ABŞ-İran qarşıdurması böyüyür: İsrail ordusu ən yüksək hazırlıq vəziyyətinə gətirilib -
3133
20 Jul 2026 | 14:59

ABŞ-İran qarşıdurması böyüyür: İsrail ordusu ən yüksək hazırlıq vəziyyətinə gətirilib - "Vesty"

 
ABŞ və İran arasında hərbi qarşıdurma daha da dərinləşir. ABŞ ordusu artıq doqquzuncu gecə ardıcıl olaraq İranın hərbi obyektlərinə zərbələr endirib. 
 
Moderator.az xəbər verir ki, bu barədə "vesty.co" nəşri yazıb.
 
Nəşr yazır ki, hədəflər arasında komanda məntəqələri, hava hücumundan müdafiə sistemləri, raket və pilotsuz aparat buraxılış mövqeləri, eləcə də Hörmüz boğazı ətrafındakı hərbi infrastruktur olub. ABŞ dövlət katibi Marko Rubio bildirib ki, Vaşinqton diplomatik həllə hələ də açıqdır və Tehranı yenidən danışıqlara çağırır. Lakin İran tərəfi bu təklifi rədd edərək ABŞ-ın yalnız təzyiq və hədələr dili ilə danışdığını, belə şəraitdə danışıqlara qayıtmayacağını açıqlayıb.
"İrana çox ağır zərbə vurmuşuq"
 
ABŞ prezidenti Donald Tramp münaqişə zamanı həlak olan amerikalı hərbçilərlə bağlı başsağlığı verib və onların İranın nüvə silahı əldə etməsinin qarşısını almaq uğrunda mübarizə apardıqlarını bildirib.
 
Trampın sözlərinə görə, ABŞ son gecə İrana yenidən "çox güclü zərbələr" endirib və İranın hərbi potensialına ciddi ziyan vurub. O vurğulayıb ki, məqsəd Tehranın nüvə silahı yaratmaq imkanını tamamilə aradan qaldırmaqdır.
 
İsrail mümkün eskalasiyaya hazırlaşır
İsrail ordusu ABŞ və İran arasında gərginliyin daha da artacağı ehtimalı fonunda ən yüksək döyüş hazırlığı vəziyyətinə keçirilib. Hərbi rəhbərlik hesab edir ki, Vaşinqton əməliyyatları genişləndirərsə və ya Tehran İsraili birbaşa hədəfə alarsa, ölkə qısa müddətdə münaqişəyə cəlb oluna bilər. Bu səbəbdən Hərbi Hava Qüvvələri, hərbi kəşfiyyat və hava hücumundan müdafiə qüvvələri gücləndirilmiş rejimdə fəaliyyət göstərir.
 
İsrail Baş Qərargah rəisi Eyal Zamir bildirib ki, ordu hadisələrin inkişafını diqqətlə izləyir və istənilən ssenariyə hazırdır. Onun sözlərinə görə, İsrailə qarşı hər hansı hücum baş verərsə, buna dərhal və böyük güclə cavab veriləcək. Qüdsdəki yüksəkvəzifəli mənbələr isə bildirir ki, ABŞ-ın İrana qarşı əməliyyatları genişlənərsə və ya Vaşinqton İsrailin də prosesə qoşulmasına qərar verərsə, İsrail ordusu qısa müddətdə döyüş əməliyyatlarına başlamağa hazırdır.
 
Hörmüz boğazında risk artır
 
İran İnqilab Keşikçiləri Korpusu Hörmüz boğazından keçən gəmilərə və ABŞ-ın regiondakı hərbi bazalarına yeni hücumlar həyata keçirdiyini açıqlayıb. Tehran həmçinin bəyan edib ki, ABŞ hərbi əməliyyatları davam etdiyi müddətdə boğazda neft və qaz daşımalarının təhlükəsizliyinə təminat verilə bilməz. Bu gərginlik fonunda dünya bazarlarında neft bahalaşıb. "Brent" markalı neftin qiyməti bir barel üçün 90 dollar həddini keçərək son bir ayın ən yüksək səviyyəsinə yüksəlib.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər