Bizi sosial şəbəkələrdən izləyin:
"Polşa Prezidenti Andjey Dudan Ermənistana səfər proqramı zamanı sülh prosesini müzakirə etməklə yanaşı, Azərbaycan-Ermənistan sərhədinə - Arazdəyənə də baş çəkəcək. Eyni zamanda Avropa İttifaqının müşahidə missiyasının fəaliyyəti ilə yerində tanış olacaq. 2025-ci ilin yanvarından etibarən Avropa İttifaqı (Aİ) Şurasının rəhbərliyi Polşaya keçəcək. Sözsüz ki, Dudanın aktivliyi Aİ-nin Ermənistanda olan missiyasının vaxtının uzadılması ilə bağlıdır".
Moderator.az bildirir ki, bunu Teleqraf.com-a Milli Məclisin komitə sədri, Böyük Quruluş Partiyasının başqanı Fazil Mustafa deyib.
“Polşa növbəti mərhələdə Avropa İttifaqı Şurasına sədrliyi təhvil alacağına görə belə bir addım atır. Amma bütövlükdə bu kimi səfərlərin nəyisə dəyişəcəyini söyləmək çətindir”, - deyə o əlavə edib.
Partiya sədri bildirib ki, Polşa ilə Azərbaycan arasında normal münasibətlər var:
“Çox güman ki, bu ölkədə Azərbaycanın maraqlarına qarşı çıxış etmək və yaxud da onu pozmaq niyyəti yoxdur. Buna baxmayaraq, Aİ-nin missiyası fonunda bu kimi səfərlər Azərbaycan tərəfi üçün maraqlıdır”.
Fazil Mustafaya görə, ekstremal vəziyyətdə Azərbaycana qarşı hansısa addımların atılması ehtimalı yoxdur:
“Aİ-nin missiyası elə bir səlahiyyətə malik deyil. Azərbaycana qarşı hansısa addımların atılması asan görünmür. Sadəcə, olaraq proseslərə həssas yanaşmaq lazımdır. Əgər ehtiyac yaranarsa, rəsmi Bakı düşünülmüş addımlar atacaq. Bunu erməni tərəfi yaxşı bildiyi üçün təxribat törətməyin nəyə başa gələcəyini anlayırlar”.