Bizi sosial şəbəkələrdən izləyin:
ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp türkəsilli Mehmet Öz (Mehmet Cengiz Öz) adlı həkimin "Medicare" və "Medicaid" Xidmətləri Mərkəzinin (CMS) direktoru vəzifəsinə namizədliyini irəli sürüb.
Moderator.az Oxu.az-a istinadən xəbərinə görə, bu barədə Tramp "Truth Social" sosial media platformasındakı hesabında məlumat verib.
Məlumata görə, yeni seçilmiş prezident ABŞ-nin ciddi bir sağlamlıq böhranı ilə üzləşdiyini və bu problemlərlə məşğul olmaq üçün Mehmet Özdən daha ixtisaslı həkimin olmadığını bildirib.
Həkimin Harvard Universiteti ilə başlayan təhsil həyatına və karyerasına toxunan Tramp onun ABŞ səhiyyə sistemində bir çox problemi həll edə biləcəyini vurğulayıb.
ABŞ-də "Medicare" 65 yaşdan yuxarı insanlara tibbi xidmət göstərən federal tibbi sığorta təminatçısıdır. "Medicaid" isə aşağıgəlirli qruplara tibbi sığorta xidmətləri göstərən federal və əyalətlərarası ortaq dövlət proqramı kimi fəaliyyət göstərir.
Xatırladaq ki, ABŞ-də federal hökumət 2023-cü ildə "Medicaid" proqramı çərçivəsində 860 milyard dollar və "Medicare" çərçivəsində 848 milyard dollar xərcləyib.
Qeyd edək ki, Mehmet Öz türkəsilli ABŞ-li həkim, aparıcı və siyasətçidir. O, ABŞ Konqresinə seçkilərdə namizəd kimi iştirak edib. 2022-ci il Pensilvaniya ara seçkisində Respublikaçılar Partiyasından senatorluğa namizədliyini irəli sürüb.