Azərbaycan Kinematoqrafçılar İttifaqında sədr uğrunda gedən gərgin mübarizə artıq yeni mərhələyə keçib. Son günlər ittifaq daxilindəki fikir ayrılığı bu dəfə əlbəyaxa davaya qədər gedib çıxıb.
Musavat.com-a daxil olan məlumata görə, hadisə ötən gün Kino Günü ilə bağlı Nizami Kino Mərkəzində keçirilən tədbir ərəfəsində baş verib.
İddialara görə, tədbir başlamazdan əvvəl Xalq artisti, İttifaqın katibi Vaqif Mustafayev ilə İttifaqın İdarə Heyətinin üzvü, ssenarist Eldəniz Quliyev arasında mübahisə yaranıb.
Məlumata görə, Vaqif Mustafayev qəfil Eldəniz Quliyevin üzərinə yeriyərək onun sosial şəbəkədə özünü təhqir etdiyini iddia edib. Eldəniz Quliyev isə belə bir halın baş vermədiyini bildirərək ittihamı qəbul etməyib.
Lakin tərəflər arasındakı gərginlik bununla səngiməyib. İddiaya görə, mübahisə getdikcə daha da kəskinləşib və vəziyyətin fiziki qarşıdurmaya çevrilməsinin qarşısını almaq üçün ətrafdakılar müdaxilə etməli olub.
Bu zaman Eldəniz Quliyevin həyat yoldaşı, Xalq artisti Xalidə Quliyeva araya girərək tərəfləri sakitləşdirməyə çalışıb. Həmçinin aktyor Azər Aydəmir və Kino Agentliyinin baş direktoru Rəşad Əzizov müdaxilə edərək gərginliyi yatırtmağa çalışdığı bildirilir.
Baş verən qarşıdurmanın əsl səbəbinin sosial şəbəkədəki paylaşım deyil, iyulun 31-də Kino İttifaqında keçirilən iclasla bağlı yaranmış fikir ayrılığı olduğu iddia edilir.
Moderator.az xəbər verir ki, məsələ ilə bağlı Musavat.com tərəflərin mövqeyini almağa çalışıb.
Ssenarist Eldəniz Quliyev açıqlamaında hadisənin baş verdiyini təsdiqləyib:
ıb
"Bəli, ötən gün belə bir hadisə yaşandı. Vaqif Mustafayev bir ara hətta mədəniyyət nazirinin müavini olub. Amma bu adamın etik davranış qaydalarından xəbəri yoxdur, mədəniyyətsiz adamdır.
Əgər onun mənə sözü var idisə, əgər nədənsə mənim hansısa yazımda özünə təhqir kimi bir şey görmüşdüsə, gərək deyəydi ki, “Eldəniz, mənim səninlə işim var. Ya çıxaq danışaq, ya da sonra söhbət eləyərik”. Biz 30 ildən artıq bir yerdə işləmişik.
Onun davranışı açıq-aydın təxribat, provokasiya idi. Bu təxribatın da ucu gedib Kino İttifaqındakı böhrana çıxır. Elə bir böhrana ki, orada tam əksəriyyət demokratik və şəffaf seçki keçirilməsini istəyir. Bir qrup adam isə, başda Vaqif Mustafayev olmaqla, bunu istəmir. Onlar istəyirlər ki, təyinatla olsun.
Ona görə də həmin böhranın əsas səbəbi budur. Şəfiqə xanım, əlbəttə, hörmətli, izzətli adamdır, istedadlı aktrisadır. Amma idarəçiliyində, yəni 82 yaşında bir adamın idarəçiliyində bəzi qüsurlar ola bilər və var.
İndi cavanlara yol vermək lazımdır. Əli İsa Cabbarov cürbəcür yeniliklər dir. Nə qədər tədbirlər keçirilir, festivallarda iştirak eləyir, imkansız kino adamlarına yardım edirlər, kitablar buraxırlar, ssenaristlər gildiyası yaranır... Çox işlər görürlər və bunların tam əksəriyyəti cavanlardan ibarətdir.
Bütün bunlar bizim sabahımızdır. Mən də bir yaşlı adam kimi, həqiqətən, qəlbdən buna sevinirəm. Buna mane olanlara da cavablarımızı vermək lazımdır.
O cümlədən Şəfiqə xanım, Vaqif Mustafayev, Əbdül Mahmudbəyov (Şeyx Əbdül)... İndi mən hamısının adını çəkmirəm. Lazım olsa, Allah qoysa, onları da deyərik.
Yəni çox mənasız şəkildə bunlar istəyirlər ki, təyinatla olsun. Seçkini həm indi, bu dəqiqə pozurlar – növbəti İdarə Heyətinin iclasını, həm də gələcəkdə, bir aydan sonra olacaq, olmalı olan konfransı, yəni qurultayı da əngəlləyirlər.
Feyk bəyanatlar verirlər, yalançı qollar çəkirlər, yalandan prokurorluğa verirlər və s. və ilaxır.
Amma bunlara deyəndə ki, “Nə istəyirsiniz? İstəyirsiniz siz olasınız, olun da! Amma gəlin bu seçkini keçirək, bir normal seçki keçirək. Camaat, kino işçiləri, kino camiası kimi istəyirsə, onu seçsin. Siz də iştirak edin! Siz də öz namizədliyinizi verin”.
Yox, onu da istəmirlər. Çünki bilirlər axı ki, qalib gələ bilməyəcəklər.
Bir ağsaqqal kimi deyirəm ki, gəlsinlər seçkidə iştirak eləsinlər. Belə təxribat eləməsinlər – nə seçkini, nə də Kino İttifaqının İdarə Heyətinin iclaslarını.
Kimə səs versələr, digərləri onun gəlib əlini sıxmalıdırlar. O cümlədən mən. Sabah Vaqifi seçərlər, Vaqifi təbrik edrəm. Şəfiqə Məmmədovanı seçərlər, Şəfiqə xanımın əlini sıxaram.
Yazılarımın birində yazmışdım ki, "belə bir seçki keçirdik, möhtəşəm bir sədr seçdik, möhtəşəm tədbir oldu. Bir qrup adam buna mane oldu və mən hesab edirəm ki, həmin kino xadimləri əslində xədimdirlər".
Vaqif Mustafayev də bunu təhqir kimi qəbul eləyib.
O da yaxınlaşdı mənə ki: “Hə, sən məni təhqir etmisən...”
Dedim: “Əzizim, sənin kimi adama belə sözlər komplimentdir. Sən o qədər iyrənc adamsan ki! Get yoldaşlarınla oyna!”
Amma yenə də bağışlayıram. Çünki məndən yaşca kiçik olsa da, bizim axı birgə işlərimiz olub. Bir idarədə işləmişik – “Mozalan”da da, kinostudiyada da. Özü də bir il, beş il yox, 30 ildən artıq bir müddət ərzində.
Hesab edirəm ki, onun bu davranışını emosionallığına yozmaq olar. Bir də ki, o yersiz “xoruzlanmaq” onun xasiyyətində var. Yəqin özü də başa düşəcək səhvini".
Xalq artisti Vaqif Mustafayev isə hadisə ilə bağlı bu cür açıqlama verdi:
“Heç bir hadisə olmayıb. Heç nə. Mən hazırda çəkilişdəyəm. Xahiş edirəm, bu məsələni qurdalamayın. Heç nə olmayıb. Eldəniz Quliyevlə biz 30 ildir tanışıq, dostuq".