaylı qəsb, adam oğurluğu, sifarişli qətllərdə hallanır. Bundan başqa, o, Ukraynanın sabiq prezidenti Viktor Yanukoviç rejiminə qulluq etməkdə və onun şəriki olmaqda ittiham olunur.
2022-ci il iyunun 26-da rəsmi Kiyev ona Ukraynada yaşamağı qadağan edir, yaşayış iznini ləğv edir, həmçinin onun hər hansı formada Ukrayna ərazisinə girişinə qadağa qoyur. Səbəb isə onun işğalçılarla əməkdaşlıq və şəriklik şübhəsi, Kadırovun Ukraynadakı quldur dəstələri ilə əlaqə və Zaporojye vilayətində humanitar yüklərin bir hissəsinin onlara ötürülməsi ehtimalı idi.
Bundan başqa, Ukrayna hüquq-mühafizə orqanlarının təqdimatı əsasında 27 yanvar 2023-cü ildə keçirilən məhkəmədə Oleq Krapivinin oğlu Sultanbəy haqda cinayət işi başlanıb, onun qanunsuz olaraq ölkəni tərk etdiyi üçün axtarışa verilib.
“Oleq Bakinski”nin cinayət işi üzrə Valeriy Nikolayeviç Zaxarenkov və 2 şirkət zərərçəkmiş hesab olunub. Bunlar “Avıazapçast” Açıq Səhimdar Cəmiyyəti və “Promışlennıye Postavki Kazaxstan” Məhdud Məsuliyyətli Cəmiyyətdir.
Oleq Krapivin 2024-cü ilin iyulun sonlarında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Bakıda həbs olunub.
Ona və suç ortağına qarşı Cinayət Məcəlləsinin 178.4-cü (xüsusi ilə külli miqdarda dələduzluq törətmək) maddəsi ilə ititham irəli sürülüb. /Musavat.com/