BDU-da Kəlbəcər Şəhəri Günü qeyd edilib
309
11:25, Bu gün

BDU-da Kəlbəcər Şəhəri Günü qeyd edilib

Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsində Tələbə Həmkarlar İttifaqı Təşkilatının (THİK) təşəbbüsü ilə 25 noyabr – Kəlbəcər Şəhəri Günü münasibətilə tədbir keçirilib.
 
Moderator.az xəbər verir ki, professor-müəllim heyətinin və tələbələrin iştirakı ilə keçirilən tədbirdə əvvəlcə Dövlət himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin unudulmaz xatirələri bir dəqiqəlik sükutla anılıb.
 
Tədbirin moderatoru – Kitabxana-informasiya resurslarının idarə edilməsi kafedrasının dosenti Rəşad Qardaşov Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” 31 iyul 2023-cü il tarixli Sərəncamını xatırladıb, sənədin tarixi əhəmiyyətini vurğulayıb: “Kəlbəcər rayonu 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanata əsasən 25 noyabrda döyüşsüz Azərbaycana təhvil verildi. Xüsusi strateji əhəmiyyətə malik olan Kəlbəcərin azad edilməsi Vətən müharibəsində qazandığımız tarixi Zəfərin ən parlaq səhifələrindəndir”.
 
Birinci Qarabağ müharibəsinin veteranı, BDU-nun Redaksiya-nəşriyyat işi kafedrasının müdiri Knyaz Aslan 44 günlük Vətən müharibəsində əldə etdiyimiz qələbənin xalqımızda yüksək əhval-ruhiyyə yaratdığını bildirib, Qarabağda, Şərqi Zəngəzurda aparılan misilsiz quruculuq işlərindən bəhs edib: “Azad Kəlbəcərimiz də yenidən dirçəlir, tikinti-quruculuq layihələri sürətlə həyata keçirilir. Bu ilin sentyabr ayında Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcərdə “İstisu” mineral su zavodunun açılışını etdilər. Uzun illər həsrət qaldığmız bu təbii xəzinə artıq süfrələrimizdə, o cümlədən rəsmi tədbirlərimizdə yer alır”.
 
İnformasiya və sənəd menecmenti fakültəsinin məzunu, Vətən müharibəsi qazisi, ölkə rəhbəri tərəfindən “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif olunmuş Ayxan Şükürlü keçdiyi döyüş yolundan bəhs edib, 44 günlük zəfər yürüşünün və 1 günlük antiterror tədbirlərinin nəticəsində ölkəmizdə əmin-amanlığın əbədi bərpa olunduğunu, torpaqlarımızdan separatçılığın kökünün biryolluq kəsildiyini vurğulayıb.
 
Tədbir Əməkdar jurnalist Firuzə Nadirin müəllifi olduğu, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə hazırlanmış Kəlbəcər rayonunun adət-ənənələrindən bəhs edən “Bal kimi süfrə” sənədli filminin nümayişi ilə başa çatıb.
 
Link kopyalandı!
Son xəbərlər