Bizi sosial şəbəkələrdən izləyin:
“Artıq uzun illərdir ki, Azərbaycanda yaşayıram. 2005-ci ildə Azərbaycandan Londona gedib, orada təhsil almaq istəyirdim. Bu təhsil mənə nəsib olmasa da, ölkənizdə qalıb oxumağa davam etdim. Həyatımı sıfırdan qurmuşam. Yıxılmışam, sonra yenidən ayağa qalxmışam. Öz ayaqlarım üstündə tək-tənha, kimsəsiz bir yerdə yaşamağın çətinliyini yəqin ki, hər kəs duyur. Bu mənə qismət olub. Məqsədim də özüm üçün bir iş qurmaq idi. Artıq biznesimi qurmuşam, kiçik işlə məşğulam. 2006-cı ildə mən islam dinini qəbul edib, müsəlman oldum. Lu adını Zeynəblə dəyişdirdim. Adımı da mən "Quran"dan seçmişəm. Quranı oxuyuram, məscidə gedəndən-gedənə namaz qılıram. Əslində dinlərin heç birinin fərqi yoxdur. Hər bir dində insana düzgünlük öyrədilir. Bizim aldığımız təhsil belədir. Hər din insana yaxşı adam ol deyir. Zatən məktəbdə də bizə bunu aşılayırlar”.
Bu sözləri Moderator.az-a açıqlamasında uzun illərdir ölkəmizdə yaşayan əslən çinli olan Lu Çen (Zeynəb) bildirib.
O daha sonra əlavə edib:
“Azərbaycan mənim üçün çox gözəl ölkədir. İnsanları da çox yaxşıdır. Plov, kabab və buğlamanı çox sevirəm. Dinimi dəyişdiyim üçün ailəmdən heç kimin mənə acığı tutmayıb. Bizdə dini azadlıq var. Heç kimə də deməmişdim ki, dinimi dəyişirəm. “Sənə necə rahatdırsa elə də olsun” sözündən başqa bir kəlmə də eşitməmişəm. Anam neçə dəfə Azərbaycana gəlib, buranı çox bəyənib. Yeməklərə görə çox uzun müddət qala bilmir. İstədiyi şeyləri yeyə bilmədiyinə görə gəlmir. Çində müxtəlif çeşidli göyərtilər var, anam onlara öyrəşib. Yeni ili hər zaman ailəmlə birlikdə Çində qeyd edirəm. Ailə həyatımı burada qura bilmərəm. Çünki anam Çindədir. Burada çox yaxşı rəfiqələrim var”.
Zeynəb dilimizdə çox gözəl danışdığını bildirib:
“Dilinizi də artıq mənimsəmişəm. Bakıya yeni gələndə ümumiyyətlə 1-2 sözdən başqa söz bilmirdim. Ev dolu lüğət idi. Müəllim yanına getmədim, dilinizi özüm evdə otura-otura öyrəndim. Hətta 2 ay evdən çölə çıxmadım. İndi küçədə mənim dilinizdə sərbəst danışdığımı görüb təəccüblənirlər. Xarici görünüşümü görməyənlər elə bilərlər ki, bir azərbaycanlı ilə danışırlar”.