Avstraliyanın Pers şəhərində APRSAF-30 Beynəlxalq Kosmik Poster Müsabiqəsində azərbaycanlı şagirdlər 14 ölkə arasından seçilərək birinci yerin qalibi olublar.
Müsabiqə nəticələri 26-29 noyabrda Avstraliya Kosmik Agentliyi və Yaponiya Aerokosmik Tədqiqat Agentliyinin birgə təşkilatçılığı ilə keçirilən Asiya-Sakit Okean Regionu Kosmik Agentlikləri Forumunun (APRSAF) 30-cu sessiyası daxilində elan olunub.
Beynəlxalq Kosmik Poster Müsabiqəsi hər il Asiya-Sakit okean regionu ölkələrindən, eləcə də əməkdaş-assosiativ üzv ölkələrdən üç mərhələ üzrə 4000-dən artıq 5-9-cu sinif şagirdlərini bir araya gətirir.
Bu il Azərkosmosun KOSMİK Akademiyasının təşkilatçılığı, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi və Azərbaycan Respublikası Təhsil İnstitutunun dəstəyi ilə APRSAF-30 Beynəlxalq Kosmik Poster Müsabiqəsinin milli mərhələsi həyata keçirilib. Müsabiqənin milli mərhələsində ümumtəhsil müəssisələrinin 25 məktəblisi “Kosmik səyahət” mövzusuna həsr olunmuş rəsm əsərləri ilə iştirak edib. Müsabiqə nəticələrinə müvafiq olaraq 3 məktəbli müsabiqənin milli mərhələsinin qalibi adını qazanaraq Avstraliyaya yollanıb.
Müsabiqədə ölkələr üzrə ümumilikdə 1712 məktəbli iştirak edib, 1462 rəsm əsəri müsabiqəyə təqdim olunub. Müsabiqənin beynəlxalq mərhələsində ölkəmizi təmsil edən 3 məktəblimiz 33 iştirakçı sırasında müsabiqənin ən yüksək dərəcəyə malik 5 mükafatından 3-nə layiq görülərək təltif olunub. Həmin məktəblilər APRSAF-30 Beynəlxalq Kosmik Poster Müsabiqəsinin aşağıdakı mükafatlarına layiq görülüblər:
Bu qalibiyyəti istedadlı azərbaycanlı şagirdlərin aşkar edilməsi, onların potensialının inkişaf etdirilməsi, informasiya texnologiyaları, rəqəmsal bacarıqlar, eləcə də şagirdlərin beynəlxalq olimpiadalar və müsabiqələrdə ölkəmizi təmsil etməsi istiqamətində növbəti uğur kimi qiymətləndirmək olar.