“Həmin gün qanadım olsaydı uçardım, rəhmətə getsə də yaxşı ki, onunla Şuşada iki gün qaldıq”
336
11:47, Bu gün

“Həmin gün qanadım olsaydı uçardım, rəhmətə getsə də yaxşı ki, onunla Şuşada iki gün qaldıq”

“8 noyabr Zəfər günü mənim həyatımın ən önəmli günüdür. 4 il əvvəl 8 noyabr tarixində cənab prezidentimizi hərbi formada görəndə, “Şuşa, sən azadsan” deyəndə bəlkə də mən həyatımın ilk möcüzəsini yaşadım. Bu yaşa çatmışdım amma möcüzə yaşamamışdım. Çünki ümidim kəsilmişdi, inanmırdım ki, işğal altında olan torpaqlarımızı geri qaytaracağıq. Buna mane olanlar da var idi. O torpaqları siz də görmüsüz ki, nə günə qoyublar. Əsas odur ki, bu torpaq bizdədir. Şəhidlərimizin ruhu qarşısında baş əyirəm, qazilərimizə Allahdan can sağlığı diləyirəm. Onları gərək başımızın üstündə gəzdirək, çünki onlar bizə şəhidlərimizin yadigarlarıdır. Ali Baş Komandanımıza can sağlığı arzulayıram. O mənə və hamıya şanlı tarixi canlı-canlı yaşatdı. Mən televizorun qabağında əsim-əsim əsmişəm, ağlamışam, sızlamışam. Bunlar sevinc göz yaşı olub. Bəlkə də həmin gün qanadım olsaydı uçardım. Hamını ürəkdən təbrik edirəm. Arzulayıram ki, bir də heç vaxt torpaqlarımız layiq olmayan düşmən tapdağı altında qalmasın. Millətimizi, vətənimizi, dövlətimizi, əmin-amanlığımızı, sərhəd bütövlüyümüzü Allah qorusun. Mavi səma istəyirəm”
Bunu Moderator.az-a açıqlamasında xalq artisti, Akademik Milli Dram teatrının aktrisası Firəngiz Mütəllimova deyib. O daha sonra əlavə edib.
 
“Şuşa ilə bağlı xatirələrim çoxdur. Şuşada böyürtkən, itburnu, kəklikotu, qırxbuğum, çiçək yığmağa getməyim yadımdadır. Balaca vedrələr götürüb gedirdik. Mərc edirdik ki, görək kim tez və çox yığacaq? Ən çox da çiçək yığırdıq. Şuşada hansı evə gedirdinsə çiçəklər var idi. İndiki “Qarabağ” otelinin qarşısı idi bizim vaxtilə gül-çiçək yığdığımız yerlər. Qışda xizəklə sürüşməyimiz, Novruz bayramında tonqaldan hoppanmağımız hamısı yadımdadır. Son Novruz çərşənbəsini Şuşada məxsusi qeyd edirdilər. Üzümüzə kömür çəkirdik, qızlar oğlan, oğlanlar qız paltarı geyinirdilər. Atdığımız torbalara işarə qoyurduq ki, tanış-biliş bilsin ki, bizim torbamızdır. Bir aylıq azuqəmizi yığıb gəlirdik (gülür). Qarabağ həsrətində olan hər kəsə arzu edirəm ki, o müqəddəs torpaqlarda ürəkləri istədikləri kimi yaşasınlar. Mənim də arzum budur ki, müqəddəs torpaqda yaşayım, məskunlaşım” deyə sənətkar bildirib.
Xalq artisti bildirib ki, qardaşı Şuşanı görəndən sonra dünyasını dəyişib:
 
“Qardaşımla Şuşaya gedəndə ora hələ ki, gül-çiçək, yamyaşıl, boş idi. Elə bil ki, bir cənnətə getmişdik. Qardaşım şəkil çəkdirməyi xoşlamırdı, amma onun hər cür şəkilini çəkdik. Güllərin, çiçəklərin içində uzandı. Məhəlləmizə getdik, 2 gün Şuşada qaldıq, gəzmədiyimiz yeri qalmadı Şuşanın. Onsuz da həyatda heç kim qalmır. Ürəyimdə təskinlik var ki, o Şuşanı gördü. Amma elə sənətkarlar, yaxınlarım, qohumlarım oldu ki, Şuşa deyə-deyə qaldılar. Şükür Allahın böyüklüyünə. Qardaşımdan sonra onun oğlu ilə getdim. Baxmayaraq ki, xaricdə yaşayır, amma Şuşa vurğunu, aşiqidir. Qardaşım demişdi ki, gələn il oğlumla gələcəm, ona qismət olmadı. Qardaşım oğlunu Şuşaya apararaq atasının arzusunu yerinə yetirdim” deyə sənətkar bildirib.
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Link kopyalandı!
Son xəbərlər