“Bizi Şuşaya köçmək üçün qeydiyyata almayıblar, çünki..” - Xan Şuşinskinin qızı - ÖZƏL
340
12:14, Bu gün

“Bizi Şuşaya köçmək üçün qeydiyyata almayıblar, çünki..” - Xan Şuşinskinin qızı - ÖZƏL

“Şuşa üçün siyahıya alınan sakinlər məcburi köçkünlərdir. 90-cı illərə kimi Şuşada yaşayan, orada qeydiyyatda olan, orada fəaliyyət göstərən insanlardır. Atam Şuşada anadan olub. Keçən əsrin əvvəllərində babam Aslan ağanın Şuşanın ətrafında Korocaq, Xoca və Ballıca adında 3 kəndi olub. Şuşanın mərkəzində, Gövhər Ağa məscidinin yanında isə iki mülkü var idi. Sovet höküməti qurulandan sonra malikanələri dağıdılıb, bütün var-dövlətləri əllərindən çıxıb. Hətta babamın səsi də alınıb. Atamgil artıq Ağdama köçüblər. 60-cı ildə atam Üzeyir Hacıbəyovun ev muzeyinin yanında iki mərtəbəli evi satın aldı, onu sökdürüb təzədən bərpa etdirib, gözəlləşdirdi. Biz yaydan-yaya Şuşaya gedirdik. May ayının sonundan gedirdik, sentyabrın əvvəlində qayıdırdıq. Biz Şuşada qeydiyyatda olmamışıq”.
 
Bunu Moderator.az-a açıqlamasında xalq artisti Xan Şuşinskinin qızı Bəyimxanım Cavanşirova-Verdiyeva deyib.
 
O daha sonra əlavə edib:
 
 
 
“Mənim atam Qarabağın simvolu idi. 30 ilə yaxın onun ifa etdiyi “Qarabağ şikəstəsi”-nin, “Şuşanın dağları” mahnısının harayı bizi Qarabağa səsləyib. Mənə elə gəlir ki, atam Xan Şuşinskinin Şuşa şəhərində ev muzeyi yaradılacaq. Şuşanın “Güllü park” adlanan ərazisində bir park var idi. Bir tərəfi Şuşa İcra Hakimiyyətinə baxırdı. İndiki Qarabağ otelinin qarşısı. Orada birinci skamyada atam oturardı. Parkda yüzlərlə adam ayaqüstə qalsa da, heç kəs orada gedib oturmurdu ki, indi Xan əmi gələcək, bu onun skamyasıdır. Həmin küçəyə cənab prezidentimiz atamın adını verdi və küçənin açılışını da özü etdi. İnanıram və ümid edirəm ki, Şuşa şəhərində Xanın ev muzeyi açılacaq və orada da büstü qoyulacaq”.
Link kopyalandı!
Son xəbərlər