Partiya sədri hesab edir ki, Ermənistan rəhbərliyi sülhdən danışa-danışa digər yandan kiçik bir ölkəyə dünyanın müxtəlif ölkələrindən silahlar daşıyır:
“Kiçik bir ölkəyə bu qədər silahı doldurmaq Ermənistanı barıt çəlləyinə çevirmək deməkdir. Bu da gec-tez başlarında partlayacaq. İddia edirlər ki, Azərbaycan II Qarabağ müharibəsindəki qələbə ilə kifayətlənmir və yenidən Ermənistana hücum edəcək. Eyni zamanda Qərbi Azərbaycan mövzusunu da Ermənistan rəhbərliyi fərqli rakursda şərh edir. Bunu Azərbaycanın Ermənistanı işğal etmək siyasəti kimi qələmə verməyə çalışırlar. Aldıqları silahları özünümüdafiə məqsədi güddüyünü deyirlər. Amma Ermənistana göndərilən silahların böyük əksəriyyəti hücum xarakterlidir”.
Sabir Rüstəmxanlıya görə, bütün bunların fonunda sülhdən qaçmaq mümkün deyil:
“Ermənistan bunu başa düşür. Paşinyanın da etiraf etdiyi kimi, tarixi Ermənistan mif və uydurmadır. Əgər indi Azərbaycanla sülh bağlasalar, tarixə ilk dəfə bir erməni dövləti düşəcək. Çünki buna qədər beynəlxalq hüquq tərəfindən tanınan, sərhədləri tam aydın olan Ermənistan dövləti olmayıb. Ona görə də yekun sülh sazişinin imzalanması qaçılmazdır. Ola bilsin ki, sülhə keçid mərhələsi üçün başqa bir sənəd imzalansın”.