Hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov Xəzər dənizində itkin düşən Bakı Dövlət Universitetinin tələbəsi Zeynəb Rasim qızı Məmmədzadənin axtarışlarının davam etdirilməsi ilə bağlı aidiyyəti qurumlara və ictimaiyyətə müraciət edib.
Moderator.az həmin müraciəti təqdim edir:
"Əziz dostlar! Hörmətli həmkarlar!
Bu qeydləri maksimum paylaşmağınızı acizanə xahiş edirəm.
Düz 30 gün bundan əvvəl, iyulun 6-da Xəzər rayonu, Mərdəkan qəsəbəsində dənizin nəzarətsiz ərazisində 4 nəfər batmışdı. Məlumat daxil olan kimi FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri dərhal axtarışlara cəlb olunmuşdular. Operativ xilasetmə əməliyyatı nəticəsində 1975-ci il təvəllüdlü Rasim Qəhrəman oğlu Məmmədov və 2016-cı il təvəllüdlü Aylin Rasim qızı Məmmədzadə xilas edilmişdilər.
Axtarışlar zamanı dalğıclar 2005-ci il təvəllüdlü Raul Rasim oğlu Məmmədovun da meyitini sudan çıxararaq aidiyyəti üzrə təhvil vermişdilər.
O vaxtdan bu günə kimi əzizimiz, Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin III kurs tələbəsi, FL-195 qrupunun əlaçı tələbələrindən biri, şəkildə gördüyünüz nur üzlü, 2007-ci il təvəllüdlü Zeynəb Rasim qızı Məmmədzadənin axtarışları hələ də nəticəsiz qalıb.
Bu müraciəti həm Zeynəbimizin ən yaxın rəfiqələrinin – Ayla Talışlı başda olmaqla bütün qrup üzvlərinin adından, həmçinin Bakı Dövlət Universitetində Zeynəbi şəxsən tanıyan və onu sevən müəllim-tələbə heyəti adından müvafiq dövlət və hökumət strukturlarına ünvanlayıram.
FHN-in, həmçinin Dövlət Sərhəd Xidmətinin əlaqədar rəsmilərinə müraciət edirəm. Həm Azərbaycanın, həm də Rusiya Federasiyasının, İran İslam Respublikasının, Qazaxıstanın və Türkmənistanın Xəzər dənizi ilə bağlı bütün struktur bölmələrinin rəsmilərindən Zeynəbin axtarılıb tapılmasına maksimum diqqət ayırmalarını acizanə xahiş edirəm. Bu, bizim insanlıq, həm də əziz balamız Zeynəbin müqəddəs ruhuna hörmət əlaməti olaraq atacağımız bir addım kimi qəbul olunardı.
Xəzər dənizi 2026-cı ilin təkcə yay aylarında müxtəlif səbəblərdən 40 vətəndaşımızın həyatına son qoyub. Özünüzü və yaxınlarınızı qoruyun!"