“Azərbaycanda təhsil sisteminin idarəçiləri belə, özlərinin idarə etdikləri sistemə etibar etmirlər…-NİYƏ?..
2699
06 Jun 2026 | 17:27

“Azərbaycanda təhsil sisteminin idarəçiləri belə, özlərinin idarə etdikləri sistemə etibar etmirlər…-NİYƏ?.."

“Problemin mövcudluğunu etiraf etmək onu həll etməyin ilk şərtidir. Amma ETN  bir çox hallarda problemləri görməzdən gəlir, bu isə problemin həllini arxa plana atır…”
 
“Cəmiyyət öz məktəbinə inanmadıqda, valideynlər övladlarını həmin məktəbə etibar etmədikdə, dövlət məmurları belə, öz uşaqlarını milli təhsil sistemindən kənarda oxutmağa üstünlük verdikdə bu artıq sadəcə təhsil problemi deyil, dövlət və cəmiyyət arasında etimad böhranıdır…”
 
“Sosial şəbəkələrdə məktəb rəhbərləri ilə bağlı vaxtaşırı yayılan   xoşagəlməz audio-video məlumatlar və yazışmalar da təhsil sisteminin ictimai nüfuzuna ciddi zərbə vurur...”
 
“Azərbaycanın  təhsil sistemi  qarşısında duran əsas məsələ yeni məktəb binaları tikmək deyil, təhsil sisteminə ictimai etimadı qaytarmaqdır…”
 
“Dövlət məktəbi elə bir keyfiyyət səviyyəsinə çatmalıdır ki, vəzifəsindən, gəlirindən və sosial statusundan asılı olmayaraq hər bir valideyn öz  övladını həmin məktəbdə oxutmağı nüfuzlu seçim hesab etsin…”
 
“Azərbaycanın post-neft dövründə rəqabət qabiliyyəti, rəqəmsal transformasiyası və milli inkişaf perspektivləri  bu problemin həllindən asılı olacaqdır…”
 
Moderator.az aktuallığını nəzərə alaraq tanınmış təhsil eksperti, ADPU-nun dosenti İlham Əhmədovun  Azərbaycanda elm və təhsilin problemləri barədə “Milli  təhsilə etimad niyə azdır?” başlıqlı növbəti elmi analitik məqaləsini dəyərli oxucuların müzakirəsinə buraxır:
“Azərbaycan təhsil  sistemində etimad böhranı:  səbəblər  və çıxış yolları…
 
Hər bir ölkənin təhsil sistemi yalnız məktəblərdən, dərsliklərdən və müəllimlərdən ibarət deyil. Təhsilin görünməyən, lakin ən vacib elementi ictimai etimaddır. Milli təhsil sistemimizin bu gün  ən ciddi problemi,   etimadın  itirilməsidir.  Cəmiyyət öz məktəbinə inanmadıqda, valideynlər övladlarını həmin məktəbə etibar etmədikdə, dövlət məmurları belə, öz uşaqlarını milli təhsil sistemindən kənarda oxutmağa üstünlük verdikdə bu artıq sadəcə təhsil problemi deyil, dövlət və cəmiyyət arasında etimad böhranıdır.
 
Azərbaycanda son illər müşahidə olunan  düşündürücü tendensiyalardan biri də yüksək vəzifəli şəxslərin, o cümlədən təhsil sisteminin rəhbər vəzifəli  şəxsləri belə,  öz övladlarını xaricdə və ya ölkə daxilindəki  özəl məktəblərdə oxutmağa üstünlük vermələridir. Bu, hüquqi baxımdan şəxsi seçim sayıla bilər. Lakin ictimai və mənəvi baxımdan daha dərin məna daşıyır: təhsil sisteminin  idarəçiləri belə, özlərinin idarə etdikləri təhsil sisteminə tam etibar etmirlər…
 
Məmurların seçimi cəmiyyətə hansı mesajı verir?..
 
İctimai rəy təkcə rəsmi hesabatlarla formalaşmır. İnsanlar daha çox davranışlara baxırlar. Əgər təhsil siyasətini müəyyən edən şəxslər öz övladlarını dövlət məktəblərində oxutmurlarsa, cəmiyyət bunu belə qəbul edir:  "Deməli, onlar  özləri də bu sistemin keyfiyyətinə inanmırlar."
 
Bu vəziyyət istər-istəməz dövlət məktəblərinin nüfuzuna mənfi təsir göstərir. Nəticədə orta təhsildə ikili sistem formalaşır: imkanlı ailələr üçün özəl və xarici məktəblər, digər tərəfdən əhalinin böyük əksəriyyəti üçün dövlət məktəbləri.  Bu isə sosial bərabərsizliyi daha da dərinləşdirir...
 
Təhsil yalnız bilik deyil, həm də milli kimlik məsələsidir...
 
Məsələnin başqa bir tərəfi milli-mədəni aspektdir.  Orta məktəb yalnız riyaziyyat, fizika və ya xarici dil öyrədən müəssisə deyil. Məktəb milli kimliyin formalaşdığı əsas sosial institutlardan biridir.  Məhz məktəbdə şagird milli tarixini öyrənir, ədəbiyyatını tanıyır, coğrafiyasını mənimsəyir, milli dəyərlərlə tanış olur, vətəndaşlıq şüuru formalaşdırır.  Uşağın erkən yaşlardan uzun müddət ailədən və milli təhsil mühitindən uzaq düşməsi onun sosial və mədəni identikliyinə də təsir göstərə bilir. 
 
Bu gün Azərbaycan diasporu üçün milli dilin, tarixin və mədəniyyətin qorunması prioritet vəzifələrdən biri hesab edilir. Belə olan halda ölkə daxilində böyüyən uşaqların milli təhsil sistemindən uzaqlaşması  xüsusi düşünülməli problemdir.
 
Problemi etiraf etmədən həll etmək mümkün deyil...
 
Lakin məsələyə emosional deyil, obyektiv yanaşmaq lazımdır.  Yüksək vəzifəli şəxslərin və valideynlərin alternativ məktəb seçməsinin səbəbləri də araşdırılmalıdır.  Bu gün cəmiyyətdə dövlət məktəbləri ilə bağlı tez-tez aşağıdakı narazılıqlar səsləndirilir. Belə ki, milli kurikulumun səmərəliliyi ilə bağlı ciddi suallar var, dərsliklərin keyfiyyət problemləri var, məktəblərdə təlim mühiti  zəifləyib, tərbiyə işi  arxa plana keçib,  formal qiymətləndirmə mexanizmləri real deyil, idarəetmədə peşəkarlıq çatışmazlığı hiss edilir, bəzi məktəblərdə qeyri-rəsmi ödənişlər və etik problemlər mövcuddur...  
 
Sosial şəbəkələrdə məktəb rəhbərləri ilə bağlı vaxtaşırı yayılan   xoşagəlməz audio-video məlumatlar və yazışmalar da təhsil sisteminin ictimai nüfuzuna ciddi zərbə vurur...
 
Problemin mövcudluğunu etiraf etmək onu həll etməyin ilk şərtidir. Amma ETN  bir çox hallarda problemləri görməzdən gəlir, bu isə problemin həllini arxa plana atır.
 
25 illik təhsil islahatları nəticəsiz oldu...
 
Azərbaycan müstəqillik dövründə təhsilə milyardlarla manat vəsait yönəldib: 4 minə yaxın yeni məktəb tikilib, kompüterləşdirilib v.s.  Müxtəlif kurikulum və qiymətləndirmə islahatları həyata keçirilib. Bəs bu  qədər resurs insan kapitalına çevrilə bildimi?..
 
Vaxtilə ölkə rəhbərliyi tərəfindən qarşıya qoyulan "neft kapitalını insan kapitalına çevirmək" hədəfi strateji baxımdan  çox düzgün idi. Lakin nəticələr göstərir ki, ayrılan maliyyə resursları ilə əldə olunan insan kapitalının keyfiyyəti arasında gözlənilən uyğunluq yaranmayıb.
 
Əsas problem maliyyə çatışmazlığı deyil, islahatların idarəedilməsi keyfiyyəti olmuşdur. Bir çox hallarda islahatlar strateji baxımdan zəif planlaşdırılıb,  elmə əsaslanmayıb, pilot mərhələləri yetərincə aparılmayıb, nəticələr ölçülməyib,  məsuliyyət mexanizmləri qurulmayıb.  Nəticədə proseslər forma etibarilə islahat, mahiyyət etibarilə isə imitasiya xarakteri daşıyıb...
 
Ali təhsildə vəziyyət daha mürəkkəbdir...
 
Orta təhsildəki problemlər son nəticədə ali təhsil sisteminə ötürülür.  Yəni məktəbi zəif olan təhsil sisteminin, heç vaxt güclü universitetləri ola bilməz.  Universitetlərin beynəlxalq rəqabət qabiliyyətinin aşağı olması, diplomların beynəlxalq tanınması ilə bağlı çətinliklər, elmi fəaliyyətin zəifliyi və akademik mühitin yetərincə inkişaf etməməsi artıq uzun illərdir müzakirə olunur. 
 
Müasir dünyada universitet yalnız diplom verən müəssisə deyil.  Bu günün universiteti  elmi mərkəz, innovasiya platforması, insan kapitalı fabriki, iqtisadi inkişafın mühərriki olmalıdır. Əgər universitetlər bu funksiyaları yerinə yetirə bilmirlərsə, problem yalnız ali təhsildə deyil, bütünlükdə  təhsil  sistemində  axtarılmalıdır...
 
Təhsilimizə etimad necə bərpa oluna bilər?..
 
Təhsil sistemində etimad inzibati göstərişlə formalaşmır. Etimad nəticələrlə qazanılır. Bunun üçün bir neçə strateji addım vacibdir.
 
1.Təhsil idarəetməsinin peşəkarlaşdırılması.  Təhsil sistemi səriştəsiz kadrlar və təsadüfi idarəetmə qərarları ilə deyil, elmi əsaslandırılmış siyasətlə idarə olunmalıdır.
 
2. Məktəb direktorlarının seçimi yenidən nəzərdən keçirilməlidir.  Direktor inzibatçı deyil, təhsil lideri, yaxşı müəllim, qayğıkeş rəhbər olmalıdır.
 
3.Müəllim peşəsinin nüfuzu yüksəldilməlidir.  Təhsil sisteminin keyfiyyəti müəllimin keyfiyyətindən yüksək ola bilməz.
 
4.Kurikulum və dərsliklər yenidən qiymətləndirilməlidir.  Məzmun bilik, bacarıq və milli-mənəvi dəyərlər arasında balans yaratmalıdır.
 
5.İctimai hesabatlılıq artırılmalıdır.  Təhsil sahəsində uğursuz qərarlara görə məsuliyyət mexanizmi işləməlidir.
 
6.İnsan kapitalı dövlət siyasətinin mərkəzinə çevrilməlidir. Post-neft dövründə ölkənin əsas sərvəti neft deyil, insan olacaq. Bu isə təhsilin keyfiyyətindən asılıdır.
 
Beləliklə görürük ki,  təhsil sahəsində sistem xarakterli, ciddi problemlər var. Bunlar təbii ki, təkcə son illərin deyil,  uzun müddət ərzində buraxılmış  səhvlərin nəticəsidir.  Azərbaycanın  təhsil sistemi  qarşısında duran əsas məsələ yeni məktəb binaları tikmək deyil, təhsil sisteminə ictimai etimadı qaytarmaqdır. Dövlət məktəbi elə bir keyfiyyət səviyyəsinə çatmalıdır ki, vəzifəsindən, gəlirindən və sosial statusundan asılı olmayaraq hər bir valideyn öz  övladını həmin məktəbdə oxutmağı nüfuzlu seçim hesab etsin… 
 
Təhsil sisteminin uğurunun ən obyektiv göstəricilərindən biri də məhz budur: sistemi idarə edənlər öz övladlarını həmin sistemə etibar edirlərmi?  Əgər cavab müsbət deyilsə, deməli, problem təkcə məktəblərdə deyil, bütövlükdə təhsil siyasətinin mahiyyətindədir. Azərbaycanın post-neft dövründə rəqabət qabiliyyəti, rəqəmsal transformasiyası və milli inkişaf perspektivləri  bu problemin həllindən asılı olacaqdır…"
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər