Ana ölümlərində bloqerlərin
185
16:16, Bu gün

Ana ölümlərində bloqerlərin "əməyi": "Qadın doğuşa yaxın ginekoloq axtarır"

Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında 2025-ci ilin büdcə müzakirələri zamanı Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova Azərbaycanda 2000-ci illə müqayisədə qadın məsləhətxanaları və qadın məsləhətxanası olan tibb müəssisələrinin sayının üç dəfə azaldığını söyləyib. O bildirib ki, 2000-ci ildə bu rəqəm 313 olsa da, 2023-cü ildə 106-ya düşüb.

"Ana və körpə ölümlərinin, abortların sayının artmasını müşahidə edirik. Ana və uşaqların sağlamlıqlarının qorunması baxımından belə müəssisələrin sayının artması, bu sahədə peşəkar kadrların hazırlanması, xüsusilə onların kənd yerlərində işləməsi üçün imkanların yaradılması məqsədəuyğun olardı", - deyə komitə sədri qeyd edib.

Maraqlıdır, bəs görəsən, qadın məsləhətxanalarının azalmasının səbəbi nədir? Bu tipli müəssisələrin ana və körpə sağlamlıqlarının qorunmasında hansı rolu var?

Mövzu ilə bağlı Oxu.Az-ın suallarını cavablandıran sosioloq Lalə Mehralı qeyd edib ki, qadın məsləhətxanalarında qeydiyyata düşmək istəyən qadınların əksəriyyəti həkimlər tərəfindən özəl xəstəxanalara yönləndirilir:

"Qadın məsləhətxanalarında həkimlərin bir qismi özəl xəstəxanalarda işlədiyi üçün məsləhətxanalara gələnləri özələ yönləndirir. Özəl xəstəxanalarda analiz qiymətləri yüksəkdir. Həkimlərin analizə göndərdikləri hər pasiyentə görə onlara orada faizlər hesablanır. Dolayı yolla özəl xəstəxanalara göndərilən hər xəstəyə görə də həmin klinikadan ödənişlər alırlar. Bu səbəbdən onlar pasiyentləri qadın məsləhətxanalarında müayinə etməkdə maraqlı deyillər. Onları özəl xəstəxanaya göndərib daha çox gəlir əldə etməkdə daha maraqlıdırlar".

Onun sözlərinə görə, illər boyu aparılan antireklam sayəsində insanlarda dövlət müəssisələrində doğru diaqnoz qoyulmaması ilə bağlı fikir formalaşıb:

"Bəzən qadınlar özləri özəl klinikalara üz tuturlar. Daha yaxşı xidmət görmək istəyirlər. Düşünürlər ki, özəllərdə analiz nəticələri daha düzgün, diaqnoz daha doğru olur. Bunların hər biri, əslində, şişirdilmiş rəylərdir. Dövlət xəstəxanalarında analizlərin düz olmaması, doğru diaqnoz qoyulmaması ilə bağlı aparılan antireklam məqsədli şəkildə edilib. Sosial şəbəkə fenomenləri ödəniş qarşılığında bununla bağlı ciddi təbliğat aparırdılar. İllərlə çalışıb-vuruşub insanları dövlət müəssisələrindən uzaqlaşdırmağa nail oldular.

Dövlət bizə bir çox imkanlar vermişdi. Biz qadın məsləhətxanalarında ödənişsiz müayinələrdən keçirdik, indi isə külli miqdarda ödənişlər edərək özəl xəstəxanalara üz tutulur. Dövlət müəssisələrinə inamsızlıq insanların beyninə yeridilib. Ona görə də bu gün qadın məsləhətxanalarında qeydiyyata düşənlərin sayı günü-gündən azalır. Bu da məsləhətxanaların azalmasına gətirib çıxarır. Yaxşı olar ki, deputatlar bu sayın azalmasındakı səbəbləri müzakirə etsinlər".

Sosioloqun qənaətinə görə, anaların ölüm hallarının çoxu özəl klinikalarda baş verir:

"Çünki özəl xəstəxanalarda hər şey kapitalın üzərində formalaşıb. Pasiyent gələndə ona fərd olaraq yox, potensial pul kisəsi kimi yanaşırlar. Hər qadının oraya girişi kassada pulun daha da artması deməkdir. Dövlət müəssisələrində ölənlərin sayını qabardırlar, özəl klinikalarda isə bu cür hallar baş verəndə ört-basdır edirlər ki, klinikanın nüfuzuna zərər gəlməsin. Bizim yaxşı işləyən doğum evlərimiz var. İllərin peşəkarı həkim-ginekoloqlarımız var. Onları sanki potensial ana ölümü həyata keçirənlər kimi təqdim ediblər. İnsanlar da dövlət müəssisələrinə üz tutmaqdan çəkinirlər, düşünürlər ki, oraya getsələr, öləcəklər".

Ginekoloq Aygün Budaqova söyləyib ki, qadın məsləhətxanalarına gəlməyən hamilələr kənar ginekoloqlara müraciət edirlər, bu zaman onlar antenatal xidmət üzrə protokola uyğun müayinə edilmirlər, kənarda qalan problemlər səbəbindən də ana ölümləri yaşanır:

"Bu gün istər regionlarda, istərsə də Bakının müxtəlif ərazilərində qadın məsləhətxanaları fəaliyyət göstərir. Onların sayı kifayət qədərdir, lakin hazırda məsləhətxanalara gələnlərin sayı azalıb. Qadın məsləhətxanalarında antenatal xidmət üzrə protokola uyğun müayinələr aparılır. Lazım olanda qadınlar mütəxəssislərə yönləndirilirlər. Ona görə də hər hansı problem olanda qarşısı alınır. Məsləhətxanaya gəlməyən, kənar ginekoloqlara müraciət edənlərin müayinəsi protokolla aparılmır. Belə halda yaddan çıxan, kənarda qalan problem ola bilir. O da sonda ana ölümünə gətirib çıxarır".

Onun sözlərinə görə, ana ölümü antenatal xidmətlə əlaqəli olmayıb, doğuş fəaliyyəti dövrü ilə əlaqəli də ola bilər:

"Bu zaman da qadın məsləhətxanasının o qədər də rolu olmur. Doğuşu tezləşdirmək məqsədilə simulyasiyaların edilməsi, bəzən düzgün taktika seçilməməsi ana ölümünə gətirib çıxarır. Ola bilir ki, məsləhətxanada hər şey normal gedib, lakin doğuş anında ana ölümü doğum evində qeydə alınıb. Bu, artıq onların problemi olur. Profilaktik tədbirlərin vaxtında görülməməsi, doğuşdansonrakı ilkin zahılıq anında qadına nəzarətin olmaması da ana ölümünə səbəb ola bilir".

Tibbi ekspert Adil Qeybullanın qənaətinə görə, hazırda problemlərin ən böyüyü insanların sağlamlıq parametrlərinin xeyli aşağı olması ilə bağlıdır:

"Sovet dövründə qadın məsləhətxanaları var idi. Qadınlar orada müşahidə altında olurdular. Kənd yerlərində bu müşahidələrin aparılmasında çətinliklər var idi. Amma qeydiyyat sistemi çox ciddi idi. Hazırda problemlərin ən böyüyü ondan ibarətdir ki, insanların sağlamlıq parametrləri xeyli aşağıdır. Fizioloji normal gedən hamiləliklərə çox az hallarda təsadüf edilir. Qadınlar yanaşı xəstəliklərlə birgə hamilə qalırlar. Doğuşa yaxın ginekoloq axtarışına çıxırlar. Bu zaman da aydın olur ki, həyat üçün ciddi təhlükə var. Bu hallar ana və uşaq ölümlərinin əsasında dayanan amillərdir.

İstənilən halda hamiləlik planlaşdırılan olmalıdır. Hamiləlikdən öncə qadın diqqətlə yoxlanılmalıdır. Onun hamiləliyi necə keçirə biləcəyi proqnozlaşdırılmalıdır. Hamiləlik dövrü də nəzarət altında olmalıdır. Bəzən müxtəlif infeksiyalar, ağır xəstəliklərlə hamilə qalırlar. Nəticədə də bu vəziyyət yaranır. Bunlar ana və uşağın müdafiə prosesinin təşkilində baş verən boşluqlar, nəzarətsizliklərdir. Lazımi mexanizmlərin olmamasıdır. Ona görə də bu gün biz artan dinamika ilə üz-üzəyik".

Xatırladaq ki, Dövlət Statistika Komitəsinin açıqladığı son rəqəmlərə görə, 2022-ci illə müqayisədə 2023-cü ildə ana ölümlərinin sayı 15 nəfər artaraq 33-ə çatıb. Həmçinin, bu zaman ərzində beş yaşına qədər olan uşaq ölümlərinin sayı 1 139 nəfər artaraq 2 395 nəfərə çatıb. Ümumilikdə oğlan uşaqları arasında baş vermiş ölüm halları qız uşaqları arasında baş vermiş ölüm hallarına nisbətən daha yüksəkdir.

Link kopyalandı!
Son xəbərlər