“Mənim üçün çox çətindir, 75 yaşım var..” - “Sehrli xalat”ın Zərifəsi haralardadır? - AÇIQLAMA+FOTO
39898
25 Jul 2026 | 10:13

“Mənim üçün çox çətindir, 75 yaşım var..” - “Sehrli xalat”ın Zərifəsi haralardadır? - AÇIQLAMA+FOTO

“Bu gün efirlərdə qonaq olmaq, tamaşaçı qarşısına çıxmaq artıq mənim üçün çox çətindir. Həm ona görə ki, eyni söhbətləri, eyni hadisələri danışıram, həm də səhhətimə görə bəzi problemlərim var. Mən şəhərdə qalmıram, bağ evində yaşayıram. Mən gərək şəhərə gəlmək üçün 2 gün əvvəl hazırlaşım. Bəzən söz verirəm, amma gələ bilmirəm. Mənim artıq 75 yaşım tamam olub. Uşaqlıq illərimdən görün nə qədər vaxt keçib? Mən o filmə çəkiləndə 13 yaşım var idi. İstər-istəməz üzdə cizgilər də yaranır, qırışlar da. Amma mən buna görə kompleks yaşamıram”.
 
Bunu Moderator.az-a açıqlamasında “Sehrli xalat” filminin Zərifəsi Solmaz Hətəmova deyib.
O daha sonra əlavə edib:
 
“Elə bilirlər ki, Zərifə adını mən nəvəmə qoymuşam. Amma bu belə deyil. Bir qız, iki oğlan nəvəm var. Mənim adımı qoymaq istəyirdilər, icazə vermədim. Zərifə anamın rəfiqəsinin adı idi. Film çəkildi, məşhurlaşdı və mənim adım Zərifə qaldı. Bu ad mənim xoşuma gəlmirdi. Amma mənə Zərifə deyəndə anam çox sevinirdi. Mən isə əsəbləşirdim, sevmirdim (gülür)”.
 
Solmaz Hətəmova valideynlərinin qadağasından da danışıb:
“Çox filmə dəvət aldım, amma kim idi mənə icazə verən?! Heç bu filmə icazə vermirdilər. Güc-bəla ilə “Sehrli xalat” filminə çəkilməyə qoymuşdular. Çünki tətil idi. Şərt kəsmişdilər ki, dərslər başlayan kimi Solmaz məktəbə gedəcək. Elə oldu ki, dərslər başlayanda çəkilişlər hələ bitməmişdi. Rejissor və çəkiliş heyəti gəlib babamdan icazə aldı. Elə oldu ki, oktyabr ayının sonunda çəkilişlər bitdi. Müəllimlərlə də danışmışdılar, keçmədiyim dərsləri mənə görə yenidən keçdilər”.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər