COP29-un qonaqlarına “Oyanış
174
12:10, Bu gün

COP29-un qonaqlarına “Oyanış" adlı konsert-tamaşa təqdim edildi

Bakıda davam edən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29-un iştirakçılarının asudə vaxtının səmərəli təşkili, əcnəbi qonaqlara Azərbaycanın zəngin mədəni irsinin, incəsənətinin tanıdılması məqsədilə Mədəniyyət Nazirliyi tərəfindən maraqlı bədii proqram da hazırlanıb.
 
Moderator.az xəbər verir ki, noyabrın 13-də Heydər Əliyev Sarayında Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Oyanış" adlı proqram – şou-kompozisiya təqdim olunub.
 
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının təqdim etdiyi proqramı COP29-la bağlı Bakıya gəlmiş müxtəlif ölkələrin rəsmiləri də daxil olmaqla geniş tamaşaçı auditoriyası böyük maraqla izləyib.
 
“Oyanış” – insanın təbiətlə vəhdətini bərpa edən və bəşər varlığını həyat üçün zəruri olan ilkin elementlərə diqqətlə nəzər salmağa təşviq edən müqəddəs bir ayindir. Yaşadığımız dövrdə hava, su, torpaq və od kimi vacib elementlər yeni düşüncələrə ilham verən mövzulara çevrilib. Buna görə də bu tamaşa suyu həyatla, havanı zəkanın gücü ilə, torpağı şüurlu varlıqla, atəşi isə sivilizasiyanın işığı ilə birləşdirən bir oyanış kimi nəzərdə tutulub. Bəşəriyyət uzaq keçmişdən bu günə səyahət edən kahinlərin müdrikliyindən nəsihət alaraq hər bir elementin tərkibində təbiətə aid sənət əsərinin olduğuna şahidlik edir.
 
Şou-kompozisiyada yer alan xalça təsviri saysız-hesabsız düyünlərin nəticəsidir, biz də insanlar arasında kollektiv iradə sayəsində əldə edilmiş birliyin gözəlliyini məhz bu formada təsvir edirik. İnsan məhdudiyyətlərinin məhbusuna çevrilmiş Qız qalasının saf ruhlu şahzadəsi onu gizlədən daşlar arasından azad olub “insan olmağı” hər birimizə xatırladaraq bizi bu gözəllik, saflıq və kövrəkliklə ruhlandırır. İnsan olmaq, həqiqətən də, malik olduğumuz kövrəkliyi qəbul etmək deməkdir, amma bu, o demək deyil ki, biz həyat səhnəsində olmalı deyilik. Unutmayaq ki, həyat özü gözəllik kimidir. Ona qayğı göstərilmirsə, haqqı verilmirsə, o, mövcud deyil. Buna görə də, hər şeyə yeni nəfəs verilsin deyə bəşəriyyətə təqdim edilən Oyanış yeni dünyanın elçisi kimi rəqsin vəcdi və baharın şövqedici arzusu ilə alovlanır...
 
Azərbaycan sənətçiləri ilə yanaşı, əcnəbi incəsənət ustalarının da iştirakı ilə hazırlanan şou-kompozisiyanın rejissoru və ssenaristi Françesko Bondi, musiqi rəhbəri Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru Əməkdar artist Əyyub Quliyev, xormeysteri Əməkdar incəsənət xadimi Sevil Hacıyevadır.

Link kopyalandı!
Son xəbərlər