Bizi sosial şəbəkələrdən izləyin:
"Ermənistan 30 illik işğal dövründəki danışıqlar kimi II Qarabağ müharibəsindən sonra da sülh prosesini müxtəlif bəhanələrlə uzadır. Əslində, Azərbaycan qalib tərəf kimi sülhdə o qədər də maraqlı olmamalıdır. Məğlub Ermənistan bunda maraqlı olmalıdır".
Moderator.az xəbər verir ki, bu sözləri Teleqraf.com-a açıqlamasında AĞ Partiya başqanı Tural Abbaslı deyib.
“Azərbaycana sərf edəcək şərtlər daxilində Ermənistanla sülh müqaviləsinin imzalanması mümkündür. Burada üç əsas şərt mövcuddur. İlk növbədə, Ermənistan 30 illik işğal və dağıntılara görə təzminat ödəməyi qəbul etməlidir. Eyni zamanda bu ölkə hücum silahları almayacağı öhdəliyini götürməlidir. Həmçinin Ermənistan Azərbaycanın tarixi torpaqları barədə danışıqlara hazır olduğunu bəyan etməlidir”,- deyə Tural Abbaslı söyləyib.
Partiya sədri hesab edir ki, üç şərtin təmin olunmayacağı sülh Azərbaycana lazım deyil:
“Azərbaycan qalib dövlətdir. Ermənistana isə sülh müqaviləsi məhz tarixi Azərbaycanın torpaqlarını təsdiqlətmək üçün lazımdır. Çalışırlar ki, Zəngəzur, Dərələyəz, Basarkeçərin Ermənistana aid olduğunu və ərazilərinin 29,8 min kv km olduğunu tanıtsınlar”.
Tural Abbaslıya görə, sülh danışıqları ancaq Ermənistanın öhdəlikləri üzərində aparıla bilər:
“Azərbaycan Ermənistana qarşı təzminat məsələsini qaldırmalıdır. Eyni zamanda tarixi Azərbaycan ərazilərinin geri qaytarılması üçün hüquqi və əməli tədbirlər planı qurulmalıdır. Bunun əvəzində başqa danışıqlara vaxt sərf etməyə ehtiyac yoxdur”.