“Strategiya olmayan yerdə islahatlar çox ola bilər, amma inkişaf davamlı olmaz. Əsl inkişaf isə yalnız strateji düşüncə ilə mümkün olur, əks halda mənasız “PR”, pokazuxa və hay-küy olur...”
“Təəssüf ki, ölkəmizdə təhsil strateqləri, təhsil analitikləri çox azdır. Bu, təbiidir. Başqa sahələr də elə bu gündədir. Çünki...”
“Hər bir təhsil müətəxəssisi, alimi, eksperti də təhsil strategiyası yaza bilməz. Təhsil menecerlərimiz isə nəinki təhsil strategiyası yazmağa qadir deyil, heç onun əhəmiyyətini də düzgün qiymətləndirə bilmirlər...”
“Bir çox hallarda təhsil sistemində kurikulum dəyişir, qiymətləndirmə modeli dəyişir, qəbul qaydaları dəyişir, dərsliklər yenilənir, yeni layihələr həyata keçirilir. Lakin bu dəyişikliklərin çoxluğu strateji inkişaf göstəricisi hesab edilə bilməz...”
“Bəs bizim təhsil sistemi hansı insan modelini yaratmaq istəyir? Konkret insan modeli seçmədən nə təhsil strategiyası, nə təhsil siyasətini formalaşdırmaq mümkün deyil...”
“Azərbaycan təhsilinin 2040 və ya 2050-ci il üçün hər hansı insan modeli varmı? Əgər bu model mövcud deyilsə, onda kurikulum dəyişiklikləri, qiymətləndirmə sistemləri, rəqəmsallaşma layihələri bir-biri ilə əlaqəsiz taktiki addımlara çevrilir...”
Moderator.az aktuallığını nəzərə alaraq tanınmış təhsil eksperti İlham Əhmədovun Azərbaycanda elm və təhsilin problemləri barədə “Strategiyasız təhsil islahatları və inkişafın itirilmiş imkanları" başlıqlı növbəti elmi analitik məqaləsini dəyərli oxucuların müzakirəsinə buraxır:
“Strategiya olmadan taktika qələbəyə aparan ən yavaş yoldur. Taktika olmadan strategiya isə məğlubiyyətdən əvvəlki səs-küydür.” (Çin filosofu Sun Tzu)
Sun Tzunun bu fikri ilk baxışda hərbi sənətə aid görünsə də, əslində dövlət idarəçiliyinin, iqtisadiyyatın, biznesin və xüsusi ilə də təhsil sisteminin fundamental qanunlarından birini ifadə edir. Təhsilə tətbiq etdikdə bu tezis daha aydın görünür. Çünki hər bir təhsil sistemi iki əsas komponent üzərində qurulur: strateji baxış, taktiki fəaliyyət. Bunları yaratmaq üçün isə idarəçilərdə elm, peşəkarlıq və məsuliyyət hissi lazımdır...
Strategiya təhsilin hara getdiyini müəyyən edir. Taktika isə ora necə çatmağın yollarını göstərir. Əgər strateji məqsəd müəyyən edilməyibsə, ən uğurlu taktiki addımlar belə sistemli nəticə vermir.
Son onilliklər ərzində Azərbaycan təhsilinin inkişaf trayektoriyasına baxdıqda ciddi bir narahatlıq yaranır. Təhsil sistemində həyata keçirilən çoxsaylı islahatlar vahid milli strategiyanın tərkib hissəsi olub, yoxsa ayrı-ayrı taktiki qərarların məcmusu? Bu sualın cavabı ölkənin gələcək inkişafı baxımından həyati əhəmiyyət daşıyır…
Strategiya nədir və nə üçün vacibdir?..
Strategiya sadəcə fəaliyyət planı deyil. Strategiya gələcəyin modeli, prioritetlərin müəyyənləşdirilməsi, resursların istiqamətləndirilməsi, uzunmüddətli məqsədlərin sistemidir. Təhsil uzunmüddətli, fasiləsiz proses, ölkənin insan kapitalı yaradan sferası, milli təhlükəsizliyin vacib amili olduğu üçün bu sahə strategiyasız inkişaf edə bilməz. Hər bir təhsil müətəxəssisi, alimi, eksperti də təhsil strategiyası yaza bilməz. Təhsil menecerlərimiz isə nəinki təhsil strategiyası yazmağa qadir deyil, heç onun əhəmiyyətini də düzgün qiymətləndirə bilmirlər. Əks halda son 35 ildə heç olmasa bir dəfə normal təhsil strategiyası hazırlaya bilərdilər...
Təəssüf ki, ölkəmizdə təhsil strateqləri, təhsil analitikləri çox azdır. Bu, təbiidir. Başqa sahələr də elə bu gündədir. Çünki ölkədə strateji düşüncə sahibləri azdır. Strateji təfəkkürü olmayanlar ayri-ayrı sahələrdə milli inkişaf strategiyaları yaza və icra edə bilməzlər. Ona görə də bir çox sahələr üzrə hazırlanan strategiyalar zəif olur, ən yaxşı halda 50 % icra edilir...
Təhsil strategiyası nədir? Təhsil stratgiyası bu sferanın uzunmüddətli strateji inkişaf istiqamətlərini, onların reallaşması üçün zəruri addımlarını müəyyən edərək bu suallara cavab verməlidir:
1. 20 ildən sonra necə bir məzun yetişdirmək istəyirik?
2. Gələcəyin iqtisadiyyatı üçün hansı bacarıqlar vacib olacaq?
3. Gələcəyin iqtisadiyyatı üçün hazırlanan milli kadrlar hansı kurikiulumlar üzrə təhsil almalıdır?
4. Milli kimliklə qlobal rəqabət arasında balans necə qurulacaq?
5. Universitetlərin əsas missiyası nə olacaq?
6. Süni intellekt dövründə müəllim, məktəb, universitet, təhsil sistemi hansı funksiyaları yerinə yetirəcək?
Bu suallar cavablandırılmadan həyata keçirilən hər hansı təhsil islahatı taktiki xarakter daşıyır.
Taktiki addımların çoxluğu strategiya deyil…
Bir çox hallarda təhsil sistemində kurikulum dəyişir, qiymətləndirmə modeli dəyişir, qəbul qaydaları dəyişir, dərsliklər yenilənir, yeni layihələr həyata keçirilir. Lakin bu dəyişikliklərin çoxluğu strateji inkişaf göstəricisi hesab edilə bilməz. Əksinə, bəzən davamlı dəyişikliklər strategiyanın olmamasının əlaməti olur...
Strategiya olmayan mühitdə hər bir yeni rəhbərlik yeni prioritetlər müəyyən edir, yeni komanda yığır (əsasən də səriştəsiz komanda), hər yeni layihə əvvəlkini əvəz edir (sistemsizlik hiss edilir), sistem sabit istiqamət tapa bilmir. Nəticədə təhsil daim dəyişir, lakin inkişaf etmir. İllər gedir, maliyyə itir, irəliləyiş isə olmur...
Təhsil siyasətində ciddi problem gələcək modelinin olmamasıdır...
Müasir dünyada uğurlu təhsil sistemlərinin hamısının ortaq cəhəti var. Onlar əvvəlcə sual qoyurlar: “Gələcəyin insanı necə olmalıdır?” Bundan sonra onu yetişdirəcək təhsil modeli, məktəb modeli, müəllim hazırlığı, universitet sistemi, qiymətləndirmə mexanizmləri təyin edilir, yenidən qurulur. Məsələn: Finlandiya gələcəyin vətəndaşını mərkəzə qoydu, Sinqapur bilik iqtisadiyyatına uyğun insan kapitalı modelini seçdi, Cənubi Koreya texnoloji inkişafı təhsil strategiyasının əsas elementi etdi. Bu ölkələr əvvəlcə insan modelini müəyyən etdilər, sonra strategiyanı qurdular, daha sonra taktika seçdilər. Bəs bizim təhsil sistemi hansı insan modelini yaratmaq istəyir? Konkret insan modeli seçmədən nə təhsil strategiyası, nə təhsil siyasətini formalaşdırmaq mümkün deyil...
Azərbaycan təhsilində əsas sual...
Son 25-30 ildə ölkədə müxtəlif təhsil proqramları qəbul olunub. Lakin əsas sual açıq qalır: Azərbaycan təhsilinin 2040 və ya 2050-ci il üçün hər hansı insan modeli varmı? Əgər bu model mövcud deyilsə, onda kurikulum dəyişiklikləri, qiymətləndirmə sistemləri, rəqəmsallaşma layihələri bir-biri ilə əlaqəsiz taktiki addımlara çevrilir. Bu zaman sistem fəaliyyət göstərir, lakin istiqamət hissini itirir. Bu dəryada kompassız gəminin hərəkətini xatırladır. Belə gəmiyə heç bir külək səmt küləyi ola bilməz. Ona görə də nə TN, nə də ETN son 23 ildə keyfiyyətli insan kapitalı yarada bilmədi...
Süni intellekt dövründə köhnə yanaşmaların iflası...
Hazırda dünya yeni mərhələyə daxil olur. Süni intellekt məlumat əldə etməyi, analiz etməyi, yazmağı, proqramlaşdırmanı, tərcüməni avtomatlaşdırır. Belə bir şəraitdə ənənəvi təhsil modeli ciddi problemlə üzləşir. Çünki məktəblərin böyük hissəsi hələ də informasiyanın ötürülməsinə, əzbərləməyə, standart cavablara əsaslanır. Halbuki artıq informasiya deyil, onun tətbiqi dəyər yaradır. Bu səbəbdən gələcəyin təhsil strategiyası süni intellekt reallığını nəzərə almadan qurula bilməz. Amma rəqəmsal yetkinliyi olmayan təhsil sistemi rəqəmsal transformasiya edə bilməz. Bu işdə nə Microsoft, nə Open Aİ, nə də Google kimi qlobal şirkətlər ETN-ə yardımçı ola bilməz. Çünki, atalar demişkən, “quyuya su tökməklə, quyu dolmaz, quyunun özündə su olmalıdır.” Amma quyu çoxdandır boşdur...
Strategiyasız təhsil islahatlarının nəticələri...
Strategiya olmadıqda təhsil sistemində aparılan islahatların ciddi problemləri yaranır:
1. Resursların səmərəsiz istifadəsi. Maliyyə və insan resursları uzunmüddətli məqsədə deyil, ayrı-ayrı mənasız layihələrə yönəldilir (ETN-nin son 10 ildəki qrant və tenderlərinə diqqət etmək kifyətdir).
2. İslahat yorğunluğu. Müəllimlər və təhsil işçiləri davamlı dəyişikliklərə uyğunlaşmaq məcburiyyətində qalır. Lakin dəyişikliklərin məqsədi aydın olmadıqda motivasiya azalır, səmərəsi olmur, müəllimlər bütün bunlardan bezirlər...
3. Sistemli nəticələrin olmaması. Ayrı-ayrı uğurlar əldə olunsa da, bütövlükdə təhsil sistemi keyfiyyət sıçrayışı etmir. Çünki, islahatlar sistemsizdir.
4. Beynəlxalq rəqabət qabiliyyətinin zəifləməsi. Dünya sürətlə dəyişərkən strategiyasız təhsil sistemləri qlobal rəqabətdə geri qalır. Bizim universitetlərin vaxtı ilə bizimlə eyni start vəziyyətində olan Qazaxıstan universitetləri ilə müqayisəsi bunu sübut edir.
Yeni milli təhsil strategiyası necə olmalıdır?..
Yeni strategiya yalnız təhsil sənədi olmamalıdır. Bu strategiya ölkənin iqtisadi inkişaf modeli, texnoloji inkişaf perspektivləri, demoqrafik vəziyyəti, milli təhlükəsizlik maraqları ilə əlaqələndirilməlidir. Yeni təhsil strategiyası təhsil elmlərinin son nailiyyətlərinə əsaslanmalı, alim və ekspertlər qrupu tərəfindən hazırlanmalı, peşəkarlar tərəfindən icra edilməlidir…
Yeni təhsil strategiyanın əsas istiqamətləri aşağıdakılar ola bilər:
İnsan kapitalının inkişafı. Təhsil sisteminin əsas məqsədi diplom deyil, yüksək keyfiyyətli insan kapitalı yaratmaq olmalıdır…
Süni intellekt savadlılığı. Bütün təhsil pillələrində Sİ ilə işləmə bacarıqları formalaşdırılmalıdır.
Tənqidi düşüncə. Məktəb informasiya ötürən deyil, düşünməyi öyrədən məkana çevrilməlidir.
Müəllimin yeni rolu. Müəllim bilik mənbəyi deyil, mentor və düşüncə bələdçisi olmalıdır. Müəllimin nüfuzu yüksəldilməli, sosial durumu yaxşılaşdırılmalı, müəllimlərin cərimələnməsi kimi biabrçılıqlar ləğv edilməlidir. Müəllimə dəyər vrməyən təhsil sistemləri, təhsil menecerləri nə təhsilə, nə də gənc nəslə fayda verəbilməzlər…
Rəqəmsal təhsil ekosistemi. Təhsil məkan və zaman məhdudiyyətlərindən çıxmalıdır…
Elmlə iqtisadiyyatın inteqrasiyası. Universitetlər əmək bazarı və innovasiya sistemi ilə birbaşa əlaqələndirilməlidir.
Təhsil siyasətində əsas dəyişiklik nə olmalıdır?
Ən vacib dəyişiklik idarəetmə fəlsəfəsində baş verməlidir. Təhsil siyasəti hadisələrə reaksiya verməkdən, problemləri sonradan həll etməkdən çıxaraq gələcəyi qabaqlayan, proqnozlaşdıran, strateji yanaşmaya keçməlidir. Çünki XXI əsrdə uğurlu ölkələr dəyişikliklərə uyğunlaşan deyil, dəyişiklikləri əvvəlcədən hazırlayan ölkələr olacaq...
Sun Tzunun minilliklər əvvəl strategiya və taktika haqqında söylədiyi fikir bu gün Azərbaycan təhsili üçün çox aktualdır: “Strategiya olmadan taktika qələbəyə aparan ən yavaş yoldur.”
Əgər təhsil sisteminə vahid, uzunmüddətli baxış yoxdursa, ən yaxşı layihələr və ən uğurlu taktiki qərarlar belə gözlənilən nəticəni verməyəcək...
Təhsil təsadüfi qərarlarla deyil, gələcəyin aydın modeli üzərində qurulmalıdır. Çünki təhsil yalnız bu
günün deyil, sabahın cəmiyyətini formalaşdırır. Strategiya olmayan yerdə islahatlar çox ola bilər, amma inkişaf davamlı olmaz. Əsl inkişaf isə yalnız strateji düşüncə ilə mümkün olur, əks halda mənasız “PR”, pokazuxa və hay-küy olur...