Bizi sosial şəbəkələrdən izləyin:
Rusiyada hakimiyyətyönlü z-blogerlərə qarşı təzyiq davam edir.
Moderator.az xəbər verir ki, bu barədə "themoscowtimes.com" nəşri yazıb.
Putini tənqid etdi, həbs olundu
Nəşr yazır ki, Moskvanın Zamoskvoretski məhkəməsi "Paladin Hərbi İttifaqı" təşkilatının təsisçisi, 55 yaşlı Georgi Zakrevskini "terrorizmə bəraət qazandırmaq" ittihamı ilə həbs edib. Məlumata görə, səbəb onun "Telegram" paylaşımları olub. Zakrevski Ukraynaya qarşı müharibəni dəstəkləsə də, Ukrayna ordusunun Kursk vilayətinə daxil olmasından sonra Vladimir Putini kəskin tənqid etməyə başlayıb və "Rusiyanın əsas düşməni Kremldə oturub" ifadəsini işlədib.
"Ölkəni böyük fəlakətə sürükləyib"
Bloger yazırdı ki, Ukrayna dronları mütəmadi olaraq Rusiyanın mərkəzi bölgələrini vurur, Qara dəniz donanması ağır itkilər verir, cəbhədə isə vəziyyət uzun müddətdir dəyişmir. O həmçinin ölkədə əhalinin yoxsullaşdığını, azalmaqda davam etdiyini və miqrant axınının artdığını bildirərək bütün bunlara görə Putini məsul sayıb. Zakrevski iddia edib ki, 2014-cü ildə Donbasda, daha sonra isə Suriya və Livanda döyüşüb. Lakin bu məlumat müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.
Ay ərzində artıq üçüncü həbs
Bu, iyul ayında Putini açıq şəkildə tənqid etdikdən sonra həbs olunan artıq üçüncü tanınmış z-blogerdir. Bundan əvvəl hakimiyyətyönlü bloger İlya Remeslo və hərbi müxbir Yeqor Quzenko da müxtəlif ittihamlarla istintaq təcridxanasına göndərilmişdilər. Quzenko Putini sərt ifadələrlə tənqid etmiş və onu yalan danışmaqda ittiham etmişdi.
Bu arada Rusiya Ədliyyə Nazirliyi "xarici agentlər" reyestrini də genişləndirərək Libertarian Partiyasını, "Dördüncü sektor" media layihəsini, jurnalistlər Dmitri Petrov və Aleksandr Polivanovu siyahıya daxil edib. Nazirlik bunu Kremlin qərarları barədə guya "yanlış məlumat yayılması" və Rusiyanın Ukraynaya qarşı müharibəsinin tənqid olunması ilə əsaslandırıb.