Hüquqşünasdan təyyarə qəzası ilə bağlı İLGİNC AÇIQLAMALAR 
1680
28 Dec 2024 | 16:58

Hüquqşünasdan təyyarə qəzası ilə bağlı İLGİNC AÇIQLAMALAR 

“Rusiya təhqiqatın nəticələrini gözləyir. Amma artıq məlum olan məsələlər var. Bu da odur ki, təyyarəyə kənar təsir olub və bu, insan amili ilə bağlıdır. Ona görə də ən azı ilkin açıqlama olmalıdır”.

Bunu Musavat.com-a açıqlamasında hüquqşünas Sahib Məmmədov deyib.

SAHİB YENİ.jpeg (76 KB)

Hüquqşünasın fikrincə, Rusiya baş verənlərlə əlaqədar etiraflar etməlidir:

“Qəsd olmaya bilər, amma cinayətkarcasına səhlənkarlıq olub və bu, Rusiya ərazisində baş verib. Hadisəyə aidiyyəti olan hər 3 dövlət - Azərbaycan, Rusiya və Qazaxstan Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO) üzvüdür. Bu təşkilatın və Çikaqo Konvensiyasının tələbləri var. Hər bir dövlət öz hava məkanıda qanuni əsaslarla uçan hava nəqliyyatının təhlükəsizliyinə təminat verir. Fövqaladə hal baş verdikdə əvvəlcədən xəbərdarlıq sistemləri işdə düşməlidir”.

Sahib Məmmədov konkret detallara diqqət çəkib:

“İlkin görünən budur ki, qısa məsafəyə uçan AZAL təyyarəsi həmin vaxt Rusiyanın konkret ərazisindəki hava məkanında baş verənlər barədə - duman, GPS sisteminə müdaxilə, dron hücumu və sair - məlumatladırılmayıb. Təyyarəyə kənar müdaxilədən sonra ən yaxın limanlara eniş imkanı verilməyib. Ən pisi də budur. Hadisə - insident - cinayətkarcasına ehtiyatsızlıqdan baş verə bilər, amma sonra kömək göstərmək üçün bütün zəruri tədbirlər görülməyib.

Azərbaycanla Rusiya arasında müttəfiqlik münasibətləri var. Biz Rusiya ilə birgə regional təşkilatlarda, məsələn, MDB-də təmsil olunuruq, Azərbaycan BRİKS-ə dəvət alıb və onun sonuncu sammitində təmsil olunub. Ölkə Prezidenti MDB dövlət başçılarının qeyri-formal görüşündə iştirak üçün Rusiyanın hava məkanıda olan zaman bu cür faciəvi halın baş verməsi təəssüf doğrur”.

Hüquqşünas digər bir məsələyə də diqqət çəkib:

“Azərbaycanın region ölkələri ilə münasibətlərinin pozulmasında maraqlı qüvvələr çoxdur. Bunlar yalnız xarici qüvvələr deyil. Ona görə də arzuolunandır ki, bütün tərəflər tezliklə baş vermiş hadisəyə aydınlıq gətirsin. Səhvlər olubsa, etiraf edilsin. Bu arada, yalnız rəsmi şəxslər deyil, hamımız diplomatlar qədər təmkinli olsaq, daha yaxşıdır”.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər