Natiq Qasımovun adı verilən məktəbin direktoru:
446
17:28, Bu gün

Natiq Qasımovun adı verilən məktəbin direktoru: "Çoxdan idi ki, buna çalışırdıq!"

Baş nazir Əli Əsədovun imzaladığı qərara əsasən, Mingəçevir şəhəri 4 nömrəli tam orta ümumtəhsil məktəbinə  Milli Qəhrəman Natiq Qasımovun adı verilib. Elm və Təhsil Nazirliyi və Mingəçevir Şəhər İcra Hakimiyyətinə bu qərardan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Natiq Qasımovun adının 4 nömrəli tam orta məktəbdə əbədiləşdirlməsi təhsil ocağının kollektivini qürurlandırıb.

Bunu Modern.az-la həmsöhbət olan məktəbin direktoru Zaur Müseyibov deyib.

O bildirib ki, Milli Qəhrəmanın adını daşıyan məktəbə rəhbərlik etmək fəxarət hissi doğurur:

“Mən məktəbə bu il may ayın 6-da təyin olunmuşam. Gəldiyim gündən təhsil ocağına Natiq Qasımovun adının verilməsi üçün çalışmışam. Nəhayət arzumuz gerkəkləşdi. Çalışacağıq ki, məktəbimiz Natiq Qasımovun adına layiq olsun. Mən özüm də 4 nömrəli məktəbdə oxumuşam, 22 il burada fəaliyyət göstərmişəm. Məktəbə direktor təyin olunduğum gündən girişdə Natiq Qasımovun barelyefinin qoyulmasına nail olmuşam".

Direktorun sözlərinə görə, 4 nömrəli məktəb 1980-ci ildən fəaliyyət göstərir:

“2023-2024-cü tədris ilində bir şagirdimiz fənn olimpiadalarında tarix fənni üzrə gümüş medal qazanıb. Eyni zamanda, bir şagirdimiz də 27 sentyabr və 8 noyabrda keçirilən inşa müsabiqəsinin qalibi olub”.

Xatırldaq ki, Natiq Qasımov 1991-ci ildə yaradılan “Qaradağ şahinləri” taborunun könüllü əsgəri olub. O, Xocalı rayonunun Pirlər kəndi yaxınlığındakı yüksəklikdə yerləşən Alban kilsəsi uğrunda döyüş zamanı 6 hərbçi yoldaşı həlak olduqdan sonra 5 gün ac-susuz orada qalaraq, təkbaşına savaşı davam etdirib. Gülləsi qurtardığından 6-cı gün, 12 mart 1992-ci ildə rusiyalı və italiyalı jurnalistlər - Konstantin Smirnov və Enriko Sarzinin şahidliyi ilə Ermənistan hərbçiləri tərəfindən əsir götürülüb.

Onun əsir götürlməsi faktı Rusiyada nəşr edilən “Oqonyok” jurnalının 1992-ci il 14 və 15-ci nömrələrində “Strax” adlı məqaləsin təsvir edilib.

Natiq Qasımovun qəhrəmanlığı və şücaətini həzm edə biulməyən erməni səhra komandiri Vitali Balasanyan ona şəxsən müharibə qanunlarına zidd olaraq dəfələrlə ağır işgəncələr vermiş və qətlə yetirmişdir.

Prezident İlham Əliyevin 25 may 2024-cü ildə imzaladığı sərəncamla Natiq Qasımova Azərbaycanın Milli Qəhrəmanı adı verilib.

Milli Qəhrəmanın harada dəfn olunduğu naməlum olaraq qalır.

Link kopyalandı!
Son xəbərlər