“Paytaxt Bakıda sıxlığın və tıxacın səbəbi yalnız kəndlərdən əhalinin paytaxta köçməsi deyil. Bu, səbəblərdən yalnız biridir”.
Moderator.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov Musavat.com-a açıqlamasında bildirib.
Onun sözlərinə görə, səbəblər ciddi şəkildə təhlil edilməlidir: “Bu amillərdən biri nəqliyyatın idarə olunmasıdır. Hesab edirəm ki, biz nəqliyyatın idarə olunması modelinə yenidən baxmalıyıq və bu istiqamətdə ciddi addımlar atmalıyıq. Yəni, eyni vaxtda metronun bir hissəsinin tikilməsi, bir hissəsinin təmiri, yollarda təmir, Bakıda yarışların keçirilməsi şübhəsiz ki, sıxlığa öz təsirini göstərir.
Səbəblərdən biri əhalimizin çoxunun Bakıda məskunlaşmasıdır ki, şəhərdə sıxlıq yaranmasına bu amilin çox böyük təsiri rolu var. Təəssüf ki, Azərbaycan əhalisinin böyük hissəsi Bakıda məskunlaşıb. Bu, ciddi problem yaradır. Biz çalışmalıyıq ki, bölgələrdə, kəndlərdə insanların məşğulluğu üçün mümkün qədər yaxşı şərait, iş yerləri yaradılsın. Son vaxtlar bəzi bölgələrimizdə məktəblərin bağlanması halları yaşanıb. Təxminən 300-dən artıq orta məktəblər bağlanıb. Bu məsələ də paytaxta axının gətirdiyi problemlərdəndir və şəhərdə sıxlığı artıran amillərdəndir. İnsanların şəhərdə yaşamağa meyl göstərməsi, şəhərin onlar üçün daha cazibədar olması da vəziyyətə təsirini göstərir”.
Deputatın fikrincə, burada çox ciddi kompleks yanaşma ortaya qoymaq lazımdır: “Nəqliyyatın idarə edilməsi təkmilləşdirilməlidir. Bəzən deyilir ki, Bakıda sıxlığın əsas səbəbi universitetlərdir. Əgər düşünürüksə ki, universitetlər paytaxtdan köçürüləcək və nəticədə paytaxtda sıxlıq aradan qalxacaq, yanılırıq. Bölgələrdə yeni iş yerləri yaradılmalıdır, kənd əhalisini kəndə bağlayan layihələr həyata keçirilməlidir, kəndin cəlbediciliyinə nail olmaq üçün gərəkən addımlar atılmalıdır. Kənd təsərrüfatı üçün daha əlverişli şəraitin yaradılması barədə düşünməliyik.
Kəndlərdə ailə-fermer təsərrüfatlarının genişlənməsinə stimul verən proqramlara ehtiyac var. Ölkənin digər iri şəhərlərində universitetlərin qurulmasına nail olmalıyıq. Yəni kifayət qədər geniş kompleks tədbirlər həyata keçirilməlidir ki, problem həllini tapsın. Bu gün biz gələcəyə yönəlmiş silsiləvi addımlar atmasaq, gələcəkdə çətin vəziyyətlə üzləşəcəyik. Ona görə kompleks şəkildə işlərin həyata keçirilməsinə ehtiyac var”.