"Ukraynada müharibə dalana dirənib və onu danışıqlar masası arxasında bitirmək lazımdır..."
"Ukraynada müharibənin yükü bundan sonra da yalnız Amerika xalqının çiyinlərinə düşə bilməz..."
Donald Tramp Florida ştatından senator Marko Rubionu Dövlət katibi vəzifəsinə təyin etməyi planlaşdırır.
Moderator.az xəbər verir ki, bu barədə "bbc.com" agentliyi məlumat yayıb.
Bundan öncə Tramp Rubionu vitse-prezident kimi nəzərdən keçirib, lakin sonda bu posta namizəd olaraq Ohayyo ştatından senator Cey Di Vensin üzərində dayanıb.
Mark Rubio xarici siyasətdə, o cümlədən Kuba, Çin və İrana münasibətdə "quzğun" hesab edilir. Ona qarşı 2020-ci ildə Çin hökuməti tərəfindən "Qonkonqla bağlı məsələlərdə pis davranışına görə" sanksiyalar tətbiq edilib.
"ABŞ-ın indiki və sabiq rəsmi şəxsləri deyir ki, Çin, ehtimal ki, bununla əlaqədar olaraq bu sanksiyaları götürməli olacaq", - CNN yazıb.
Rubio hələ 2014-cü ildə Krımın Rusiya tərəfindən ilhaq edilməsindən sonra Rusiya banklarını SWIFT beynəlxalq ödənişlər sistemindən ayırmağa çağırış edib. 2022-ci ilin yanvarında, Rusiyanın Ukraynaya qarşı tammiqyaslı müharibəsindən öncə respublikaçı yenidən buna çağırış edib.
Bundan başqa, o, Rusiyanın Ukraynaya hücum edəcəyi təqdirdə Vladimir Putinə və Rusiya rəhbərliyinin bir sıra əsas nümayəndələrinə qarşı şəxsi sanksiyalar tətbiq etməyə çağırış edib. 2022-ci ilin martın əvvəlində Rubio digər respublikaçı senator Ças Qresli ilə birlikdə Rusiyanın bütün müəssisələrinə qarşı geniş sanksiyalar tətbiq etməyi təklif edib.
Hazırda onun Rusiyanın Ukraynaya qarşı təcavüzünə münasibəti Trampın özünün mövqeyini əks etdirir. Rubio bəyan edib ki, münaqişəni "dalana dirəndiyinə görə" bitirmək lazımdır. Bu zaman o, qeyd edib ki, Rusiya təcavüzünə qarşı müdafiə olunan zaman "ukraynalılar inanılmaz dərəcədə cəsur və güclü olub".
"Mən Rusiyanın tərəfində deyiləm, amma təəssüf ki, gerçəklik bundan ibarətdir ki, Ukraynada müharibə yalnız danışıqlar masası arxasında bitəcək", - bunu Rubio sentyabr ayında NBC nəşrinə müsahibəsində deyib.
Rubio Yaxın Şərq münaqişəsində birmənalı olaraq İsrailyönümlü mövqe sərgiləyir, İsrailin özünümüdafiə hüququnu fəal şəkildə dəstəkləyir, İranı Yaxın Şərqdə sabitliyin pozulmasının əsas günahkarı hesab edir, İrana qarşı sərt sanksiyalara tərəfdardır.
53 yaşlı Marko Mario Kuba immiqrantının oğludur, Birləşmiş Ştatların fəal xarici siyasətinin ən görkəmli tərəfdarlarından biridir.
Donald Trampın ilk prezidentlik dönəmində o, ABŞ-ın NATO üzvlüyündən imtinası prosedurunu çətinləşdirən qanun layihəsinin təşəbbüskarlarından biri olub.
Bu, Trampın NATO-ya skeptik münasibətinə cavab olub. Lakin sonradan Rubio beynəlxalq məsələlərdə Trampla oxşar baxışlar sərgiləyib.
Tramp milli təhlükəsizlik məsələləri üzrə müşavir vəzifəsinə təyin etməyi planlaşdırdığı Mayk Uolts bundan öncə Rusiyanı dayandırmağa çağırış edib, lakin həm də Ukraynaya yardımı tənqid edib.
50 yaşlı Uolts Tramp və onun ideyalarını açıq şəkildə dəstəkləyir, bu barədə "The Washington Post" nəşri yazıb. Uolts miqrasiya, Ukraynaya dəstək məsələlərində Trampın mövqeyini bölüşür, Çinin xarici siyasətini tənqid edir.
Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra Uolts Bayden administrasiyasına Kiyevə daha çox silah tədarükünə çağırış edib, lakin sonradan ABŞ-ın Ukraynadakı məqsədlərini yenidən dəyərləndirib.
"Rusiyanı NATO-nu və deməli ABŞ-ı müharibəyə cəlb etmədən öncə dayandırmaq düzgün nəsnədir. Lakin bu yük bundan sonra da yalnız Amerika xalqının çiyinlərinə düşə bilməz", - o, "Fox News" nəşrində yazıb.
Uolts həmçinin qeyd edib ki, Bill Klintondan başlayaraq Rusiya diktatoru Vladimir Putin hər bir prezidentin dönəmində qonşu ölkələrə hücum edib. Onun sözlərinə görə, yeganə istisna Donald Tramp olub.