Bizi sosial şəbəkələrdən izləyin:
Türkiyənin nüfuzlu ali təhsil ocaqlarından biri olan Qazi Universitetinin təmsilçiləri Azərbaycanla təhsil əməkdaşlığını genişləndirməyi hədəfləyir.
Moderator.az xəbər verir ki, bu il 100 illik yubileyini qeyd edən Qazi Universitetinin nümayəndə heyəti Azərbaycana səfərə gəlib. Nümayəndə heyətinə Türk dili mərkəzinin direktor müavini Professor Mustafa Kurt və universitetin Kadrlar şöbəsinin müdiri Emre Yıldırım daxildir. Onlar türk dili imtahanlarının təşkili və yerli təhsil qurumları ilə əməkdaşlıq imkanlarının müzakirəsi məqsədilə Bakıda bir sıra görüşlər keçirirlər.
Səfər çərçivəsində Qazi Universiteti, Avrasiya Danışmanlıq və ”Big Time Education”-un birgə təşkilatçılığı ilə TÖMER imtahanının təqdimat mərasimi də keçirilib. Tədbirdə çıxış edən ”Big Time Education” şirkətinin rəhbəri Ülviyyə Filiyeva layihənin məqsədləri barədə məlumat verərək bu əməkdaşlığın təhsil sahəsinə mühüm töhfə verəcəyini bildirib.
Azərbaycan Milli Olimpiya Komitəsinin Atletlər Komissiyasının üzvü Rəsul Çunayev gənclərin beynəlxalq təhsil imkanlarına çıxışının vacibliyini vurğulayıb.
Avrasiya Danışmanlık firmasının rəhbəri İlqar Süleymanov Qazi Universiteti ilə əməkdaşlığın əhəmiyyətini qeyd edərək universitetin zəngin təcrübəsinin Azərbaycana gətiriləcəyini bildirib.
Qazi Universitetinin nümayəndəsi Mustafa Kurt isə Azərbaycan-Türkiyə təhsil əlaqələrinin sürətlə inkişaf etdiyini vurğulayaraq TÖMER imtahanlarının təşkil olunacağını və əldə olunan sertifikatların Türkiyənin bütün universitetlərində keçərli olacağını deyib.
Eyni gün keçirilən təhsil sərgisində Qazi Universitetinə böyük maraq göstərilib. Tələbələr və valideynlər universitetdə təhsil almaq istədiklərini bildirərək stendə intensiv şəkildə yaxınlaşıb, onlara ətraflı məlumat verilib.
Bildirilib ki, yaxın zamanda Bakıda Qazi Universitetinin rəsmi imtahan mərkəzi fəaliyyət göstərəcək. Bu mərkəzdə mütəmadi dərslər keçiriləcək və TÖMER imtahanları təşkil olunacaq.
Səfər çərçivəsində, gənc idmançıların Türkiyədə təhsil imkanlarının genişləndirilməsi istiqamətində Milli Olimpiya Komitəsinin Atletlər Komissiyası ilə də görüşlərin keçirilməsi nəzərdə tutulur.
Tədbirin sonunda tərəfdaş qurumlara sertifikatlar təqdim olunub.