Naxçıvan şəhərində yerləşən İmamzadə tarix-memarlıq kompleksi haqqında çox yazılıb, çox danışılıb. Onun memarlıq xüsusiyyətləri, dini əhəmiyyəti və tarixi ilə bağlı kifayət qədər araşdırmalar mövcuddur. Lakin bu dəfə diqqəti kompleksin özünə deyil, onun ətrafında gizlənən başqa bir tarixə yönəltmək istəyirəm.
Uzun illərdir müxtəlif ölkələrdə dəfn olunmuş azərbaycanlıların məzarlarını araşdıran sənədli film rejissoru kimi mənim üçün hər qəbir bir sənəd, hər məzar daşı isə tarixdir. Elə buna görə də İmamzadənin ətrafındakı iki məzar xüsusi diqqətimi cəlb edir. Burada Azərbaycan maarifçiliyinin görkəmli nümayəndəsi Məmmədtağı Sidqinin və Azərbaycan təsviri sənətinin banilərindən olan Bəhruz Kəngərlinin məzarları yerləşir.
Bu fakt təsadüfi görünmür. Əksinə, belə bir sual doğurur: görəsən, İmamzadənin ətrafı vaxtilə Naxçıvanın nüfuzlu şəxslərinin dəfn olunduğu bir məkan – indiki anlayışla desək, şəhərin "Fəxri xiyabanı" olubmu?
Hər iki şəxs XX əsrin əvvəllərində vəfat edib. Məmmədtağı Sidqi maarifçi kimi sovet ideologiyası tərəfindən də qəbul olunan simalardan idi. Bəhruz Kəngərlinin məzarı isə onun sovet hakimiyyətinin ilk illərində vəfat etməsi səbəbindən günümüzədək qorunub saxlanılıb. Bəs onlarla eyni dövrdə yaşamış digər görkəmli şəxsiyyətlər, Naxçıvan xanlarının ailə üzvləri və şəhərin tanınmış adamları harada dəfn olunublar?
Bu sualın cavabı hələlik yoxdur. Ancaq ehtimal etmək olar ki, sovet hakimiyyətinin möhkəmlənməsi dövründə dini məkanlara və qəbiristanlıqlara münasibətin dəyişməsi nəticəsində burada yerləşən çoxsaylı məzarlar dağıdılıb, izləri silinib. Əgər belədirsə, İmamzadənin ətrafı təkcə dini-memarlıq kompleksi deyil, həm də Naxçıvanın sosial və siyasi tarixini özündə daşıyan böyük bir nekropol olub.
Bu ehtimal artıq fərziyyə olmaqdan çıxıb elmi araşdırma mövzusuna çevrilməlidir. Ərazidə kompleks arxeoloji və geofiziki tədqiqatların aparılması, köhnə xəritələrin, arxiv sənədlərinin və fotoşəkillərin müqayisəli şəkildə öyrənilməsi vacibdir. Ola bilsin ki, torpağın altında Naxçıvan tarixinin hələ oxunmamış səhifələri yatır.
Bəzən tarix kitabxanalarda deyil, torpağın altında gizlənir. İmamzadənin ətrafı da məhz belə yerlərdən biri ola bilər. Əgər bu ərazi doğrudan da Naxçıvanın qədim elitasının dəfn olunduğu məkan idisə, onda burada aparılacaq hər bir elmi tədqiqat təkcə yeni məzarları deyil, həm də unudulmuş taleləri, silinmiş adları və şəhərin yaddaşını yenidən üzə çıxara bilər. Bu isə artıq təkcə keçmişə deyil, gələcəyə olan borcumuzdur.
Tahir Tahiroviç,
Kinorejissor, Azərbaycan Kinematoqrafçlar İttifaqının katibi