327
13:55, Bu gün

"Bəzi deputatlar prosesləri başqa istiqamətə yönəldirlər" - Fəzail Ağamalı

Milli Məclisdə büdcə müzakirələri zamanı bəzi millət vəkilllərinin sosial şəbəklərə və bəzi qrupların maraqlarına xidmət edən əsassız çıxışları etirazlara səbəb olub. Azərbaycan sosial dövlətdir və ölkədə insan faktoru hər zaman ən ümdə amildir. Dövlətin həyata keçirdiyi sosial proqramlar da məhz insanların rifah halının daha da yaxşılaşdırılmasına xidmət edir. Təsadüfi deyil ki, sosial xərclər gələn ilin ümumi dövlət büdcəsinin 41 faizini təşkil edir. Amma bütün bunlara baxmayaraq, fikirlərini hansısa sosial predmetlər üzərindən quran bəzi deputatlar prosesləri tamam başqa istiqamətlərə yönəltməyə cəhd edir.
 
Mövzu ilə bağlı Teleqraf.com-a danışan Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı millət vəkillərinin obyektivliyə, reallığa əsaslanan mövqe sərgiləməsinin vacibliyini önə çəkib.
 
“Parlamentdə təmsil olunduğum dövrlərdə bu kimi populist çıxışlara konkret arqumentlərlə cavab vermişəm. Konyuktura naminə belə çıxışların edilməsi yolverilməzdir. Cəmiyyətin müəyyən təbəqəsinin diqqətini özünə çəkmək üçün edilən bu kimi gedişlər uğursuzdur. Eyni zamanda hansısa səbəbdən narazı qalan, hansısa nazirə söz deyib, onun eşidilməməsindən irəli gələn subyektiv mövqelərin parlamentdə səslənməsi qəbuledilıməzdir”,- deyə F,Ağamalı söyləyib.

Partiya sədri hesab edir ki, bəzi deputatlar daşımış olduqları vəzifələri, onun vermiş olduğu səlahiyyətləri, aparmış olduqları missiyanın məsuliyyətini unudur:

“Bir çoxları ümumiyyətlə bunu başa düşmürlər. Sözsüz ki, Milli Məclisdə cəmiyyətdə gedən proseslərə obyektiv qiymət verilməli, əldə olunan uğurlar birmənalı şəkildə qeyd olunmalıdır. Unutmaq olmaz ki, dünyanın heç bir yerində ideal cəmiyyət mövcud deyil. Azərbaycanda da təbii ki, müəyyən çatışmazlıqlar, nöqsanlar var. Bunların da bir çoxu obyektiv amillərlə, dünyada gedən qlobal proseslərə bağlıdır. Faktiki olaraq bu gün dünya od içərisindədir. Bütün ticari, iqtisadi zəncirlər qırılıb. Rusiya-Ukrayna müharibəsi, Yaxın Şərqdə olan qanlı olaylar dünya miqyasında ciddi problemlər yaradıb. Azərbaycan dünyanın bir parçası kimi bu məsələlərdən kənarda qala bilməz”.

Fəzail Ağamalıya görə, Azərbaycan Prezidentinin düşünülmüş, gələcəyə hesablanan yüksək peşəkarlıqla həyata keçirdiyi siyasət ölkəmizi bu cür kataklizmlərdən sığortalaya bilib: “Başqa ölkələrlə müqayisədə Azərbaycanın durmuş olduğu yeri bu gün hamı görür. Biz iddia etmirik ki, bütün problemlər həll edilib. Onsuz da dövlət sosial sahəyə olan diqqəti daha da artırır. 2025-ci ilin dövlət büdcəsində sosial sahəyə ayrılan vəsaitlə yanaşı, ölkəmizin müdafiə qabilliyyətinin daha da artırılması istiqamətində zəruri tədbirlərin görülməsi də vacibdir. Əgər dövlətin təhlükəsizliyi təmin edilməsə, regionda gedən proseslərdən sığortalanmaq mümkün deyil”.

Ağ Partiya başqanı Tural Abbaslı isə hesab edir ki, hakim partiyanı təmsil edən bəzi deputatların yanaşmaları məntiqdən uzaqdır:

“Bunu əslində, onlar öz aralarında da müzakirə edə bilərdilər. YAP-çı deputatlar olan Siyavuş Novruzov, Səyyad Salahlı adətən, iqtidarın mövqeyini müdafiə etməlidir. Çünki onlar hakim partiyanın təmsilçiləridirlər. Əslində, onların kimdən-kimə şikayət edir məntiqi başa düşülən deyil. Bunu hansısa müxalifət təmsilçisi etmiş olsa, başa düşmək olar. Xal yığmağa çalışmaq, tənqid etmək adətən, müxalifət təmsilçisi üçün lazım olur”.

Partiya sədrinə görə, ölkədə çatışmazlıqların olduğunu heç kəs iddia etmir:

“Zaman-zaman sosial sahədə olan bəzi çatışmazlıqlar qaldırılıb. Amma maraqlı cəhət odur ki, uzun müddət iqtidar partiyasında təmsil olunan, qanunvericiliyi qəbul edən, prosesləri müdafiə edən şəxslərin birdən-birə tamam başqa bir mövqedən çıxış etməsi təəcüb doğurur”.

Link kopyalandı!
Son xəbərlər