Bizi sosial şəbəkələrdən izləyin:
“Uzun illərdir Sumqayıt Dövlət Dram Teatrında çalışıram. Bu sənət ocağında müxtəlif obrazlar oynamışam. Sonuncu dəfə Xalq artisti Valeh Kərimovun hazırladığı “Sonuncu qonaq” tamaşasında əzrail obrazını canlandırdım. Dramatik bir roldur. Əksər rollarım komik olub. “O olmasın, bu olsun” tamaşasında hambal rolunu oynamışam. Teatrı, səhnəni sevirəm, özümü orasız təsəvvür etmirəm. Tamaşaçı qarşısına çıxıb, canlı rol ifa etmək həqiqətən də həm məsuliyyətli, həm də qürurludur”.
Bunu Moderator.az-a açıqlamasında Sumqayıt Dövlət Dram Teatrının aparıcı aktyoru Fizuli Qərənizadə deyib.
Sənətçi daha sonra onu vaxtilə tamaşaçılara sevdirən “Çal-çağır” verilişindəki bibi obrazından da danışıb:
“Bilirsiniz ki, “Çal-çağır” zamanının ən baxımlı verilişlərindən biri idi. “Soy” prodakşının layihəsi idi. Mən ondan əvvəl Elçin Məmiyevin “Bir bazar günü” verilişində çəkilirdim. Komik veriliş idi. Fakturama, danışıq tərzimə görə məni dəvət etmişdilər. Bu verilişdən artıq kifayət qədər tanınırdım. Dilarə xanım məni “Çal-çağır”-a dəvət etdi. Dedi ki, biz səni bu verilişdə Keyxanımın bibisi obrazında çəkmək istəyirik. Mən də razılaşdım, getdim. Heç fərqinə varmadım ki, bu obraz mənə necə uğur gətirə bilər? 2-3 çəkilişdən sonra gördüm ki, həqiqətən də tamaşaçıların marağına səbəb olub. Sözün əsl mənasında bir gecəyə məşhurlaşdım. Artıq çölə çıxanda, 20 yanvardan evə gələndə məni tanıyırdılar”.
Fizuli Qərənizadə bildirib ki, o vaxt kişi aktyorun qadın rolları ifa etməsi çox yayılmamışdı. Bununla belə o heç bir təzyiqə məruz qalmadığını bildirib:
“Mənim ifa etdiyim bibi rolu kəndçi, eybəcər, arıq qadın obrazı idi. Mənim bu obrazı canlandırmağıma pis baxmırdılar. Biri var mini yubkada, açıq-saçıq formada, müasir bir qadın obrazını canlandırım, biri də var kəndçi qadın obrazını.. Ona görə də məni tənqid və təhqir etmirdilər. Əksinə, yaxşı baxırdılar. Tamaşaçılar sevirdilər, xoşlarına gəlirdi, şəkillər çəkdirirdilər. Heç bir kompleks yaşamamışam. Kompleksi indi keçirirəm ki, yeniyetmə, gənc nəsil məni tanımır. Son vaxtlar mən geniş miqyasda çəkilmirəm. Amma vaxtilə bibi roluna görə məni məclislərə belə çağırırdılar”.