Bizi sosial şəbəkələrdən izləyin:
Qax rayonundakı Kürmük məbədində ildə iki dəfə - may və noyabr aylarında Kürmükoba bayramı keçirilir. Bayramda dini ayinlər icra olunur, qurbanlar kəsilir, el gəzintisi təşkil edilir.
Moderator.az AZƏRTAC-a istinadla xəbər verir ki, noyabrın 23-də Kürmük məbədində növbəti bayram mərasimi keçirilib. Rayon sakinləri - azərbaycanlılar, gürcülər, ingiloylar, digər xalqların nümayəndələri, həmçinin ətraf rayonlardan gələn qonaqlar əsl tolerantlıq örnəyi nümayiş etdirərək, səhər saatlarından etibarən birlikdə məbədi ziyarət edib, dini ayinləri yerinə yetirib, qurbanlar kəsiblər.
Erkən orta əsrlərə aid qədim alban məbədinin izlərini daşıyan bu məbəd əcdadlarımızın dini inanclarının rəmzi abidəsi, müxtəlif dinlərdən olan insanların ibadətgah yeridir. Dövlətimiz tərəfindən tarixi abidə kimi qorunan Kürmük məbədi, həm də xalqımızın tarixi yaddaşı, Azərbaycanın maddi-mədəni irsidir.