
- Mehman müəllim, uşağa neçə yaşından telefon vermək olar?
- Bu məsələdə mən yaşdan çox uşağın hazırlığını ön planda tuturam. Elə uşaqlar var ki, 10-11 yaşında telefondan düzgün istifadə edə bilirlər, elələri də var ki, daha böyük yaşda olsa belə məsuliyyətli davranmırlar. Ona görə də valideyn ilk növbədə uşağın telefondan nə məqsədlə istifadə edəcəyini və onun bu məsuliyyəti daşımağa nə dərəcədə hazır olub-olmadığını qiymətləndirməlidir.
- Sosial şəbəkələrdən istifadə üçün yaş məhdudiyyəti olmalıdırmı?
- Bəli, sosial şəbəkələrin istifadəsi zamanı yaş məhdudiyyətinin olmasını vacib hesab edirəm. Çünki internetdə hər cür məlumat və məzmun var. Bu isə uşaqların yaşına uyğun olmayan informasiyalarla qarşılaşma riskinin yüksək olduğunun bariz nümunəsidir. Yalnız yaş məhdudiyyəti problemi həll etməsə də, hesab edirəm ki, müəyyən qədər qoruyucu rol oynayır.
- Sosial şəbəkələrdən istifadə uşaqlar üzərində valideyn nəzarəti necə qurulmalıdır?
-Fikrimcə, uşağın telefonunu gizli şəkildə yoxlamaqdan daha çox, onunla düzgün ünsiyyət qurmağı bacarmaq lazımdır. Uşaq bilməlidir ki, internetdə hansı risklər var, hansı məlumatları paylaşmaq olmaz. Eyni zamanda valideynlər ekran vaxtına nəzarət etməli və texniki təhlükəsizlik alətlərindən də yararlanmalıdırlar.
- Sosial şəbəkə asılılığının əlamətləri hansılardır?
- Bu asılılığı adətən uşağın davranışlarında görmək olur. Əgər uşaq telefon əlindən alınanda əsəbiləşirsə, vaxtının böyük hissəsini sosial şəbəkələrdə keçirirsə, dərsə, ailəyə və ya dostları ilə ünsiyyətə marağı azalırsa, bu, artıq müəyyən siqnaldır. Belə hallarda problemi vaxtında duymaq və tədbir görmək vacibdir.