Bu gün Seyran Səxavətin “80+20=?” kitabının təqdimatı keçirilib. Tədbirdə Ədalət Partiyasının sədri Mütəllim Rəhimli Ədalət Partiyasının Mətbuat katibi İradə Aytel, şair Avdı Qoşqar, hüquqşünas Ələmdar Məmmədov, şair-yazıçı Gəray Göyyurd və başqaları iştirak ediblər. Tədbirin aparıcısı, Ədalət Partiyasının Mətbuat katibi İradə Aytel açılış nitqi ilə çıxış etdikdən sonra sözü Ədalət Partiyasının sədri Mütəllim Rəhimliyə verib. Mütəllim Rəhimli çıxışında bildirib: “İlk olaraq hər birinizi xoş gördük. Hər birimizə məlum olduğu kimi, sabah, yəni 27 sentyabr Azərbaycan tarixində silinməz tarixlərdəndir. Məhz bu səbəbdən Vətən müharibəsi şəhidlərinin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edək”.
Sükutdan sonra M. Rəhimli nitqinə davam edərək deyib: “Hörmətli Seyran müəllim, hörmətli qonaqlar, xoş gəlmisiniz. Ədəbiyyatda bəzi insanlar “ölümsüzdür”. Bu, əsasən həmin şəxslərin yaradıcılığından asılıdır. Məsələn, N. Gəncəvi, M. Füzuli və digərləri Azərbaycan ədəbiyyatının bir növ “ölümsüzləridir”. Çünki biz bu gün də onların əsərlərini oxuyuruq. Həmin əsərlər hazırda bizə yol göstərir. Seyran müəllimin 80 illik yubileyinə həsr edilmiş bu kitabın üzərinə 20 il gəlir və sonda da sual işarəsi qoyulur. Amma Seyran Səxavət həmin sual işarəsinin yerinə sonsuzluq işarəsi qoysa, daha yaxşı olar. Çünki hazırkı Azərbaycan ədəbiyyatının ölməzlərindən biri də məhz Seyran Səxavətdir. Bu həqiqətdir və həqiqəti də gizlətmək olmaz. Məncə, dünyada ən çətin anlayış sözdür, bu, dövlət qurmaq qədər çətindir. Seyran Səxavət isə bir söz ustasıdır. Mən bu qəbildən Seyran müəllimi bir daha təbrik edir, yaradıcılıq yolunda uğurlar arzu edirəm”.
M. Rəhimli çıxışından sonra sözü Ədalət Partiyasının Mətbuat katibi, tədbirin aparıcısı, şairə və yazıçı İradə Aytelə verilib. İradə Aytel ilk növbədə hər kəsi salamlayıb və tədbirdə iştirak edənlərə təşəkkür edib. İ. Aytel deyib: “Mən Seyran Səxavətin aforizmləri ilə çıxış etmək istərdim. Seyran Səxavət deyib ki, cümlə qurmaq dövlət qurmaq qədər çətindir və bu gün həmin çətin, məsuliyyətli iş mənim üzərimə düşüb. Əvvəla, mən kitabımız haqqında ümumi məlumat vermək istərdim. Bilirsiniz ki, Seyran müəllimin bu il 80 illik yubileyidir. Azərbaycanın hər bölgəsində silsilə yubiley tədbirləri keçirilir. Belə tədbirlər Bakıda da keçirilir. Məhz bu yubiley tədbirlərindən birini də biz Tovuz Xeyriyyə Cəmiyyətinin təşəbbüsü ilə həyata keçiririk. Bu səbəbdən də ilk olaraq Tovuz Xeyriyyə Cəmiyyətinin sədri Çingiz Abbasova təşəkkür edirəm. Bizim Seyran bəyin 80 illik yubileyinə hədiyyəmiz də oldu. Biz Tovuz Xeyriyyə Cəmiyyətinin təsis etdiyi “Mikayıl Azadlıq 100” medalını Seyran müəllimə təqdim etdik. Biz ikinci bir hədiyyə olaraq da istədik ki, Seyran müəllimin 80 şeirdən ibarət kitabını nəşr edək. Bunun redaktorluğunu, bu məsuliyyətli işi mən etmişəm. Bu kitabdakı şeirlər Seyran müəllimin 1962-ci ildəki ilk şeirindən başlayaraq, Seyran müəllimin özünün seçilmiş əsərlərindəndir. Adətən Seyran Səxavət “Seçilməmiş əsərlərim” yazır. Bu gün də biz bu gözəl kitabın təqdimatına toplaşmışıq. Bu münasibətlə Seyran Səxavəti bir daha təbrik edirəm”. Bu sözlərdən sonra aparıcı sözü Tovuz Xeyriyyə Cəmiyyətinin sədri Çingiz Abbasova verib. O da bu münasibətlə Seyran Səxavəti təbrik edib. Aparıcı xüsusi olaraq onu da qeyd edib ki, Ç. Abbasov hazırda Azərbaycan Auditorlar Palatasının Veteranlar Şurasının sədridir. Ç. Abbasov əsas olaraq onu qeyd edib ki, onlar bir-birlərini məktəb dövründən tanıyırlar.
Aparıcı növbəti olaraq sözü Ədalət Partiyasının üzvü Bəhəddin Həziyə verib. B. Həzi çıxışında bildirib: “Seyran Səxavət haqqında hamının ürəyi doludur, çünki onun yaradıcılığı doludur. Əvvəlcə Ədalət Partiyasına və Tovuz Xeyriyyə Cəmiyyətinə təşəkkür edirəm. Biz ilk olaraq bunu bilməliyik ki, ədalət olmayan yerdə hər kəs günahkardır. Ədalət həm də bədii yaradıcılığın üzərində qurulur. Bu kitab bizim üçün əhəmiyyətlidir. Ədəbiyyata diqqət göstərənlər ilk olaraq özünə yaxşılıq edir. Söz insandan uzun yaşayır. Mən Səxavət müəllimə uzun ömür arzu edirəm. Əsas bunu qeyd etmək istərdim ki, sizin bir nəfər oxucunuz qalsa, o da mənəm”. Aparıcı sözü şair-yazıçı və tarix üzrə fəlsəfə doktoru Arzu Nehrəmliyə verib. A. Nehrəmli çıxışında deyib: “Xoş gördük hamınızı. Seyran Səxavətin yaradıcılığı o qədər yüksəkdir ki, mənim o haqda danışmağa cürətim çatmaz. Mənim bu kitabda yazdığım məqalə dərc edilib. Bu səbəbdən də mən özümü xoşbəxt hiss edə bilərəm. Seyran bəylə mən tanış olanda biz Seyran bəyi ailəvi olaraq tanıdıq. Mənim nəvələrim də Seyran müəllimi çox istəyir. Arada məndən Seyran babaları ilə danışmaq istədiklərini də bildirirlər. Məhz bu səbəbdən də mən Seyran müəllimə həm də Seyran baba deyirəm. Seyran baba, yubileyiniz bir daha mübarək”.
Aparıcı İ. Aytel Seyran Səxavətin yaradıcılığında marağını nəyin çəkdiyini də bildirib: “Mənə ən çox maraqlı gələn odur ki, Seyran Səxavət heç zaman əsərlərində obrazlarına ad qoymur. Məsələn: “boğazı armud saplağına bənzəyən uşaq”, “saçını səliqəli darayan kişi”, “ölümünü gözə almayan kişi” və s.” Aparıcı növbəti olaraq sözü şair Rəfael bəyə verib. “Mən bu səbəbdən bir şeir demək istərdim ki, bu şeir “Ən uzun” şeiridir və cəmi dörd misradır.
Dur, durduğun yerdə tərpənmə, oğlum,
Gedim, baxdımızı yazdırım, gəlim,
Qara günümüzü qablaşdırmışam,
Xəlvət bir dərədə azdırım, gəlim”.
Növbəti olaraq aparıcı İ. Aytel Məzahir Hüseynzadənin “Sanatoriya” şeirini səsləndirib:
“Sanatoriyanı gözümə tutdum,
Gördüm ki, ürəyim çətin ki, doya.
Evə qayıtmağı nəsə unutdum,
Başımı qatmışdı sanatoriya.
Gördüm ki, bu yerdə sən hələ sirsən,
Səndən sirr açan da kömək istəyir.
Subay planetim, evlənə bilmirsən,
Minlərlə yetimin çörək istəyir.
Qönçələr düzüldü ömrün bağında,
Çiçəklər açılıb, gəldin, nə gəldin.
O vaxtkı cavanın müdrik çağında,
Gözəllər yığılıb, seyranə gəldi”.
Aparıcı sözü Seyran Səxavətə verib. Seyran Səxavət bildirib: “Mən həyatım boyu tarixi əsər yazmamışam. Bunun səbəbi isə tarixi yazanlar yazıb. Tarixin yazmadıqlarını yazıçı yazmalıdır”. Təqdimatın yekununda isə görkəmli yazıçı, publisist, şair, dramaturq, tərcüməçi Seyran Səxavət “Sevirəm” şeirini səsləndirib:
“Evinizin tuşundan
Sonsuz göylərdə yanan,
O parlaq ulduzları,
Xəzan vaxtı bağçada
Yerə bir-bir tökülən
Yarpaqları sevirəm.
Sənin könül verdiyin,
Can dərmanı yetirən
Torpaqları sevirəm.
Qəlbinə həmdəm olan
Sırdaşını sevirəm.
O atanı, ananı,
Qardaşını sevirəm.
Görürsənmi, gözəl qız,
Neçənizi sevirəm.
O daşlı, o kəsəkli
Küçənizi sevirəm.
Evinizin başına
Mənim kimi dolanan,
Barını da sevirəm.
Keçən yay bağçanızda
Məni dilintək sancan
Arını da sevirəm.
Qonşunuzda yaşayan
O sifəti qırışmış
Qarını da sevirəm.
Hərdən məni duymayıb,
Gözümə düz baxmayan
Gözünü də sevirəm.
Lap mənə acı gəlib,
Ürəyimə od vuran
Sözünü də sevirəm.
Məndən incimə, ay qız,
Yeri gəlmişkən deyim,
Özünü də sevirəm,
Özünü də sevirəm…”
Ayxan Cəfərov