“Bacım Rübabə Muradova vətən həsrəti ilə dünyadan köçdü. Onun yaradıcılığının da elə özəyi vətən, torpaq idi! Səsindəki yanğı elə doğma vətəni üçün sakitcə etdiyi üsyanı idi. Vətən həsrətini qəlbində daşıyıb, ifalarında yaşadırdı. Bilirsiniz ki, Rübabə 1933-cü ildə Ərdəbildə doğulub. Uşaq ikən doğma vətənini tərk edir. Ailəmizin ən kədərli günləri də elə bundan sonra başlayır. Biz ailədə 7 uşaq olmuşuq, 2 qardaş 5 bacı. Ən axırıncı mən olmuşam. Bizə Rübabə tərbiyə verib, oxutdurub, çörək verib. 1946-cı ildə onlar İrandan Astaraya keçiblər. Sağ olsun millət kömək edib, orada məskunlaşıblar. Sonra Salyana köçüblər. Rübabə Salyanda oxumağa başlayıb. Mən belə bir insan görməmişəm vətənini bu qədər sevsin. Deyirdi ki, iməkləyə-iməkləyə gedib həyətimizi taparam, həyətdə qızıl güllərini, ağacları iyləyərəm. İnsandır da, vətəni yadına düşürdü. Deyirdi ağlayırdı, deyirdi ağlayırdı”.
Bunu Moderator.az-a açıqlamasında görkəmli sənətkar Rübabə Muradovanın bacısı Tahirə Muradova deyib.
O daha sonra əlavə edib:
“Rübabənin üzünü heç görmürdük, elə konsertlərdə, qastrollarda olurdu. Bütün mahnılarını çox sevirəm. “Gəl bizə yar” mahnısı isə bir başqadır. Hətta onun klipi də var. Rübabə xəstə idi, icazə vermirdi çəkilişə. Aztv-dən gəlib onu xəstə halıyla çəkdilər. Ağacdan tutub oxudu. Amma təəəsüf ki, Rübabə özü bu lent yazısını görmədi. Astaraya gedəndə dayanıb yolda ağlayıb. Gedib xahiş edib ki, 5 dəqiqəlik də olsa sərhədi açın, ora keçim. Sağ olsunlar, açıblar sərhədi. Sərhədi keçəndən sonra ağlamaqdan ürəyi gedib. Torpağı götürüb ağzına aparıb, iyləyib, ovucuna sıxıb. Deyib ki, şükür sənə mən öz torpağıma qovuşdum. O vaxt belə bir qanun yox idi ki, sərhədləri açsınlar. Rübabəni hamı sevirdi. Deyirdi ki, mən ölsəm sən sağ qalsan gedib Ərdəbildən torpaq gətirərsən. Mən bacımın vəsiyyətini yerinə yetirdim. Mən getdim həyətimizdən torpaq gətirdim. Şah məscidinin yanında idi həyətimiz. Torpağı gətirib məzarının üstünə səpdim”.
Tahirə Muradova bildirib ki, səsini bacısının səsinə bənzədirlər:
“Hamı deyir ki, səsiniz Rübabənin səsidir elə bil. Amma mən onların bu sözü ilə razılaşmıram. Çünki Rübabənin səsinin bənzəri yox idi, fövqəltəbii bir səs idi. Nəinki mənim, heç bir sənətkarın səsi Rübabənin səsinə bənzəmir. Çox sevinirik ki, Rübabə xanımın mahnılarına bu gün gənclər də müraciət edir, yeni aranjimanlarda ifa edirlər. Bunun özü bizim üçün bir təsəllidir. Əlbəttə ki, mahnıları yeni tərzdə oxumaq olar, əsas onun kökünü dəyişdirmək olmaz. Mən elə özüm də bəzən tədbirlərdə ifa edirəm, oxuyuram. Bu mahnılar bizim tariximiz, musiqi xəzinəmizdir. Yaxşı ki, Azərbaycan mədəniyyətindən, incəsənətindən Rübabə Muradova imzası keçib”, - deyə sənətkarın bacısı bildirib.