Bizi sosial şəbəkələrdən izləyin:
"Suriyada rejim dəyişiklyindən sonra Azərbaycanla Ermənistan arasında sülh danışıqlarının intensivliyinin artırılması ilə bağlı Türkiyə tərəfindən ardıcıl açıqlamlar verilir, çağırışlar olunur. Sözsüz ki, burada Azərbaycan-Ermənistan və Türkiyə-Ermənistan münasibətləri kontekstindən proseslərə yanaşmaq lazımdır. Məsələ heç də iki dövlətin sülh sazişinə imza atmasından ibarət deyil. Həlli tələb edilən mürəkkəb proseslər var".
Bu sözləri Teleqraf.com-a sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov deyib.
“Burada Türkiyə-Ermənistan münasibətləri daha çox önə çəkilir. Çünki indiki halda Azərbaycan-Ermənistan münasibətləri o qədər də aktual deyil. Faktiki olaraq Bakı və İrəvan arasında həll edilməmiş problemlər mövcuddur”, - deyə o söyləyib.
Sabiq nazir hesab edir ki, Azərbaycan və Ermənistan sülh üçün kompramistə hazır deyil:
“Türkiyənin Ermənistana sülh məsələsində təsir imkanları isə tamam fərqlidir. Bu daha çox Ermənistanın davranışları ilə bağlıdır. Faktiki olaraq İrəvan Azərbaycana qarşı öz konstitusiyasında olan əsassız ərazi iddialarından imtina etmək istəmir”.
Tofiq Zülfüqarovun fikirlərinə görə, Ermənistan rəsmi şəkildə Azərbaycana qarşı ərazi iddiasından imtina etməsə və hüquqi sənədlərində olan əsassız müddəaları ləğv etməsə, sülhdən danışmaq mənasızdır:
“Baş verənlər müqabilində erməni tərəfində hansısa irəliləyişin olması gözlənilmir. Nəhayət, Ermənistan mövqeyini dəyişməlidir. Bu baş verməsə, sülhü daha çox gözləmək lazım olacaq”.