Mətanət İsgəndərlinin xalası oğlu 34 ildir itkin düşüb:
3054
09 Jul 2026 | 15:28

Mətanət İsgəndərlinin xalası oğlu 34 ildir itkin düşüb: "İndiyə qədər xəbər yoxdur" - ÖZƏL

"Xalam oğlu 1992-ci ildə Ağdərə döyüşlərində itkin düşüb. İndiyə qədər ondan bir xəbər yoxdur. Şəhid olub. 44 günlük müharibədə də çox yaxın qohumlarımdan şəhid olanlar var. Onların hamısı bizim balalarımızdır. Hər biri üçün adamın ürəyi göynəyir. Hamımız bir ölkənin, bir xalqın insanlarıyıq. Onların hərəsinin bir şəhid olma tarixçəsi var. Adamın ürəyi parça-parça olur. Allah bütün şəhidlərimizə rəhmət etsin, onların ailələrinə səbr versin, qazilərimizə də can sağlığı arzulayıram. Yaşıl teatrdakı konsertimdə də məni şəhid ailələri, qazilərimiz tək buraxmadılar. Nəğmələrimi onlar üçün səsləndirdim. Hər bir insanın, sənətkarın borcudur ki, onlara xüsusi diqqət göstərsin".
 
Bunu Moderator.az-a açıqlamasında Əməkdar artist, sevilən sənətkar Mətanət İsgəndərli bildirib. Müğənni bildirib ki, sosial şəbəkələrdə təbliğat düzgün getmir. Sənətkar bu kimi halların yetişən nəslin tərbiyəsində dərin iz buraxdığını bildirib.
O deyir ki, yetişən nəsilə qəhrəmanlarımız, şəhidlərimizin həyatını nümunə göstərməliyik:
 
"Bizim milli-mənəvi dəyərlərimiz var. Onlar itib-batmamalıdır.  O vaxt kiminsə evinə qonaq gedirdin, nəsə xoşagəlməz hal olardısa qonaqdan gizlədərdilər ki, ayıbdır. Qonağa hər şeyin gözəlini göstərmək istəyirdik. Bu bir mədəniyyət idi. Dində də deyilir ki, kiminsə ayıbını üzə çıxarmayın. Bir-birimizin ayıbının üstünü örtməliyik ki, Allah da bizim ayıblarımızı ört-basdır etsin. Ayıbsız insan yoxdur. Hər şeyin gözəlini göstərməlisən ki, insanlara nümunə, örnək olsun. Çünki sosial şəbəkəyə uşaq da baxır, böyük də. Hər şeyi açıq aşkarlığı ilə göstərmək olmaz. Bu yaxşı hal deyil. İndi hər şey tərsinə olub. Qəsdən pis şeyləri üzə çıxarırlar ki, gündəmə gəlsinlər. Çünki yaxşı nəyləsə gündəmə gələndə öz aləmlərində bu maraqsız olur. Çox qəribə tendensiya yaranıb. Əvvəl yaxşını nümunə göstərirdilər, onunla tanınırdın. İndi nə pis varsa, səviyyəsiz, biyabırçı şeylərlə gündəmə gəlirlər. Bunun axırı necə olacaq? İnternet saytlarında belə halları görəndə həqiqətən də dəhşətə gəlirəm ki, gör hansı dövrana gəlib çıxmışıq. Bütün günü uşaqların əlində telefon var. Bilmirsən ki, onları necə qoruyasan. Körpədirlər də, ağılları kəsmir. Onlardan nəyi gizlədəsən?".
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər