Bakıdan son xəbərdarlıq: Cavab sarsıdıcı olacaq
513
17:22, Bu gün

Bakıdan son xəbərdarlıq: Cavab sarsıdıcı olacaq

Milli Məclisin sədr müavini Ziyafət Əsgərov Teleqraf.com-un suallarını cavablandırıb.
 
Moderator.az onunla müsahibəni təqdim edir:
 
- Avropa İttifaqının Ermənistandakı “missiyasının” Azərbaycanla şərti sərhəd xəttində daimi dislokasiyası ilə bağlı qərar verilib. İlkin dövrdə bu “missiyanın” bölgədə qısa müddətdə qalacağı iddia edilirdi. Hazırkı vəziyyətdə “missiyanı” bölgədə saxlamaqda məqsəd nədir?
 
- Azərbaycan tərəfi dəfələrlə Aİ-nin həmin “missiyasının” fəaliyyətinin bölgədə gərginliyin atmasına xidmət etdiyini bəyan edib. Öz növbəsində Ermənistan bu kimi təxribat xarakterli hərəkətlərlə sülh müqaviləsinin bağlanmasını uzatmağa çalışır. Sülh müqaviləsinin imzalanmasını uzatmaqda isə əsas məqsəd ondan ibarətdir ki, Ermənistan bu vaxtdan istifadə edib silahlansın. Faktiki olaraq Ermənistanı müharibəyə hazırlayırlar. Bu yaxınlarda Fransanın İrəvandakı səfiri Olivye Dekotini Ermənistan-Azərbaycan sərhədində olub. Dekotini binokl şousunda iştirak etməklə əslində növbəti dəfə təxribata cəhd edib. İndiki halda Aİ-nin bölgədə daimi qalmaq üçün öz missiyasına dislokasiya yeri müəyyənləşdirməsi də həmin təxribatların davamı deməkdir. Aİ-nin həmin “missiyasının” fəaliyyəti 2025-ci ilin fevralında bitir. Bununla bağlı Ermənistanın baş naziri Nikol Paşinyan da bəyanat vermişdi.
 
 
- İki aydan sonra ərazini tərk edəcək heyət üçün daimi dislokasiya yerini yaratmaq nə üçün lazımdır?
 
- 30 ilə yaxın Azərbaycanla danışıqlar aparıb prosesi manipuliyasiya edənlər indi də eyni ssenaridən çıxmaq istəmirlər. Vaxtı uzadıb Azərbaycanı işğal faktı ilə barışdırmaq niyyətləri vardı. Amma vaxtı uzatmağın nəticəsini də özləri gördü. Azərbaycan hərbi müstəvidə öz ərazi bütövlüyünü təmin etdi. Əslində vaxtın uzanması Ermənistana və onun havadarlarının ziyanına oldu.
 
- Amma rəsmi İrəvan davamlı olaraq sülh mövzusunu gündəmə saxlayır...
 
- Erməni tərəfi sülhdən danışır, baş nazir səviyyəsində bəyanatlar verir. Amma digər digər tərəfdən təxribat xarakterli hərəkətlər edilir. Ermənistan üçün vaxt qazanıb, onu yenidən müharibəyə hazırlamaq sözsüz ki, əbəs işlərdir. Çünki Azərbaycan öz gücünü qoruyub saxlayıb. Dəmir yumruq öz yerindədir. Ona görə də, belə təxribatların davam etməsi heç də Ermənistanın mənafeyinə xidmət etmir.
 
- Avropa İttifaqının israrlı davranması nə ilə bağlıdır?
 
- Aİ-nin “missiyası” adı altında Fransa, Kanada, Amerikadan nümayəndələr gəlir, məsləhətləşmələr aparır, vaxt uzadırlar. Sözsüz ki, onların da hərəsinin proseslə və regionla bağlı öz mənafeyi var. Təbii ki, onlar heç də Ermənistanın mənafeyi üçün çalışmırlar. Ancaq öz maraqlarını güdürlər.
 
- Azərbaycanın bu kimi təxribatlara reaksiyası necə ola bilər?
 
- Belə təxribatların Azərbaycana cüzi də olsa təsiri, ziyanı olacaqsa, cavabları ağır olacaq. Belə olan halda Azərbaycan tərəfindən ciddi şəkildə cəzalandırılacaqlar.
 
- Bu halda sülh gözləntiləri haqqında nə demək olar? Tərəflər davamlı olaraq sülh razılaşmasında müsbət irəliləyişdən danışır. Yekun nəticəyə gəlmək üçün nə qədər vaxt lazım olacaq?
 
- Azərbaycan dövləti bütün səviyyələrdə bəyan edib ki, biz sülhə hazırıq. Eyni zamanda sülh əlini uzadan tərəf Azərbaycan olub. Rəsmi Bakı beynəlxalq hüququn prinsiplərinə uyğun sülh sazişi imzalamağın tərəfdarı olduğunu bildirib. Bu sülh müqaviləsinin əsas prinsiplərindən biri Azərbaycana qarşı ərazi iddiasının aradan qaldırılmasıdır. Faktiki olaraq Ermənistan Konstitusiyasında və digər hüquqi aktlarında Azərbaycana qarşı ərazi iddiası var. Azərbaycan bu iddiaların aradan qaldırılmasını tələb edir.
 
- Rəsmi Bakının Ermənistan konstitusiyasındakı əsassız ərazi iddiasından başqa tələbi nədən ibarətdir?
 
- Digər tələb ATƏT-in heç bir işə yaramayan Minsk qrupundan imtina ilə bağlıdır. İrəvan rəsmi şəkildə Minsk qrupundan imtina etməlidir. Məhz bu şərtlər icra edildikdən sonra Azərbaycan sülh müqaviləsini imzalaya bilər. Hazırda erməni tərəfi sülh müqaviləsində 90 faizlik razılıqdan danışır. Amma bəzi məsələlərdə razılığa gəlməyin mümkünsüzlüyü iddia olunur. Onların bəzi məsələ adlandırdığı məqamlar isə tam açıqdır. Bu, Azərbaycana qarşı rəsmi şəkildə olan ərazi iddiası ilə bağlıdır.
 
Link kopyalandı!
Son xəbərlər