Qax rayonunun İlisu kəndi yaşayış məskəni kimi XII əsrdə yaranıb. Tarixi mənbələrə görə, ərazidə ilk məskunlaşanlar İlisudan 3 km-lik bir məsafədə vaxtilə mövcud olmuş indi isə Kəndtala (Orta Könə) adlandırılan ərazidə yaşayan insanlar olub. İlisu adı buradakı saf sulu bulaqların adından götürülüb. Qıpçaqlardan gəlmə ili (isti) və su sözlərindən ərsəyə gəlib, “isti su” deməkdir. Türk dillərində “ilisu” həm də “yel suyu” mənasını verir. Kürmük çayının sahilində, Baş Qafqaz silsiləsinin cənub yamacında, Kürmükçay və Ağçayın (Hamamçay) kəsişdiyi yerdə, dörd tərəfdən dağlarla əhatə olunmuş bir çay terrasında yerləşən İlisudan bir neçə km yuxarıda, təxminən 70-74 metr hündürlükdən axan Ramramay şəlaləsi də turistlərin ən çox üz tutduğu ünvanlardandır.

İlisu Dövlət Qoruğuna aid olan bu ərazilərə Allah hər cür gözəlliyi bəxş edib, dağı, qiymətli ağaclardan ibarət meşəsi, gur sulu çayları, buz kimi soyuq və qışın şaxtasında əl yandıran suları ilə...
300 ilə yaxın İlisu sultanlığının mərkəzi olmuş İlisu tariximizin ecazkar nümunələrini də özündə əks etdirir. XII əsrdən yadigar qalan Ulu məscid tarixi memarlıq nümunəsi olaraq günümüzə gəlib çatıb. Bura inanclı insanların ibadət məkanlarından biridir və təmirdən sonra ibadətə açıq elan edilib.


Ulu məscidin yanındakı qəbiristanlıq isə görənləri heyrətə gətirir. Qədim qəbirlər, müxtəlif yazılar, fərqli məzar daşları...Çox güman ki, bu ərazi də yetərincə tədqiq olunmayıb. İlisu sultanlığının mərkəzi olan bu yerlər başdan-başa sirlər xəzinəsidir.
Elə həmsöhbət olduğumuz tarixçi alim də bu barədə danışarkən təəssüfünü ifadə etdi.

Bölgənin tarixinin yorulmaz araşdırmaçısı, AMEA-nın Şəki Regional Elmi Mərkəzinin Tarix və epiqrafika şöbəsinin əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Akif Məmmədli Musavat.com-a İlisu və buradakı tarixi ünvanlarla bağlı qiymətli açıqlamalar verdi:
“Məlumat üçün bildirək ki, İlisu kəndinin mərkəzindəki Ulu məscid və bu adla İlisu kəndində bir neçə tikililər mövcud olmuşdu: Ulu məscid, Ulu oba, Ulu körpü və s. Bu, XVII əsrə aid olduğu oradakı kitabələrdən görünür. Amma burada təkcə məscid deyil, deyərdim ki, bu, bir kompleksdir. Çünki məscidin sol tərəfində İlisu kəndinin nüfuzlu din, ilahiyyat alimlərinin, şeyxlərin, onların müridlərinin məzarlarının olduğu da görünür. Mən düşünürəm ki, İlisuya gələn turistlər üçün ən diqqətçəkən məqamlardan biri İlisu məscidi olduğu kimi, onun ətrafında dəfn olunmuş, İlisunun siyasi və mənəvi həyatında çox böyük rol oynamış din xadimlərinin, ilahiyyat alimlərinin də məzarlarının baxımlı hala gətirilməsi, bir növ oranın xiyaban olaraq, yəni ehtiram göstərilən yer kimi düzəldilməsinə çox ehtiyac var”.

A.Məmmədli Ulu məscidlə bağlı çox mühüm məsələlərə də diqqət çəkdi:
“Bir çox yerlərdə məscidlər var, amma İlisu məscidinin fərqi ondan ibarətdir ki, Ulu məscid sadəcə ilisuluların mənəvi həyatı, inanclarıyla bağlı bir yer, tapınaq, ibadət yeri olmayıb. Bura həm də İlisu sultanlığının tarixində çox böyük siyasi rol oynayan yerlərdən biridir. Belə ki, İlisunun və bölgənin siyasi həyatını müəyyən edən bir çox qərarlar məhz burada, bu məsciddə verilmişdi. Çünki din insanların həyatında son dərəcə böyük rol oynayırdı və belə bir ibadət yeri, belə bir dini mərkəz də bir növ İlisu sultanlarının xalqla birlikdə, din xadimləriylə, ilahiyyat alimləriylə birlikdə son qərarının verildiyi yer idi. Biz bir şeyi unutmamalıyıq ki, Azərbaycan dövlətçiliyi tarixində, Azərbaycanın şimal-qərb bölgəsində mövcud olmuş son dərəcə dövrünün kiçik də olsa çox böyük əzəmət, çox böyük iqtidara malik olan dövlətçilik mənafeyini qoruya bilən bir yer idi İlisu sultanlığı”.

Tarixçi alim İlisu kəndindəki tarixi məzarlıqla, burada sirlərlə dolu qəbir daşları, günbəzlərlə bağlı da danışdı. O, bu ərazidə də bərpa işlərinin aparılmasının arzuolunan olduğunu vurğuladı:
“Çox istərdik ki, bu məzarlıq, həmçinin İlisu sultanlarının məzarlarının olduğu, onların nəşinin uyuduğu Tovla taladakı məzarlıq da baxımlı hala gətirilmiş olsun, turistlərin ziyarətinə təqdim olunsun. Sadəcə turistlərə demirəm, İlisuda yaşayan insanların böyük əksəriyyəti belə orada İlisu sultanlarının uyuduğunu, onların ailə üzvlərinin, yaxınlarının uyuduğunu bilmirlər. Bunu unutmayaq ki, İlisu sultanlarının bir qisminin məzarları da Qıpçaq kəndi ərazisindəki qədim məzarlıqlara səpələnmiş durumdadır. Yay ərzində İlisuya minlərlə, bəlkə on minlərlə insan gəlir görmək üçün, istirahətə və s. Biz bu qədər insanın bura axınından istifadə etməliyik. Dövlətimizin, tariximizin, tarixçiliyimizin, mədəni irsimizin tanıdılması və yayılması üçün maarifləndirmə işinin aparılmasına çox ciddi ehtiyac var. Bunun üçün də Ulu məscid və onun ətrafındakı məzarlıqlar kimi yeri görkəmli hala gətirmək lazımdır. Buranı çox gözəl bir xiyabana çevirmək olar. Niyə Türkiyənin bir çox yerlərində, Yunanıstanda, Avropada bununla bağlı ənənələr ola bilir, lakin biz Azərbaycanda İlisu kimi müqəddəs, mübarək tarixi olan bir yerdə bunu edə bilmirik? Bu, bizim tariximizdir, dünənimizdir. Onlara sayğı, diqqət göstərməliyik ki, sabah bizə də bu diqqəti göstərsinlər. Amma hər şeydən öncə bu bizim tariximiz, keçmişimiz, mədəniyyətimizdir. İlisu dövlətçilik tarixi ilə bərabər bizim yaşanmış sivilizasiyamızdır”.

Akif Məmmədli İlisunun hər guşəsi tarix qoxuyan, sirlərlə zəngin olan digər nümunələrindən də danışdı:
“Diqqət etsək, orada hər küçənin, hər obanın öz adı var. Baxın, orada Səngər məhlə, Qala məhlə, Quşlar məhlə ünvanları mövcuddur... Bu məhlələrin hər biri orada yaşayan nəsillərin adı ilə bağlı idi və yaxud da... və yaxud da o məhlənin sultanlığın, dövlətin həyatında oynadığı rol ilə bağlı idi. Baxın, İlisunun girəcəyində Səngər məhlə - bəli, bu səngər idi... İlisuya ayaq basan düşmən üçün onun qarşısını ala biləcək igidlərin savaşacağı bir meydan, döyüş meydanı, səngər idi. İlisu məscidinin yanından sola dönəndə Tovla tala tərəfə gedəcəyimiz yolun üzərində olan bir dairəvi qala görünməkdədir ki, amma o qaladan da başqa bütövlükdə o məhlə, o oba Qala məhlə adlanırdı. Təsəvvür edirsinizmi? O məhəllədə başdan-ayağa qədər evlər hamısı qala rolu oynayırdı. İstənilən an döyüşə hazır idi. İlisuda evlər, tikililər sadəcə yaşamaq deyil, həm də öz tarixini, izzəti-nəfsini, ailəsini, şərəfini, namusunu qorumaq üçün qala kimi inşa edilirdi. Baxın, bu bizim çox ciddi tariximizdir. İnsanlar evlərini həm yaşayış yeri, həm də vətənin qorunacaq bir müqəddəs məkanı, qalası kimi inşa edirdilər. Burada bir-birinə cəmi 100-150 metr yaxınlıqda iki mübarək tarixi yaşadan yer var ki, biz bunların qədrini bilməliyik. Doğrudur, bu gün Qala məhlənin girəcəyində heç olmasa bir səhnə yaradılıb divarda, amma mən yarğan üzərindəki qalanın necə dağılmaqda olduğunu görürəm və təəssüflənirəm. Çox istərdim ki, Qala məhlənin adına layiq bir kompleks yaradılsın, insanlarda təsəvvür yaransın. O küçənin, o məhlənin, o obanın sxemini orada vermək olar, o cümlədən məscid və məscidin ətrafında. Bir daha deyirəm ki, söhbət Cənubi Qafqazda son dərəcə önəmli tarix yaratmış, tarixdə rol oynamış bir ərazidən gedir”.

Elşad Paşasoy,
Musavat.com



