BDU tələbələri
325
11:37, Bu gün

BDU tələbələri "Yer səthinin məsafədən müşahidəsi" müsabiqəsinin finalçısı olublar

Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsinin magistrantı İmran Bayramov və IV kurs tələbəsi Sona Paşayeva Azərbaycan Respublikasının Kosmik Agentliyinin (“Azərkosmos”) təşkil etdiyi "Yer səthinin məsafədən müşahidəsi" müsabiqəsinin finalçısı olublar.
 
Bu barədə Moderator.az-a BDU-dan məlumat verilib.
 
Belə ki, Coğrafiya fakültəsinin magistrantı İmran Bayramovun "Sərsəng su anbarı və ətraf ərazilərində təbii-ekoloji şəraitin məskunlaşma prosesinə və təsərrüfatın inkişaf imkanlarına təsirinin tədqiqi" və IV kurs tələbəsi Sona Paşayevanın "Ekoloji və rekreasiya təyinatlı yaşıllıqların şəhərlərin dayanıqlı inkişafına təsirinin tədqiqi (Xaçmaz inzibati rayonu timsalında)" mövzularında elmi layihələri finala çıxan 52 layihə arasında yer alıb.
 
"Sərsəng su anbarı və ətraf ərazilərində təbii-ekoloji şəraitin məskunlaşma prosesinə və təsərrüfatın inkişaf imkanlarına təsirinin tədqiqi" mövzusunda layihə çərçivəsində Sərsəng su anbarının əsas hidroekoloji, geomorfoloji və ekocoğrafi parametrləri hesablanıb, təhlil olunub və beynəlxalq qiymətləndirmə meyarları ilə uyğunlaşdırılıb.  İşğaldan sonra Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına Böyük Qayıdış fonunda aparılmış inzibati ərazi islahatlarının nəticəsi olaraq yenidən yaradılmış Ağdərə rayonunun davamlı sosial-iqtisadi inkişafı və onun ərazisində yerləşən Sərsəng su anbarından dayanıqlı istifadə məqsədi ilə təkliflər işlənib hazırlanıb. Layihənin ərsəyə gəlməsində “Google Earth Pro”, “Google My Map”, “QGis" və s. xəritələrin CİS mühitində emalı alətlərindən istifadə olunub. Layihə çərçivəsində “Azərkosmos”un təqdim etdiyi 2017, 2020 və 2023-cü illərə aid peyk təsvirləri ilə yanaşı, digər peyklərin (“Sentinel”, “Landsat” və b.) təsvirləri də istifadə edilib. Aparılmış tədqiqatlar nəticəsində Sərsəng su anbarının ətraf ərazilərinin təbii şəraiti ilə yanaşı, həm də ölkənin qərb rayonları ilə nəqliyyat-kommunikasiya perspektivlərinin geniş olduğu müəyyənləşdirilib. Layihə çərçivəsində beynəlxalq standartlara və təcrübələrə əsaslanan Sərsəng su anbarı üçün sahil ekosistemlərini idarəetmə planı (SEİP) da hazırlanıb.  
 
"Ekoloji və rekreasiya təyinatlı yaşıllıqların şəhərlərin dayanıqlı inkişafına təsirinin tədqiqi (Xaçmaz inzibati rayonu timsalında)" mövzusunda layihədə isə Xaçmaz şəhərinin 2035-ci ilə qədərki dövrdə inkişafına dair “Xaçmaz şəhərinin Baş planı” çərçivəsində şəhərin inkişaf zonasına daxil olan ərazilərdə mövcud və yaradılması nəzərdə tutulan infrastruktur təhlil olunub. Şəhər ekosisteminin davamlılığı naminə ekoloji və rekreasiya təyinatlı yaşıllıqların sayının artırılmasına dair konkret təkliflər hazırlanıb. Layihənin icrası üçün “Azərkosmos” tərəfindən təqdim olunmuş 2018 və 2023-cü illərə aid Xaçmaz şəhəri və onun ətraf ərazilərini əhatə edən peyk təsvirləri şəhərin Baş planında nəzərdə tutulan inkişaf əraziləri ilə uyğunlaşdırılıb. Əldə olunmuş nəticələr əsasında ilkin mərhələdə üç istiqamət üzrə ekosistem xidmətlərinin tətbiqi üzrə təkliflər verilib. Layihədə Xaçmaz şəhərinin yaşıllıqlarla əhatə olunması üzrə beynəlxalq müqayisələr də aparılıb. Müasir və dayanıqlı şəhərsalma təcrübələri üzrə Çin, İspaniya, Macarıstan, Polşa, Birləşmiş Ərəb Əmirlikləri, Filippin, Pakistan və s. ölkələrdə aparılmış tədqiqatlar öyrənilib və Xaçmaz şəhərinin dayanıqlı şəhər idarəetmə multi-modeli təklif olunub. Şəhər əhalisinin artım dinamikası və yaşıllıqların dəyişmə dərəcəsi arasında kəmiyyətlərin korrelyasiya əlaqəsi qurulub və BMT-nin “UN-Habitat” məskunlaşma proqramının tövsiyə etdiyi UED indikatoru və şəhər landşaftlarının antropogenləşmə səviyyəsi müəyyən edilib.
Link kopyalandı!
Son xəbərlər