2024-cü ilin əvvəlindən bugünədək Azərbaycanda bir çox məşhur müxtəlif səbəblərdən dünyasını dəyişib.
Moderator.az Musavat.com-a istinadən bu il vəfat etmiş məşhurların adlarını təqdim edir:
Gülbahar Şükürlü. Tanınmış qarmon ifaçısı, Əməkdar artist Gülbahar Şükürlü bu ilin yanvarın 5-də 62 yaşında dünyasını dəyişdi. İfaçı uzun müddət idi ki, xərçəng xəstəliyindən əziyyət çəkirdi.
1998-ci ildə özünün bəstələdiyi “Aytac” rəqsi ona xeyli uğur gətirib, eyniadlı ilk albomu işıq üzü görüb. Yaradıcılıq dövrü ərzində “Rusif”, “Ləman” və “İnanmaram” adlı albomları onu Azərbaycan tamaşaçısının sevimlisinə çevirib. 2009-cu ildə mədəniyyət sahəsində xidmətlərinə görə “Azərbaycan Respublikasının Əməkdar artisti” fəxri adına layiq görülüb.
Aygün Bəylər. Əməkdar artist Aygün Hümmətova (Bəylər) isə 48 yaşında yanvarın 6-da Türkiyənin paytaxtı Ankara şəhərində dünyasını dəyişdi. Aygün Bəylər də uzun müddət idi ki, xərçəng xəstəliyindən əziyyət çəkirdi.
Qeyd edək ki, Aygün Hümmətova (Bəylər) ilk musiqi təhsilini Səttar Bəhlulzadə adına mədəniyyət sarayının musiqi məktəbində, nağara sinfi üzrə alıb.
1988-ci ildə yaradılan Azərbaycan Dövlət Uşaq Filarmoniyası elə həmin ildə istedadlı uşaqların müsabiqə yolu ilə filarmoniyaya qəbulunu keçirib və Aygün Hümmətova filarmoniyaya qəbul olunub.
1995-ci ildə Şövkət Ələkbərova adına ilk peşəkar musiqi kollektivini yaradaraq geniş konsert fəaliyyətinə başlayıb – televiziya, radio, böyük dövlət tədbirləri və eləcə də, artıq ardıcıl şəkildə xaricdə Azərbaycan musiqi sənətini təmsil edir.
2002-ci ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin sərəncamı ilə Əməkdar artist fəxri adına layiq görülüb.
Mövlud Süleymanlı. Xalq yazıçısı Mövlud Süleymanlı fevralın 21-də 81 yaşında vəfat etdi. Xatırladaq ki, Mövlud Süleymanlının “Köç”, “Ceviz qurdu”, “Səs” əsərləri xüsusilə məşhurdur. Həmçinin bir sıra əsərləri tamaşaya qoyulub (“Kökdən düşmüş piano”, “Dəyirman” və s.), ssenariləri əsasında filmlər (“Çətirimiz buludlardır”, “Bəyin oğurlanması” və s.) çəkilib. Yazıçı “Əməkdar incəsənət xadimi” və “Xalq yazıçısı” fəxri adlarına, “Şöhrət” və “Şərəf” ordenlərinə layiq görülüb. O, 2008-ci ildən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü idi.
Cavanşir Məmmədov. Əməkdar artist Cavanşir Məmmədov isə aprelin 20-də 70 yaşında qəfil ürəktutmadan dünyasını dəyişdi. Xatırladaq ki, Cavanşir Məmmədov 1954-cü ildə musiqiçi ailəsində anadan olub. O, sənətə gəldiyi ilk vaxtlarda qarmon ifaçısı olsa da, sonradan müğənnilik etməyə başlayıb. C.Məmmədov 2005-ci ildə “Əməkdar artist” fəxri adına layiq görülüb.
Elmira Süleymanova. Aprelin 25-də sabiq İnsan hüquqları üzrə sabiq müvəkkil (Ombudsman) Elmira Süleymanova 86 yaşında uzun sürən xəstəlikdən sonra vəfat etdi.
Nəsiman Yaqublu. Bu il vəfat edənlərdən biri də Bakı Dövlət Universitetinin müəllimi, professor Nəsiman Yaqublu oldu. Xatırladaq ki, parlament seçkilərində namizəd olan Nəsiman Yaqublu avqustun 25-də seçiciləri ilə görüşdən qayıdarkən qəzaya düşərək, dünyasını dəyişib.
Tağı Əhmədov. “Bakı Metropoliteni” QSC-nin 16 il rəisi olmuş (1998-2014) Tağı Əhmədov isə oktyabrın 18-də uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.
Şahlar Quliyev. Xalq artisti opera müğənnisi, həmçinin aktyor nofəl Şahlaroğlunun atası Şahlar Quliyev oktyabrın 26-da 78 yaşında vəfat etdi.
Meyxanaçı Xəyyam Əhmədli. Tanınmış meyxana ifaçısı Xəyyam Əhmədli dekabrın 3-də 44 yaşında vəfat etdi. Sənətçi uzun illərdir idi ki, ürək xəstəliyindən əziyyət çəkirdi. Hətta son günlər ictimaiyyət tərəfindən onun sağalması üçün 240 min manat pulun yığılması üçün kampaniyaya start vermişdi.
O, "De Gelsin 2009"un qalibi, eyni zamanda Azərbaycanın Xalq artistlərinin ifa etdiyi xit mahnılarının müəllifi olub.