“Aktyorun işi çox olanda dedi-qoduya, lazımsız söhbətlərə vaxt qalmır” - Ədalət Hacıyev
2740
06 Dec 2024 | 14:08

“Aktyorun işi çox olanda dedi-qoduya, lazımsız söhbətlərə vaxt qalmır” - Ədalət Hacıyev

 
“Yeni tamaşa hazırlığı edəndə hər tamaşa arasında 2 ay fasilə olur. Bir tamaşaya 2 ay vaxt sərf edirik. Bu çox optimal bir prossesdir. Bu tamaşa bitəndən sonra o biri tamaşanın məşq prossesi başlayır. Aktyorlar bu zaman yalnız işlə məşğul olurlar. Aktyorun işi çox olanda o məşğul olur, başqa söz-söhbətlərə, lazımsız dedi-qodulara vaxtı qalmır. Bu zaman nəticə də gözləniləndən uğurlu olur. Onlar özləri də bu nəticəni görür və stimulları artır. İnsanın işi olanda bütün enerjisini, vaxtını ona sərf edir. Bu çox lazımlı və vacib bir prossesdir”.
 
Bunu Moderator.az-a özəl açıqlamasında Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının direktoru, Əməkdar Mədəniyyət İşçisi Ədalət Hacıyev deyib.
 
O daha sonra əlavə edib:
 
 
“Bizim repertuarda həm rus klassik ədəbiyyatı, həm dünya ədəbiyyatı, həm də yerli yazıçıların əsərləri nümayiş olunur. Bu yaxınlarda biz Puşkinin yubileyi ilə əlaqədar “Kapitan qızı” əsərini səhnələşdirdik. Bu tamaşa bizim Rusiya ilə ortaq əməkdaşlığımızın məhsulu idi. Rejissor Sankt Peterburqdan gəlmişdi. Bu tamaşa ilə biz Moskvada bir çox festivallara dəvət aldıq. 2024-cü ildə demək olar ki, biz bu tamaşanı 8 ay Rusiya teatrlarında oynadıq. Sənəti tamaşaçı özü seçir. Bu çox yaxşı haldır ki, onlar tamaşaya gəlib, zövq alıb gedirlər. Biz də sevinirik ki, gördüyümüz işin bir nəticəsi var”.
 
Ədalət Hacıyev Rusiya teatrları ilə sıx əməkdaşlıqdan da danışıb:
 
“Aktyorlarımızı hər zaman ustad dərslərinə göndəririk. Əlbəttə ki, onlar daha çox Rusiyaya festivala gedirlər. Yaradıcı mübadilə, münasibət olmalıdır ki, həmişə inkişaf olsun. Bizə Rusiya ilə mədəni münasibətlər hər zaman kömək olur. Hamı bilir ki, Rusiyada teatrın inkişafı hansı səviyyədədir. Ona görə də bizim şimal qonşumuzla münasibətimiz çox yaxşıdır. Biz bu münasibətdən yalnız xeyir görürük”.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər