Bizi sosial şəbəkələrdən izləyin:
“Sənətkarı yaşadan onun sənəti və tamaşaçı sevgisidir. Ona dəyər vermək lazımdır. Sənətkar dəyərini vaxtında alanda o sənəti ilə daha da yaxşı məşğul olur. Görəndə ki, ona maraq azalıb, arxa plana keçib, o inciyir. Səhnə insanları çox küsəyən olurlar, inciyirlər. Onların ruhunu əzmək olmaz. Ruh əziləndə o arxaya çəkilir. Küsəndə də səhnədən uzaqlaşır. Əsəbləşir, xəstələnir və bir daha əvvəlki kimi olmur”.
Bunu Moderator.az-a açıqlamasında Əməkdar artist Firuzə İbadova deyib.
O daha sonra bu il 100 yaşı tamam olan görkəmli sənətkar Fatma Mehrəliyeva ilə bağlı xatirələrini bizimlə bölüşüb:

“Fatma xanımı Üzeyir Hacıbəyli Qubada görüb səsini kəşf etmişdi. “Arşın mal alan” filmi çəkiləndə onu Telli roluna dəvət etmişdi. Üzeyir bəy Fatma xanımın mənəvi atası idi. Hamı Fatma xanımı Üzeyir Hacıbəylinin qızı kimi tanıyırdı. Fatma Mehrəliyevanı ilk dəfə 1974-cü ildə filarmoniyada gördüm. Arxasınca qaçdım, dedim ki, siz Fatma Mehrəliyevasız?! Dedi ki, “bəli, qızım”. Oğlu Zərdüşt bizdə administrator idi, bölgələrə konsertlərə gedirdik. Fatma xanım da oğlunun yanına gəlmişdi. İllər keçdikcə bizim salam-sağolumuz yarandı. Konsertlərdə, xoş günlərdə görüşürdük, ünsiyyətdə olurduq. Bir gün Fatma xanımın oğlu mənə dedi ki, anam səni axtarır, ona zəng edə bilərsiz?. Dedim ki, əlbəttə. Verdiyi nömrəyə zəng etdim. Fatma xanım dedi ki, “mənim İçərişəhərdə qohumlarım olur, kasıb ailədirlər, istəyirəm ki, onların toyunu sən oxuyasan”. Mən də böyük məmnuniyyətlə qəbul etdim. Qarmon ifaçısı Gövhər xanımı da götürüb birbaşa toy yerinə yollandıq. Çox gözəl toy etdik. Yadımdadır ki, evin içində nə səsartıran var idi, nə də başqa aparat. Fatma xanım mənə o qədər təşəkkür etdi ki.. Sənətindən əlavə Fatma xanım həm də gözəl insan idi. Onun təkcə oxuduğu “Kəsmə-Şikəstə” nəyə desəniz dəyər”.
Müğənni bildirib ki, Fatma xanım ömrünün son illərini tənhalıq içərisində keçirib:
“Hamıdan uzaqlaşmışdı. Əsəbləri də pozulmuşdu. Ağır əzablar içərisində yaşayırdı. Həyatından küskün bir insan idi. Uzun illər müalicə aldı. Şəkər xəstəsi idi, həm də əsəbləri yerində deyildi”.